Yuxarı

AXCP sədri: “Əbülfəz Elçibəy böyük şəxsiyyət və böyük bir öndər idi”

AXCP sədri: “Əbülfəz Elçibəy böyük şəxsiyyət və böyük bir öndər idi”

Bu gün Azərbaycanın ilk prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin ölümündən 16 il keçir. 

AXCP sədri Razi Nurullayev Milli Azadlıq Hətəkatının lideri Əbülfəz Elçibəyi böyük şəxsiyyət və öncüllük lideri adlandırıb:

“Bu gün Azərbaycanın ilk prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy 16 ildir ki, aramızda yoxdur. Onun ölümündən sonra xalqı toparlaya bilən, öncüllük edən və səmimi liderlik xüsusiyyətləri göstərən bir müxalifət lideri yetişmədi. Başları bir-birini didməyə, şər atmağa, ləkələməyə və boş yerdən təkbaşına liderlik çəkişməsinə qarışdı. On ildən çox müddət ərzində xalqı da, milləti də, fəalları da, sadə insanları da siyasətdən iyrəndirə bildilər. Xalqın siyasətə inamını qırdılar. İnamı qırılmış xalqın müqayisə etmək imkanı yarandı. Müqayisə etdi və Elçibəyin böyüklüyü qarşısında baş əydi. Bəli, Əbülfəz Elçibəy böyük şəxsiyyət və böyük öndər idi”.

Razı Nurullayev qeyd edib ki, bu gün Elçibəyin səmimiyyətini və öncüllüyünü daşımaq üçün AXCP-ni yeni sifət və yeni formatda təqdim etməyi bacardılar:

“Xalqa yeni mesajlar, yeni yanaşmalar və yeni siyasət verməyə çalışırıq. Qırılmış inamı bərpa etmək çətin olsa da, bu yola qədəm qoymuşuq və nəticə olacağına da inanırıq. Rəhmətlik Elçibəy nə çox danışar, nə də lazımsız yerə çox qışqırardı. Nə lazımsız yerə adamlar həbs etdirər, nə də məntiqsiz vədlər verərdi. O, sadəcə, böyük arzularını dilə gətirərdi və bu gün də o arzularını dilə gətirdiyi üçün onu tənqid edən insanlar var. Amma, unudurlar ki, onun arzu və istəkləri üzərində qurulmuş hərəkatlar, birliklər və digər qurumlar var. Tənqid etmək asan, amma bir cümlə müdrik söz düşünüb tapmaq belə çətindir. Öz yersiz və nəticə doğura bilməyən, o cümlədən vaxtsız-zamansız siyasi iddiasını boğub, insanları həbsdən azad etmək hər kəsin işin deyil. Bu gün də "Yurd" sədri Əli Kərimli özünün ambisiyalarına hakim kəsilməyərək, insanları həbsxanalara doldurmağa davam edir.

Bu gün hamımız dərk edirik ki, zaman o zaman deyil. Bu siyasi həbslər ölkədə dirəniş və müqavimət yarada bilmir, əksinə üzdə olan siyasi fəlları da silir. Biz dərk edirik ki, 26 sentybar referendumunu dayandıra bilmərik. Bunun üzərində qəhrəmanlıq qurmaq lazım deyil. Mitinq belə keçirmək üçün yetərincə dəstək yoxdur. Belə bir vəziyyətdə sosial şəbəkələr üzərindən mitinq, "yıxacağam-kəsəcəyəm" deyib, insanları həbs etdirmək lazım deyil. Zaman o zaman deyil. Qəza keçirmiş və fiziki gücünü itirmiş xəstəni birbaşa velosipedə mindirib, “pedalı fırla, yarışa çıx, birinci yeri tut” demək olmaz. Onun əlindən tutub yatmış damarlarını hərəkətə gətirmək lazımdır. Biz bu işlə məşğuluq. Daha sizlər kimi qəza keçirmiş xəstəni velosipedə mindirib, “yarışı ud” demirik. Həm də siz heç onun velosipedindən da yapışmırsınız, əksinə avtomobilin şüşəsini endirərək, üstünə qışqırırsınız ki, mətanətli ol, dözümlü ol, yıxılma, yarışı qazan. O da bir-iki metr getməmiş yeni qəza keçirir. Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir. Əbülfəz Elçibəy belə etməzdi. Biz ondan qıdalanır və ondan ruh alırıq. Allah Böyük Bəyə rəhmət eləsin”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları