Yuxarı

Əli Kərimlidən siyasi iflasının etirafı

Əli Kərimlidən siyasi iflasının etirafı

“Yurd”çu Milli Şuranın mitinqlərinin uğursuz olduğunu boynuna aldı

“Xahiş edirəm ki, sualıma səmimi cavab verəsiniz, Milli Şuranın sentyabr mitinqlərində 40-50 min nəfər “Monarxiyaya yox!” deyib, “Talana son!” tələb etsəydi, hakimiyyət oktyabrın ilk günlərindən belə ciddi qiymət artımına getməyə cəsarət edərdimi?”. Etiraf “Yurd” sədri, Milli Şuranın mitinqlərinin təşkilatçısı Əli Kərimliyə məxsusdur.

Acı etiraf

Hələ Milli Şuranın ilk mitinqindən (11 sentyabr) sonra KİV qarşısına çıxan Əli Kərimli icazəli mitinqlə hakimiyyətə qismən öz tələblərinə tabe etdirdiyini bildirdi. Dedi ki, mitinqdən qorxuya düşən hakimiyyət siqaret və bir sıra ərzaq məhsullarının qiymətlərini ucuzlaşdırıb, əvvəlki qiymətlərinə qaytarıb. Halbuki bazarlarda ən çox qiyməti dəyişən də tütün məmulatlarıdır.Milli Şuranın mitinqlərindən əvvəllər də bir neçə dəfə belə hallar baş verib.Amma məsələ bu deyil, məsələ Əli Kərimlinin etirafındadır.Bu etiraf acizliyin nümayişidir.“Yurd” sədri açıq formada insanların rəğbətini və dəstəyini qazana bilmədiklərini deyir.Mitinqlərdən sonra KİV-lər Milli Şura rəhbərliyi və Əli Kərimlini meydana elektorat çıxara bilməməkdə ittiham edib, tənqid edəndə qarşı tərəf bunu söyüş və təhqirlə qarşıladı. Meydana 20 min adam çıxardıqlarını iddia etdilər. Lakin görünən dağa bələdçi lazım deyildi, Milli Şuranın keçirdiyi 2 mitinqə 9 milyonluq ölkə əhalisinin 0.002%-i qatılmışdı.Rəqəm statistikada da öz yerini tapdı.Sıfır tam mində iki faiz ölkə əhalisinin 1800 nəfəri deməkdir.Gec də olsa, Əli Kərimli bunu etiraf etdi.

Xalq ənənəvi sədrlərdən niyə üz döndərib?

Əsas məsələ etirafın gecikməsi, yaxud vaxtında edilməsi də deyil, məsələ odur ki, insanlar Əli Kərimlinin, eləcə də bütün ənənəvi müxalifət partiyalarının sədrlərinin təşkil etdiyi mitinqlərə niyə gəlmirlər, yaxud həmin şəxslərin iştirak etdiyi qurumlardan niyə üz döndəriblər? 25 ilə yaxındır ki, bu suallara eyni cavablar verilir, müxtəlif versiyalar irəli sürülür.

Ənənəvilərin 25 illik yubileyi

2018-ci ildə Arif Hacılı, Əli Kərimli və digər ənənəvi partiya sədrləri müxalifətdə olmaqlarının 25 illik yubileyini qeyd edəcəklər.Hələ vaxta var. Amma özünü ömürlük müxalifət elan etmək də cəmiyyətin gözləntiləri baxımından biabırçılıqdır.Çünki uzun dövr ərzində bu ənənəvi müxalifət dəfələrlə Azərbaycanın ömürlük hakimiyyətinə məğlub olub.Əvəzində çıxış yolu üçün bir proqram ortaya qoymayıb, birgə hərəkət mexanizmi hazırlamayıb.Cəhd ediblər, amma aralarındakı soyuq münasibətlər və lider olmaq uğrundakı mənəm-mənəmlikləri həm müxalifətin axırına çıxıb, həm də xalqın. Çünki cəmiyyət 23 il ərzində ümid edirdi ki, nəhayət Əli Kərimli, Arif Hacılı və digərləri özlərində təpər tapıb hakimiyyəti yola gətirə biləcəklər. Amma olmadı.Əvəzində meydandakı boşluğu və siyasi partiyalar arasındakı çəkişmələri fürsətə çevirən iqtidar demokratik düşərgəni darmadağın etdi. “Satınalma maşını”nı işə salaraq, Əli Kərimli qarışıq əksər partiya sədrlərini ələ keçirdi.

Cəmiyyət kimlərin əleyhinədir?

Cəmiyyətə və demokratik düşərgəyə ənənəvi müxalifətin partiya sədrlərinin hansı daxili-xarici siyasi qurumlara, mərkəzlərə tabe olduqları, yalnız öz şəxsi mənfəətləri üçün işləmələri barədə faktlar məlumdur. Əgər bir cəmiyyətin əksəriyyəti onun müxalifətinin satılmasına inanırsa və təkid edirsə ki, Azərbaycanda müxalifət yoxdur, o zaman Milli Şura və “Yurd”un yaratdıqları meydanın niyə boş qalması müzakirə olunmamalıdır. Bəli, cəmiyyət hakimiyyətə etiraz etmək istəyir, heç kəs, nə də biz Milli Şuranın mitinqlərinin əleyhinə çıxış etmirik.Biz o kəslərin əleyhinəyik ki, vədlər verirlər və yerinə yetirmirlər, mitinqlərdən sonra heç nə olmamış kimi səsləri əyləncə məclislərindən, bahalı villalarında çıxardıqları oyunlardan gəlir.Axı bütün bunların hamısı tribunadan xalq qarşısında çıxış edərkən, yaratdıqları inqilabçı, xalqın sözçüsü obrazlarıyla heç uyuşmur.Xalqın gözü tərəzidir və doğru çəkir. Azərbaycan kiçik ölkədir, kimin kim olduğu, kimin nə etdiyini hər kəs bilir, görür.

O nədir ki, Afrikada yoxdur, amma bizdə var?

Halbuki yeni ortaya çıxmış siyasi qüvvələr meydana çıxanda onlara şans tanımadılar, indi tanımırlar, tanımaq istəmirlər.Əgər həmin qüvvələr bu adamların şərinə, şantajına məruz qalmasaydı, özlərini göstərmək istəkləri qarşısına əngəllər çıxarılmasaydı, vəziyyət bu cür acınacaqlı hala gəlib çıxmazdı.Hələ nə qədər gec deyil, ənənəvi partiya sədrləri ambisiyalarına güc gəlib geri çəkilməli, özünü bəyənmişlikdən imtina etməli və xalqın etimadını qazanacağına iddia edən yeni siyasi qüvvələrə yerini verməlidir.Onsuz da ölkədə vəziyyət pis gündədir, itiriləsi heç nəyimiz yoxdur.Əgər həmin sədrlər iddia edirlərsə ki, məqsədləri xalqa xidmətdir, o zaman bu iddiada olan digər opponentlərinin də fəaliyyətlərini tormozlamamalıdırlar.Uzun illərdir səmərəsiz şəkildə meydanlarda yer tutan qurum rəhbərləri, partiya sədrləri getməlidirlər, çünki onlar meydanda özlərini göstərməyə çalışdıqca elə özlərini biabır edirlər. Çünki heç monarxik quruluşa sahib olan Afrika, Cənubi-Şərqi Asiya dövlətlərində də media, yaxud cəmiyyət müxalifət olduğunu iddia edən siyasi qüvvələrin adına “ənənəvi” etiketini yapışdırmır. Amma bizimkilər bundan narahat deyillər, çünki özlərini bu vəziyyətə gətirib çıxarıblar və bu, mozaxistcə xoşlarına gəlir.

Mənsur





Həftənin ən çox oxunanları