Yuxarı

AXCP sədrinin təklifinə siyasilərdən dəstək

AXCP sədrinin təklifinə siyasilərdən dəstək

Əli Əliyev: “İcra başçılarının dəyişdirilməsi...” Xəzər Teyyublu: “Dəyişiklik xalqın rifahını yaxşılaşdıracaq” Referendumun nəticələrinin Konstitusiya Məhkəməsi tərəfindən təsdiqindən sonra hökumətin ciddi islahatlara gedəcəyi gözlənilir. Hökumətin hazırladığı islahat proqramının hansı qurumları, strukturları əhatə edəcəyi isə hələ ki, məlum deyil. Bu haqda rəsmilər tərəfindən heç bir informasiya səsləndirilməyib. Bu günə qədər islahat təklifləri ilə bağlı bir neçə partiyalar, təşkilatlar hökumətə təkliflər verib. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) islahatlarla bağlı hökumətə təkliflər paketi təqdim edib. Bu dəfə isə AXCP sədri Razi Nurullayev İcra Hakimiyyəti başçılarının dəyişdirilməsi təklifi ilə çıxış edib. AXCP sədri qeyd edib ki, icra başçılarının bacardığı iş, torpaq satmaq, hasar çəkmək və bir də bütün yağlı tikələrə ya sahib, ya da şərik olmaq, büdcə vəsaitlərini talan etməkdir. Partiya sədri bildirib ki, ölkənin inkişafı, iqtisadiyyatın dirçəlməsi, idarəetmənin təkmilləşməsi üçün icra başçıları Avropa təhsilli şəxslər olmalıdır: “İcra başçılarının çoxu keçmiş kolxoz sədrləri kimi hərəkət edir. Onlardan yerlərdə inkişaf, xarici sərmayə cəlb etməyi gözləmək, üzə bilməyən və üstəlik bronxial astma xəstəliyindən əziyyət çəkən birinin Xəzər dənizinin içərilərinə doğru 10 km üzməyə cəhd etməsi kimi bir şeydir”. İcra başçılarının dəyişdirilməsi təklifinə münasibət bildirən Vətəndaş və İnkişaf Partiyası (VİP) sədri Əli Əliyev “Cümhuriyət”ə açıqlamasında deyib ki, icra başçılarının yerini dəyişməklə və ya bələdiyyələrin səlahiyyətlərini artırmaqla inkişafa nail olmaq olmaz. İdarəçilik olduğu kimi qalacaqsa, bu heç nəyi dəyişməyəcək: “Yerli icra orqanları ilə bağlı məsələyə biz bir az fərqli baxırıq. Bizim fikrimizcə, yerli icra orqanlarının başçılarını dəyişmək və yaxud bələdiyyələrin səlahiyyətlərini artırmaq islahatdan xəbər verə bilməz. Əgər yenə də həmin başçıların yerinə təyinat olacaqsa və idarəçilik olduğu kimi qalacaqsa bu heç nəyi dəyişməyəcək. İnanmıram ki, bu yolla inkişafa nail olmaq mümkün olsun”. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədr müavini Xəzər Teyyublu bildirib ki, hər-hansı bir dəyişiklik xalqın rifahını yaxşılaşdıra bilər. Onun sözlərinə görə, icra strukturlarına kadrlar seçki yolu ilə seçilsə daha doğru olar: “Təkcə icra başçılarını dəyişməklə inkişaf etmək olmaz. İslahatlar birbaşa olaraq yuxarıdan aşağıya doğru aparılmalıdır. Gənc kadrların postlara gətirilməsi üçün, icra strukturlarından, Nazirlər Kabinetindən, Milli Məclisdən tutmuş ən aşağılara qədər islahatlar aparılmalıdır. Ölkədə bir neçə struktur var ki, ümumiyyətlə lazımsızdır. Bir çox səlahiyyətlər “ASAN” xidmətə verildi və bununla da büdcəyə yük olan bir neçə qurumun vəzifələri azaldıldı. Ancaq yenə də büdcəyə yük olan təşkilatlar, qurumlar kifayət qədərdir. Əlbəttə ki, bu islahatlar aparılmalıdır. Ya icra hakimiyyətləri qalmalı, bələdiyyələr ləğv olunmalı, ya da əksinə. Çünki nə qədər ki, hər iki qurum eyni vaxtda fəaliyyət göstərir, onlar bir-birinə mane olurlar. Təbii ki, bunlar da geniş islahatlar tələb edən məsələlərdir. Hesab etmirəm ki, yeni düşüncəli şəxslər də vəzifəyə təyinat alarsa yenə də heç nə dəyişməyəcək”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları