Yuxarı

Bu gün AXCP “Vahid Qərar Şurası”nın Məşvərət Məclisi yaradılacaq

Bu gün AXCP “Vahid Qərar Şurası”nın Məşvərət Məclisi yaradılacaq

Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir ki, öz həllini tapmaması cəmiyyətdə bir inamsızlıq yaradıb. Bu münaqişənin öz həllini tapması üçün isə bütün Azərbaycan səfərbər olmaldır. Azərbaycan Xalq Cəbhəsi Partiyası da (AXCP) bunu nəzərə alaraq “Vahid Qərar Şurası”nın yaradılması təklifini verib. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalardan ilk dəfə olaraq AXCP məhz Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təkliflər hazırlayaraq hökumətə və ictimaiyyətə təqdim edib. AXCP-nin təklif etdiyi “Vahid Qərar Şurası” ilk növbədə dövlətin və millətin maraqlarına cavab verir.

Belə ki, AXCP Qarabağ danışıqları ilə bağlı Azərbaycan dövlətinin maraqlarının təmin olunması, Azərbaycan dövlət başçısının danışıqlarda xalqımızın bütün təbəqələrinin maraq və istəklərini özündə ehtiva edən mövqe sərgiləməsi üçün “Vahid Qərar Şurası”nın yaradılması təklifini irəli sürüb.

“Vahid Qərar Şurası”nın ilk ictimai müzakirəsi isə 29 aprel tarixində Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirilib. Həmin tədbirdə iştirak edən müstəqil ekspertlər, siyasi partiya funksionerləri, ziyalılar, alimlər və digər qonaqlar AXCP-nin “Vahid Qərar Şurası” təklifini yüksək qiymətləndirdiklərini vurğuladılar.

AXCP “Vahid Qərar Şurası”nın növbəti ictimai müzakirəsini isə 15 iyul tarixində Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirəcək. Partiyadan Cebhe.info-ya daxil olan məlumata görə budəfəki tədbirdə iştirak üçün Prezident Aparatına, Milli Məclis üzvlərinə, ictimai-siyasi təşkilatlara, siyasi partiyalara, KİV nümayəndələrinə və o cümlədən elmi-ədəbi yaradıcı qurumlara dəvət göndərilib.

AXCP-dən həmçinin bildirilir ki, tədbirdə “Vahid Qərar Şurası”nın Məşvərət Məclisi yaradılacaq.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları