Yuxarı

ATƏT üzünü Azərbaycana çevirir

ATƏT üzünü Azərbaycana çevirir

Elçin Mirzəbəyli: “Qurum bizimlə əməkdaşlığa maraq göstərməyə başlayıb” “ATƏT Azərbaycanla əməkdaşlığı gücləndirməyin yollarını axtarmaqda qərarlıdır. Bura ATƏT-in Bakıda ofisinin yenidən fəaliyyətə başlaması da daxildir”. Bu barədə ATƏT-in mətbuat xidmətindən qurumun Bakı ofisinin fəaliyyətinin bərpa olunmasının mümkünlüyü ilə bağlı verilən açıqlamada bildirilib. Təşkilatdan bildirilib ki, bununla belə, ofisin fəaliyyət göstərməsi ilə bağlı qərar Azərbaycan, həmçinin ATƏT-ə üzv olan bütün ölkələr tərəfindən dəstəklənməlidir. ATƏT Daimi Şurasının 26 iyul 2013-cü il tarixli qərarına əsasən, 1 yanvar 2014-cü il tarixindən etibarən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub. ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Alexis Şahtaxtinskinin təyinat müddəti isə 31 may 2015-ci il tarixində başa çatıb, bununla da fəaliyyət dayanıb. Ofisin fəaliyyətinin dayandırılmasının pərdəarxası ATƏT-in Bakı ofisinin fəaliyyətinin dayandırılması imzalanmış müqavilə müddətinin bitməsi ilə əlaqələndirilsə də, məsələnin əsl mahiyyətini haçalandıran səbəblər var. İlk növbədə ofisin fəaliyyətinin dayandırılması o vaxta təsadüf edirdi ki, Rusiya - Azərbaycan münasibətlərinin inkişafı fonunda ABŞ və Avropa İttifaqı ilə əlaqələr soyuyurdu. Rəsmi Bakının Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamaqdan imtina etməsi Qərbdən Azərbaycana demokratiya və insan haqları məsələlərində təzyiqləri artırdı. Qərbin siyasi dairələri və bir sıra təşkilatlar Azərbaycanda keçiriləcək prezident və parlament seçkilərinə müşahidə missiyası göndərməkdən imtina edərək, boykot qərarını verdilər. Bakıya təzyiq edən qurumların başında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu dayanırdı. Düzdür, bu təzyiqlər o qədər effektiv deyildi və Bakı ofisinə rəhbərliyi Azərbaycan hakimiyyəti ilə isti münasibətləri olan Alexis Şahtaxtinski edirdi. Bakı həmin şəxs vasitəsilə ATƏT-dən gələn təzyiqlərin dərəcəsini azalda bilirdi. Əlbəttə, hakimiyyətlə münasibətləri normal olmayan Fransa kimi dövlətlər bundan xəbərdar idilər. Nəzərə alsaq ki, həmin dönəm ATƏT-ə İsveçrə sədrlik edirdi və bu dövlətdən olan Avropa Parlamenti deputatları zaman-zaman Azərbaycan hakimiyyətinə qarşı təzyiqləri nəzərdə tutan fikir və layihələrlə gündəmə gəlirdilər. Buna görə də Fransanın da daxil olduğu bir sıra Qərbi Avropa dövlətləri Şahtaxtinksinin “qələmini qırdılar”. Qərar Bakı ofisinin bağlanılması üçün tutarlı səbəb oldu. Münasibətlər niyə istiləşir? Keçən ilin yanvarın birində ATƏT-ə sədrlik siyasi müstəvidə Azərbaycan hakimiyyətinin müttəfiqi sayılacaq Serbiyaya keçdi. Serbiyanın sədrliyi dönəmində demək olar ki, qurumdan Azərbaycan hakimiyyətindən demokratiya və insan haqları mövzusunda tələblər irəli sürülmədi. Əvəzində Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun yetkililəri ilə azərbaycanlı rəsmilər, prezident arasında görüşlər keçirildi. Bu, münasibətlərdə istiləşmə demək idi. Proses sədrlik Serbiyadan Almaniyaya keçdikdən sonra da davam etdi. Almaniyanın sədrliyi dönəmində ATƏT-in müzakirələrində insan haqları və demokratiya yox, Dağlıq Qarabağ münaqişəsi gündəmə gətirildi. Sədr, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer o tezisin üzərində durur ki, Azərbaycanda insan haqları və demokratiya mövzularında olan problemlərin həlli Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından keçir. Əlbəttə, belə bir mövqe Azərbaycan hakimiyyətinin işinə yarayır. Bu, dönəm sədrliyi vaxtında ATƏT-in aparıcı dövləti olan Almaniyanın dəstəyini qazanmaq demək idi. Həmçinin münasibətlərin gərgin olduğu dönəmdə Bakı ofisinin bağlanılmasının səbəbkarlarından və rəsmi Bakıya təzyiqlərin başında dayanan Fransa ilə də münasibətlər qaydasına salınıb. Rəsmi Paris əvvəlki kimi insan haqları sahəsində Bakının üzərinə çox da getmir. Təbii ki, növbəti sədr ölkə Avstriya da bu mövqedən çıxış edəcəyi təqdirdə, ən azından bir neçə il Avropadan Azərbaycana demokratiya məsələlərində təzyiqlər olmayacaq. Aprel döyüşləri Münasibətlərin qaydasına salınmasının başqa bir səbəbi apreldə Ermənistan və Azərbaycan arasında baş verən döyüşlər də ola bilər. Məlumdur ki, aprel təxribatı Ermənistana baha başa gəldi. Azərbaycan ərazilərinə silahlı müdaxilə edən erməni silahlı birləşmələrinə ordumuzun cavabı ağır oldu və düşmən geri çəkildi. Həmin vaxt döyüşlərin dayandırılması üçün Ermənistan Rusiya ilə yanaşı ATƏT-ə də elçi düşdü. Nəticədə Azərbaycan ordusu dayandı. Aprel döyüşlərindən sonra ATƏT yetkililərinin və nümayəndələrinin Bakı və döyüş bölgələrinə səfərləri intensivləşdi. Belə bir müharibə ATƏT-in Rusiya və Fransa kimi üzvlərinə maraqlı deyil. Bölgədə sabitlik bu dövlətlərə münaqişədə dəstəklədikləri Ermənistanın təhlükəsizliyi üçün lazımdır. Buna görə də Avropanın güc dövlərləri və Ermənistanın müttəfiqləri hadisələrin mərkəzində olması üçün ATƏT-in Bakı ofisinin fəaliyyətinin bərpa olunmasında maraqlı ola bilərlər. “Prezident münasibətləri zədələyən məsələləri sadaladı” BAXCP sədrinin müavini Elçin Mirzəbəyli “Cümhuriyət”ə bildirib ki, münasibətlərin qaydasına düşməsi təkcə Almaniyanın Azərbaycanla bağlı olan mövqeyinə görə deyil. E.Mirzəbəyli hesab edir ki, Almaniya və digər dövlərlər ATƏT-in dönəm sədrləri olurlar, onlar da qurumun bütöv siyasətinə təsir etmək gücündə deyillər: “Avropa Parlamentinin təmsilçiləri ilə görüşündə Azərbaycan prezidenti bir sıra məsələlərə aydınlıq gətirdi. Həmin görüşdə prezident ATƏT - Azərbaycan münasibətlərini zədələyən məsələləri sadaladı. ATƏT-in Azərbaycanla bağlı fəaliyyətində dövlətin daxili, müstəqil siyasətinə müdaxilə meylləri vardı. Şübhəsiz ki, Azərbaycan hakimiyyəti bu cür yanaşmanı qəbul edə bilməzdi. İndi görünür ki, adıçəkilən qurum bu məsələlərdən və prezidentin açıqlamalarından nəticə çıxarıb. ATƏT Avropada təhlükəsizlik məsələləri üzrə ölkələrlə əməkdaşlıq edən bir qurumdur. Qurumun əsas fəaliyyəti o olmalıdır ki, bütün dövlətlərlə normal münasibətlər qursun. ATƏT Azərbaycanın da daxil olduğu bu dövlətlərin ayırdıqları maliyyə hesabına mövcuddur. İndi görünən budur ki, ATƏT ənənəvi daxili işlərə müdaxilə siyasətindən əl çəkib, Azərbaycanla əməkdaşlığa maraq göstərməyə başlayıb”. Mənsur





Həftənin ən çox oxunanları