Yuxarı

Qorxu, laqeydlik, yoxsa inamsızlıq

Qorxu, laqeydlik, yoxsa inamsızlıq

Rafiq Daşdəmirli: “Tədbir görülməsə, qida çatışmazlığı ilə üzləşəcəyik”

Hikmət Hacızadə: “Aktiv insanlarımız xaricdədir, burada olanlar da türməyə düşməkdən qorxurlar”

Milli Şura və Müsavat Partiyası “Məhsul” stadionunda bir-birinin ardınca icazəli mitinqlər keçirdi. Azsaylı iştirakçı ilə keçirilən aksiyada ölkənin gündəmini məşğul edən əsas problemləri dilə gətirildi.

Bir həftə ərzində 3 dəfə keçirilən mitinqlərdə az sayda insanın iştirakı siyasət adamlarını da düşündürür. Hesab edirlər ki, bu formada hakimiyyəti problemləri həll etmək üçün yol axtarmağa məcbur etmək mümkün deyil. Həmçinin mitinqlərin ayrı-ayrı tarixlərə təyin olunmasının da ənənəvi müxalifət düşərgəsi və onları dəstəkləyənlər daxilində parçalanma yaratdığı, bunun da ölkənin problemlərini həll etmək üçün yardımçı vasitə funksiyası üçün yetərsiz olduğuna diqqət çəkilir. Hesab olunur ki, keçirilmiş və keçirilməsi planlaşdırılan etiraz nümayişləri bu məsələlərin həlli baxımından müsbət heç nə vəd etmir.

“Mitinq əvəzinə dialoq keçirilsin”

AXCP funksioneri Rafiq Daşdəmirli Cebhe.info-ya deyib ki, Milli Sura sentyabrın 11 və 17-də, Müsavat Partiyası isə ayın 18-də “Məhsul” stadionunda mitinq keçirib. R.Daşdəmirli qeyd edib ki, siyasi qurumlar referenduma etirazla yanaşı, ölkənin sosial problemlərini də qabardıblar: “Bunlardan öncə də mitinqlər olub, amma bu, heç nəyi dəyişməyib. Narazı insanlar mitinqə qatılmaqla nəyinsə dəyişəcəyini ehtimal etsələr də, ancaq belə mitinqlər heç nəyi dəyişməyib və dəyişməyəcək. İnsanların banklara borcu 10 milyard manatdan çoxdur. Ərzaq məhsulları nəinki günbəgün, hətta hər saat bahalaşır. Gənclər üçün nəzərdə tutulmuş sosial ipotekadan xəbər belə yoxdur. Manat dəyərdən düşməkdə davam edir. Səhiyyə və təhsil sektorlarında vəziyyət uçuruma doğru gedir. İnsanların vəziyyəti hər gün daha da pisləşir. Məmur özbaşınalığı, onların insanlara yuxarıdan aşağı baxmaları hər kəsi bezdirib. Ən sadə sosial problemlər həll olunmur. Belə bir zamanda mitinqə gedənlərlə getməyənlər arasında əks qütblük yaranıb. Belə formatla mitinqdə iştirakla heç nəyə nail olmaq mümkün deyil”.

AXCP yetkilisi qeyd edib ki, hökumətə xalqın ən azı 20-30%-ni meydanlara çıxarmaqla təsir etmək mümkündür: “Biz AXCP olaraq, əhalinin sosial problemlərini həll etmək üçün hökumətə təkliflərlə çıxış etmişdik. Müəyyən məsələlərdə bizim təkliflərimiz nəzərə alınsa da, təəssüflər olsun ki, hələ də təkliflərimizin əksəriyyəti paket olaraq nəzərdən keçirilib. İnsanların sosial problemlərini həll etməyin tək yolu mitinq deyil, daha yaxşı olar ki, mitinq əvəzinə dialoqa üstünlük verilsin. Siyasi və iqtisadi islahatlar olsun. Əks təqdirdə vəziyyət daha da pisləşəcək. Orta təbəqə tam olaraq yoxa çıxacaq. Onda kasıb təbəqə ilə orta təbəqənin birləşməsi isə xaosa gətirib çıxaracaq. Günü bu gündən tədbirlər görülməsə, 2017-ci il daha pis olacaq, ölkədə qida çatışmazlığı yarana bilər”.

“İki dəfə qışqırıb yorulmuşuq”

Politoloq Hikmət Hacızadə Cebhe.info-ya deyib ki, kütləvilik olacağı təqdirdə hakimiyyətə təsir etmək mümkündür. H.Hacızadənin sözlərinə görə, tarixi təcrübə də göstərir ki, bir sıra hallarda mitinqlər problemlərin həll olunmasında müstəsna əhəmiyyətə malik olub: “Mitinqlərdə kütləvilik olsa, geniş miqyası əhatə etsə, problemləri həll etmək mümkündür. Dünyanın bir çox ölkəsində də ölkənin gündəmini məşğul edən məsələlər nümayişlər yoluyla həll olunur. Mitinqlər və nümayişlər yoluyla hökumətə, cəmiyyətə göstərilib ki, problemlər var, dəyişiklik etmək lazımdır. Mitinqlər nə qədər bol olarsa, basılmaz vətən”.

İnsanların mitinqlərə qoşulmamasına gəlincə, Hikmət Hacızadə bunu vətəndaşların qorxması ilə əlaqələndirib: “İnsanlar qorxurlar, ümidsizlik içindədirlər, aktiv insanlarımız xaricdədir, burada olanlar da türməyə düşməkdən qorxurlar. Amma başqa millətlərin tarixinə baxmaq lazımdır. Fransa 100 il demokratiya uğrunda döyüşüb, tarixdə 5 inqilab edib. 700 il də İngiltərə parlament uğrunda monarxiyaya qarşı vuruşub. Biz də iki dəfə çıxıb, qışqırmışıq, indi də yorulmuşuq. Belə olmaz axı”.

Mənsur





Həftənin ən çox oxunanları