Yuxarı

Müxalifətin birlik planını Əli Kərimli pozdu

Müxalifətin birlik planını Əli Kərimli pozdu

Rövşən Dəmirli: “Cırtdan təşkilatları gördü, bizi yox”

Rahib Mirələmov: “Bizə qarşı qısqanclıq etdilər”

Milli Şuranın 11 sentyabr mitinqi Müsavat - “Yurd” münasibətlərinin hələ də gərginlikdə qaldığını göstərdi. Müsavat mitinqdən əvvəl məclis səviyyəsində mitinqə dəstək verəcəyini elan etsə də “Yurd” sədri Əli Kərimli tribunadan bu məsələnin üzərindən səthi keçdi, demək olar ki, müsavatçıların meydanda olduqlarını yaddan çıxardı. Lakin meydandakı elektoratın müəyyən qismini elə Müsavat üzvləri təşkil edirdilər.

Lakin buna baxmayaraq, Milli Şura Müsavatın sentyabrın 18-də “Məhsul”da keçirəcəyi mitinqdən bir gün əvvələ - ayın 17-nə mitinq təyin etdi. Bu o deməkdir ki, nə Milli Şura, nə də “Yurd” Müsavatın mitinqinə dəstək verməyəcək. Çünki buna Milli Şura və “Yurd”un elektorat səviyyəsində gücü çatmır. Zatən, öz mitinqlərini çətinliklə yola verirlər. Digər yandan Müsavatdan fərqli olaraq, Milli Şuranın mitinqləri pulludur. Təşkilatın “Məhsul”dakı nümayişlərinə kənardan 100 min dollar ayrıldığı hər kəsə məlumdur. Gələn məlumatlara görə, 11 sentyabr mitinqinin izdihamlı baş tutması üçün Əli Kərimli ayrılmış 100 min dolların 30 minini buna xərcləyib.

Müsavat rəhbərliyi də Əli Kərimlinin soyuq münasibətlərinə baxmayaraq, buna görə ona yaltaqlanır ki, hazırkı situasiyada o müəyyən kanallar vasitəsilə Müsavatın mitinqinə adam cəlb edə bilər. Partiya sentyabrın 18-də meydana 2-3 min nəfərin çıxacağına ümid edir, buna görə də Milli Şuranın mitinqinə dəstək verdi ki, eyni addımı qurum ona qarşı da atsın. Lakin Əli Kərimli köhnə ampulasındadır, Müsavatla əzəli rəqabəti və düşmənliyi unutmur.

Əli Kərimliyə 100 min dolları kim verib?

Təşkilatların biri-birlərinin mitinqlərinə dəstək verməməsi, üstəgəl bir gün fərqlə ayrı-ayrı tarixlərə təyin etmələri onu göstərir ki, “Yurd” - Milli Şura tandemi referendumun ölkədə yaratdığı həssas situasiyanı nəzərə alaraq, müxalifəti bitirmək planının son mərhələsini oynayır. Belə olmasaydı, hakimiyyəti geri addım atdırmaq üçün mitinqlər birgə şəkildə keçirilərdi. Amma Əli Kərimli buna yaxın gəlmir. Bu da o iddianı ortaya çıxarır ki, “Yurd” sədri mitinqləri təşkil etmək üçün 100 min dolları ABŞ və Qərbin bir sıra siyasi dairələrindən, maliyyə fondlarından yox, elə daxili siyasi qüvvələrin - hakimiyyətin özündən alıb. Bu maddi vəsait Əli Kərimliyə, başqa adla Milli Şuraya ona görə ayrılıb ki, müxalifət partiyalarının birgə mitinq keçirmək planlarını pozsun. Bu, ölkəni bütün istiqamətlərdə bürüməsi ehtimal olunan etiraz nümayişlərinin qarşısını almağa da xidmət edir. Müsavat ciddi-cəhdlə çalışdı ki, 18 sentyabr mitinqini müxalifət birgə keçirsin, amma Əli Kərimli bu planı pozdu. Hətta 11 sentyabr mitinqində iştirak edən ayrı-ayrı siyasi partiyalar və təşkilatların adları vurğulanmadı.

ADR Hərəkatı: “Əli Kərimli qısqandı”

“Yurd” sədrinin nümayişdə iştirak edən ADR Hərəkatının adını çəkməməsi hərəkatın narazılığına səbəb oldu. ADR Hərəkatının təşkilati məsələlər üzrə departamentinin rəhbəri Rövşən Dəmirli “Yurd” sədri Əli Kərimliyə öz etirazını bildirdi: “Əli Kərimli mitinqdə iştirak edən ADR Hərəkatı üzvləri haqqında heç nə demədi. Doğrudanmı Əli bəy durduğu “hündür zirvədən” cırtdan təşkilatların üzvlərini görürdü, amma bizləri yox?”.

Digər hərəkat üzvü Rahib Mirələmov isə Əli Kərimlinin bu addımını qısqanclıqla əlaqələndirdi: “Mitinqdə adı olub, özü olmayan təşkilatların bir çoxunun adı çəkildi, ADR Hərəkatından başqa. Bunu texniki, yaxud mexaniki bir səhv kimi yox, qısqanclıq kimi dəyərləndirirəm”.

Müsavatdan Əli Kərimliyə sərt təpki

Əli Kərimlinin Müsavatın adını çəkməməsi bu partiyanın da narazılığına səbəb olub, üstəgəl təşkilatların ayrı-ayrı tarixlərə mitinq təyin etmələri iki siyasi qurum arasında gərginliyə səbəb olub. Müsavat funksionerləri Milli Şura və “Yurd”un birlikdə mitinq təşkil etmək təklifinə qarşı çıxmalarının qəbuledilməz olduğunu bildiriblər. Müsavatçılara görə, Milli Şuranın fərdi şəkildə mitinq keçirməsi müxalifətin ümumi işini pozmağa və demokratik düşərgənin parçalanmasına hesablanıb. Bir sıra partiya funksioneri isə bunu “Yurd” sədri Əli Kərimlinin qısqanclığı və müxalifət qarşısında əzələ nümayişi kimi qəbul etdiklərini bildirir. Hesab olunur ki, hakimiyyətin Konstitusiya dəyişikliyi layihəsindən istifadə edən Əli Kərimli imitasiya edərək, özünü cəmiyyətə müxalifətin “yeganə lideri” kimi göstərməyə çalışır.

Meydan niyə Əli Kərimliyə verilib?

“Yurd” və Milli Şura yetkililəri bunu “texniki səhv” kimi qələmə versələr də məsələnin kökündə qısqanclıqla yanaşı, müxalifətin bir araya gəlməsinin qarşısının alınması üçün oynanılan siyasi oyun var. Heç REAL Hərəkatı   əvvəldən dəstək elanı versə də mitinqdə hərəkatdan heç kəs iştirak etmədi. Müxalifətin digər siyasi partiyaları da meydandan yox idilər. Etiraz meydanını tamamilə Milli Şura və Əli Kərimliyə verən hakimiyyət heç bir halda demokratik düşərgəyə etiraz şəraiti yaratmaq niyyətində deyil. Milli Şuranın qısa fasilələrlə mitinq keçirməsi də ona hesablanıb ki, Bakıda müxalifətin etirazı üçün ayrılan yeganə məkanda nümayiş keçirmək imkanı olmasın.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları