Yuxarı

Hökumət AXCP-nin təkliflərindən yararlanır

Hökumət AXCP-nin təkliflərindən yararlanır

Vüsal Qarayev: “Etiraf etməsələr də...” Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ölkənin iqtisadi böhrandan çıxması üçün 3 hissəli Təkliflər Paketi hazırlayıb hökumətə təqdim etdi. Bu təkliflər özündə həm iqtisadi, həm də siyasi islahatları ehtiva edirdi. Son dövrlər hökumətin atdığı addımlara baxsaq, görərik ki, AXCP-nin iqtisadi təkliflərində göstərilən bir sıra bəndlər həyata keçirilib. Doğrudur, hökumət bunu öz adına edir və görülən işlərdə ideyanın AXCP-yə aid olduğu etiraf olunmur. AXCP rəhbərliyi bu məsələdən heç də narahatlıq keçirmir. Partiyadan bildirilir ki, bu təkliflər bizim adımızın çəkilməsi üçün deyil, ölkənin gələcəyi üçün verilib. Əsas odur ki, hökumət bunlardan istifadə etsin. Ancaq maraqlı məqamlardan biri də odur ki, AXCP iqtisadi təkliflərlə yanaşı, həm də siyasi islahatların aparılması təklifini irəli sürmüşdü. Bu günə qədər hökumətin hər hansı siyasi islahatlar apardığının şahidi olmamışıq. Ancaq hökumətin yaxın zamanlarda ciddi siyasi islahatlara gedəcəyi ehtimalı yüksək qiymətləndirilir. Qeyd edək ki, AXCP-nin siyasi islahatlarla bağlı hökumətə verdiyi təkliflərdə, müxalifət və vətəndaş cəmiyyəti nümayəndələrinin iqtisadi və siyasi komissiyaların işinə cəlb edilməsi, QHT-lərin əngəlsiz fəaliyyətinin və beynəlxalq təşkilatların Azərbaycana qayıdışının təmin edilməsi, bir sıra nazirliklərin müxalifətə verilməsi, iqtidar-müxalifət dialoqu, prezidentin yanında İctimai Palatanın (ya da Məsləhət Şurası) yaradılması, struktur islahatları, siyasi məhbusların azad edilməsi və bu kimi bir sıra bəndlər yer alıb. AXCP iqtisadi təkliflər kimi, siyasi islahat təklifini də ictimai müzakirəyə çıxardı və ictimaiyyətdə bu təkliflər böyük rəğbətlə qarşılandı. Bəs hökumət siyasi islahatlara gedərkən AXCP-nin təkliflərinə istinad edəcəkmi? AXCP-nin Təkliflər Paketindən göstərilən islahatlar aparılacaqmı? “Vəziyyətin bu yerə çatacağını deyirdik” Bununla bağlı “Cümhuriyət”ə danışan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev bildirib ki, hökumət etiraf etməsə də AXCP-nin iqtisadi təkliflərindən qismən yararlandı. AXCP sözçüsü əlavə edib ki, hökumət böhrandan çıxmaq istəyirsə, AXCP-nin təkliflərini nəzərə almalıdır: “Bu gün ölkədə istər iqtisadi, istər siyasi durum böhran içərisindədir. Biz isə AXCP olaraq Razi Nurullayevin sədrliyi ilə ilk gündən vəziyyətin bu yerə gəlib çıxacağını deyirdik. Və yalnız deməklə qalmayıb bir neçə iqtisadi və siyasi təkliflər irəli sürdük. Hökumət etiraf etməsə də bu təkliflərdən qismən yararlandı. Amma bu yetərli deyil. Bizim siyasi təkliflərimizin içərisində müxalifətlə dialoq məsələsi də yer alırdı. Hökumət əgər ölkəni böhrandan çıxarmaq istəyirsə, bizim bu təklifimizi qulaqardına vurmamalıdır. Bir masa arxasında dialoq mütləqdir. Bu ölkə nə iqtidarındı, nə müxalifətin. Bu hamımızın dövlətidir və vəziyyətdən çıxmaq üçün də birgə addım atmalıyıq.  AXCP buna hazırdır. Lakin hökumətin belə bir cəsarətli addım atacağını güman etmirəm. Çünki, bu hakimiyyət bizlə bir masa arxasına oturalacaqları təqdirdə ölkədəki bütün neqativ halları onların üzlərinə vuracağımızı və həll edilməsini tələb edəcəyimizi yaxşı bilirlər. Lakin yenə vurğulayıram ki, biz tələb etməklə qalmırıq, eyni zamanda həll yollarını da göstəririk. Amma hələ ki, hökumət yerində saymağı üstün tutur. Lakin biz təklif verməklə də qalmayacağıq. Bu təkliflərimizin də nəzərə alınmasını tələb edəcəyik”. Vilayət Muxtar