Yuxarı

Referendumdan əvvəl dialoq baş tuta bilərmi?

Referendumdan əvvəl dialoq baş tuta bilərmi?

Aydın Mirzəzadə: “YAP müzakirəyə hazırdır”

Vüsal Qarayev: “İqtidar müxalifəti ciddiyə alıb, onunla qarşı-qarşıya oturmağı özünə sığışdırmır”

Əli Əliyev: “Referendumu səssiz formada keçirmək istəyirlər”

Azərbaycan hakimiyyəti və müxalifəti arasında dialoqun keçiriləcəyi ilə bağlı məlumat yayılıb. Gələn məlumatlara görə, müxalifəti təmsil edən bir sıra siyasi partiyalar dialoq üçün hakimiyyətə müraciət etməyə hazırlaşırlar. Bildirilir ki, hakimiyyətin Konstitusiya dəyişikliyinə etiraz edən həmin siyasi qurumlar bu görüşdə iqtidarla ortaq dil tapmağa çalışacaqlar. Digər mənbələr dialoq təklifinin əslində, hakimiyyətin özündən gəldiyini iddia edirlər. Qeyd olunur ki, iqtidar həmin dialoqdan istifadə edərək referendum lobbiçiliyini həyata keçirməyə çalışacaq. Narazı müxalifətlə dil tapmaq istəyən hakimiyyətin əsas məqsədinin də bu dialoqla referendumun keçirilməsi üçün daha sakit zəmin yaratmaq olduğu deyilib. Bildirilir ki, referendumdan əvvəl keçirilməsi planlaşdırılan bu dialoq həmçinin Konstitusiya dəyişikliyinin dövlətin inkişafına təsiriylə, o cümlədən və iqtidar - müxalifət münasibətlərinin sivil formaya gətirilib davam etdirilməsi ilə bağlı olacaq.

“YAP dialoqa hazırdır”

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “Cümhuriyət”ə keçirilməsi gözlənilən iqtidar - müxalifət dialoqu barədə danışıb. A.Mirzəzadə bildirib ki, referendumdan əvvəl iqtidar - müxalifət dialoqunun keçirilməsi ilə bağlı hansısa təklif yoxdur: “Hal-hazırda referenduma hazırlıq gedir. Partiyalar Seçki Məcəlləsi çərçivəsində öz fəaliyyətlərini qururlar. Müxalifətlə dialoqa gəlincə, Yeni Azərbaycan Partiyası həmişə dialoqa hazırdır, mövzu məhdudiyyəti yoxdur. Hansısa təşkilat, yaxud təşkilatlar bu məsələni YAP-la müzakirə etmək istəsələr, heç vaxt narazılıq ola bilməz”.

AXCP-dən dialoqa dəstək

AXCP-nin mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət”ə müxalifət - iqtidar dialoqunu dəstəklədiyini deyib. V.Qarayev qeyd edib ki, sivil mübarizə mühitinin formalaşdırılması üçün bu, ideal variantdır: Əlbəttə görüş, dialoq bunlar yaxşıdır. Biz AXCP olaraq, hər zaman iqtidar - müxalifət dialoqunun vacibliyini vurğulamışıq. Və bu gün Azərbaycanda əsas problemlərdən biri məhz budur: müxalifətlə iqtidar arasındakı uçurum. Biz sivil mübarizədən yanayıq. Lakin məsələ burasındadır ki, belə görüşlər öncələr də olub, amma nəticə əldə edilməyib. Çünki bu görüşlər yalnız formal xarakter daşıyıb, xalqın deyil, hansısa maraqlara xidmət edib. Çünki, hakimiyyətlə normal dialoq qurub, masa arxasında onlara təzyiq göstərəcək güclü müxalifət olmayıb. İqtidar da müxalifəti ciddiyə alıb, onlarla qarşı-qarşıya oturmağı özünə sığışdırmır. Sadəcə bəzən ictimai, beynəlxalq rəyi öz xeyrinə formalaşdırmaq xətrinə buna gedir. Baxın, niyə indi, məhz referendum öncəsi dialoq yada düşdü? Bu təsadüf deyil. Düşünürəm bu görüş də sadəcə ictimai, beynəlxalq rəyi yönəltməyə planlaşdırılıb.

Amma istənilən halda biz ana müxalifət olaraq hökumətlə görüşə, dialoqa hər zaman hazırıq. Bu məsələdə potensialımıza güvənirik. Bu dialoqlarda bizim başlıca, ən vacib mövzumuz xalq və dövlətçiliyimizin maraqları olacaq. Hələ bir müddət öncə AXCP-nin “Vahid Qərar Şurası” təklifində iqtidar-müxalifət görüşünün vacibliyini vurğulamışdıq”.

“Hakimiyyətin maraqlarına xidmət edir”

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Cümhuriyət”ə iqtidar - müxalifət dialoqunun baş tutmasına inanmadığını bildirib. Ə.Əliyev hakimiyyətin referendum qərarının doğru olmadığını vurğulayıb: “Dövlətin çıxarlarını düşünən müxalifət hakimiyyətin bu referendum kampaniyasından narazıdır. Konstitusiyaya əlavə ediləcək dəyişikliklərin hamısı hakim komandanın maraqlarına xidmət edir. Bu zəmində dialoqun baş tutmasına inanmıram”.

“İnsanların referendumdan xəbərləri yoxdur”

Azərbaycan Demokrat Partiyası sədrinin müavini Taliyət Əliyev “Cümhuriyət”ə deyib ki, yay aylarına görə siyasi düşərgədə də süstlük hökm sürür. T.Əliyev qeyd edib ki, həmişə yay aylarında cəmiyyət və siyasi düşərgələr arasında passivlik olub: “Sanki iqtidar da bundan istifadə edir. Əlbəttə, hakimiyyətin bu təşəbbüsü yay aylarında irəli sürməsi də təsadüf deyil. İnsanların başları istiyə, özlərinə qarışıb və cəmiyyətin əksəriyyətinin bəlkə də heç bundan xəbəri yoxdur. İqtidar zaman-zaman bu cür variantlara əl atıb. İndi də iqtidar bu referendumu səssiz formada keçirmək istəyir. Güman etmirəm ki, Azərbaycan hakimiyyəti bu referendumdan əvvəl dialoq təşəbbüsünü irəli sürsün. Görünən budur ki, hakimiyyət vətəndaşların bundan xəbərləri olmadan öz siyasi məqsədlərini həyata keçirmək istəyir. Bu gün eyni zamanda müxalifət daxilində pərakəndəlik hökm sürür. Bu kimi faktorlar da iqtidarın lehinədir. Nəticədə əlverişli şəraitdən istifadə edir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları