Yuxarı

“Viza rejiminin ləğvi AXCP-nin təklifidir”

“Viza rejiminin ləğvi AXCP-nin təklifidir”

Vüsal Qarayev: “Bu bizi qıcıqlandırmır, əsas məsələ ölkə problemlərinin həlli, xalqın rifah halının yaxşılaşdırılmasıdır”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ölkə iqtisadiyyatının böhrandan çıxması üçün 3 hissəli Təkliflər Paketini hazırlayaraq hökumətə təqdim etmişdi. Təkliflər Paketinin I hissəsi turizmin, II hissəsi ağır və yüngül sənayenin inkişafı, III hissəsi isə siyasi islahatlarla bağlı idi. Qeyd edək ki, AXCP-nin təkliflər paketinə hökumətin aidiyyatı qurumlarından rəsmi cavab göndərilib. Hökumət əslində AXCP-nin verdiyi təkliflərə əməl edir. Ancaq ideyanı öz adına çıxır. Son dövrlər hökumətin atdığı bütün addımlar demək olar ki, AXCP-nin Təkliflər Paketində yer alan məsələlərdir.

İlkin olaraq turizmlə bağlı verilən təklifdən sonra hökumət bir sıra qərarlar qəbul etdi. Eynilə Təkliflər Paketində göstərilən bəndlərə uyğun olaraq qış və yay turizmin inkişafı ilə bağlı qərarlar verildi və son günlər də bunun nəticəsi olaraq ölkəyə gələn turistlərin sayı xeyli artdı. Hətta statistik məlumatlara görə, bu il ölkəyə gələn turistlərin sayı ötən illərdən qat-qat çox oldu. II hissədə isə təklif edilən ağır və yüngül sənayenin inkişafına nail olmaq üçün hökumətin atdığı addımlar bir qayda olaraq AXCP-nin təkliflərinə istinad olunub. Pambıqçılıq, baramaçılıq və üzümçülüyün inkişafını da hökumətə məhz AXCP təklif vermişdi. Hökumət isə bunun müqabilində hər üç sahənin inkişafı ilə bağlı ciddi qərarlar qəbul etdi və büdcədən maliyyə ayırdı. Bi sıra dövlət müəsisələrinin  özəlləşdirilməyə çıxarılması da AXCP-nin təklifi idi. Bir müddət öncə 36 dövlət müəssisəsi  özəlləşdirməyə çıxarıldı və onlara  fəaliyyətini bərpa etmək üçün güzəştli kreditlər ayrıması gündəmə gəldi. Bütün bunlar AXCP-nin təkliflərndə göstərilənlərin eynisidir. Ancaq təbii ki, hökumət bunu etiraf etmir və gördüyü işləri öz adına çıxır.

Siyasi islahatlar ləngiyir

AXCP-nin III təklifi isə siyasi islahatların aparılması ilə bağlı idi. Bu ətrafda isə hökumət hələ ki heç bir iş görməyib. Ancaq islahatların aparılması  gündəmdədir. Hökumət rəsmiləri də ciddi islahatların aparılacağını istisna etmirlər. AXCP-nin təkliflərində göstərilir ki, bir sıra dövlət müəsəssisələri birləşdirilsin. Təklifdə adı çəkilən müəssisələrin birləşdiriləcəyi haqqında isə məlumatlar artıq yayılmağa başlayıb. Təklifdə göstərilən və hər kəsin maraq dairəsində olan bənd isə iqtidar-müxalifət dialoqunun təmin edilməsi idi. Bu təklif müxaliflər arasında da böyük rəğbətlə qarşılandı. Təsadüfi deyil ki, hökumət rəsmiləri də açıqlamalarında iqtidar-müxalifət dialoqunda maraqlı olduqlarını etiraf edirlər. AXCP-nin digər bir təklifi isə Qarabağ münaqişəsinin həllilə bağlı idi. Belə ki, AXCP bununla bağlı “Vahid Qərar Şurası”nın yaradılmasını təklif edir. VQŞ-nin bununla bağlı Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirdiyi ictimai müzakirədə iştirak edən ekspertlər bu təklifi yüksək qiymətləndirdilər.

AXCP mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət”ə şərhində deyib ki, hakimiyyət bu məsələdə qısqanclıq edir: “Ancaq biz AXCP olaraq bu təklifi dövlətin, millətin gələcəyi üçün vermişik. Həyata keçirirlərsə biz buna yalnız sevinə bilərik. Bəli, fəaliyyətə başladığımız gündən işimizi konkret əməl üzərində qurmuşuq. Fikrimizcə, ən effektli iş isə ölkədə gördüyümüz mövcud problemlərlə bağlı hökumətə çıxış yolları, layihələr təklif etməkdir. Çünki problemi göstərməklə o həll olunmur, çıxış yolunu da göstərmək lazımdır. Düzdür hakimiyyət təklifin kimdən gəldiyini qeyd etməsə də, bir neçə addım atdı. Biz bu təklifləri hökumətə rəsmi şəkildə təqdim etmişdik. Məsələn, bir neçə ölkə ilə viza sisteminin ləğv olunmasını təklif etmişdik. Viza rejiminin ləğvi təklif edilən ölkələrin əksəriyyətinin adları AXCP-nin hökumətə təqdim etdiyi turizmin inkişafı ilə bağlı təklifində yer almışdı.

Eləcə də daxili istehsalatın inkişafı, neft asılılığından qurtulmaq məqsədiylə  kənd təsərrüfatının, məsələn, konkret pambıqçılığın, üzümçülüyün inkişafı ilə bağlı məsələlər də bizim hökumətə təqdim etdiyimiz təkliflər paketində yer alıb. Və bugün hökumət bu istiqamətdə addımlar atmağa başlayıb. Amma bu bizi qıcıqlandırmır, narahat etmir, adımızın hallanıb-hallanmaması bizim üçün önəmli deyil. Əsas məsələ ölkə problemlərinin həlli, xalqın rifah halının yaxşılaşdırılmasıdır. Razıyıq, biz təkliflər verək, hökumət bizim adımızı çəkməsin, amma təki qəbul edib, həyata keçirsin, bu bizi yalnız sevindirə bilər”.

Vilayət Muxtar