Yuxarı

Siyasilər mitinqi boykot edir

Siyasilər mitinqi boykot edir

Tural Abbaslı: “Mitinqdə iştirak etməyəcəm”

Ramil Hüseynov: “Mən mitinqlərə qatılmayacam”

Xəzər Teyyublu:“Bakıda olmadığım üçün gedə bilməyəcəm”

Taliyət Əliyev: “Həmin gün rayonda olacam”

Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın sentyabrın 11-nə təyin etdiyi mitinqə razılıq verib. Milli Şuranın mitinq qərarına demək olar ki, heç bir partiyadan dəstək gəlmədi. Maraqlıdır ki, siyasilər kütləvi aksiyalara maraq göstərmir. Bununla əlaqədar partiyalarda sorğu keçirdik və məlum oldu ki, Milli Şuraya heç kim dəstək verməyəcək.

Ağ Partiyanın sədri Tural Abbaslı mitinqlərə qatılmayacağını dedi: “Bizim təmsil etdiyimiz bir qurum var və bununla da fərdliyimizi dolayısı yolla itirmiş oluruq. Amma partiya üzvlərinin fərd olaraq mitinqlərə qatılmasına etiraz etmirik. Mən özüm isə partiyanın başqanı kimi istəsəm də fərd olaraq qatıla bilmərəm. Çünki mənim orada olmağım partiyanın orada olması anlamına gəlir. Buna görə də mitinqlərdə iştirak etməyəcəm”.

Vətəndaş və İnkişaf Partiyası (VİP) İcra Aparatının rəhbəri Ramil Hüseynov da mitinqlərə qatılmayacağını dedi: “Xeyr. Mən fərd olaraq həmin mitinqə qatılmayacam”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu bildirdi ki, KXCP boykot qərarı verib. KXCP yetkilisi deyib ki,  Bakıda olmadığı üçün mitinqlərdə iştirak edə bilməyəcək: “Biz bu mitinqin təşkilində iştirak etmirik. Sadəcə olaraq bizim də partiya olaraq referendumu boykot etmək haqqında qərarımız var. Əgər elə bu mitinq də referendumla bağlıdırsa, bizim partiyanın üzvlərinin də iştirakında var. Kimin vaxtı, imkanı olacaq gedib iştirak edə bilər. Mən özüm isə Bakıda deyiləm. Ona görə də iştirak etməyəcəm”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyət Əliyev də həmin gün Bakıda olmayacağını qeyd etdi. O, əlavə etdi ki, əgər Bakıda olsa, iştirak edəcək: “Bizim partiya bu mitinqin təşkilatçısı deyil.

Ötən  həftə bu məsələni İdarə Heyətində müzakirə etdik,  partiya olaraq bu mitinqlərdə iştirak etməmək qərarını verdik. Amma bu mitinqlərdə partiya üzvlərimizin iştirakını da məqbul hesab edirik. Çünki hər bir şəxsin təklikdə və birlikdə sərbəst toplaşmaq azadlığı var və bu onların konstitusion haqqıdır.

Biz partiya olaraq mitinqlərə qoşulmasaq da partiya üzvlərinin bu hüququnu məhdudlaşdıra bilmərik. Həmin gün bayram gününə düşür. Mən Bakıda olsam, yəqin ki, iştirak edərəm. Amma mən bayramla əlaqədar rayona gedirəm və yəqin ki, iştirak edə bilməyəcəm”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları