Yuxarı

Qarabağa yeni status - muxtar respublika

Qarabağa yeni status - muxtar respublika

Fikrət Sadıqov: “Azərbaycan bundan artıq güzəştə getməyəcək”

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Sputnik” agentliyinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı vacib nüansa toxunub. Ölkə başçısı deyib ki, yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. “Səmərəli güzəşt mövcuddur. Güzəştlər Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, onların həyat fəaliyyətinin, özünüidarəetmənin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, Dağlıq Qarabağ Muxtar Vilayəti kənarında torpaqların azad olunması şərti ilə iki xalq arasında qarşılıqlı əlaqələrin bərpasından ibarətdir. Bax, biz münaqişənin nizamlanmasını belə görürük”, - deyə Azərbaycan prezidenti bildirib.

Ölkə başçısının sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq: “Biz heç vaxt Dağlıq Qarabağın müstəqilliyi ilə razılaşmayacağıq. Əgər biz razılaşsaq, region muxtar respublika ola bilər. Ermənistan rəhbərliyi bunu yaxşı anlayır, sadəcə, erməni ictimaiyyətinin fikri ilə manipulyasiya edir, düşmən obrazı yaradır, danışıqlar prosesinin mahiyyətini təhrif edir, bununla da Azərbaycanı sanki erməni əhalini məhv etmək, onu qovmaq istəməsi kimi təqdim edirlər. Bu, belə deyil”.

Dövlət başçısının açıqlamasından göründüyü kimi, özünüidarəetmə statusu dedikdə bir qayda olaraq, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyətin verilməsi mümkün hesab edilir. Siyasi ekspertlərin fikrincə, rəsmi Bakının təklif etdiyi muxtariyyət statusunun özündə hansı şərtləri əks etdirdiyi müəyyənləşməlidir. Azərbaycan ən yüksək halda Dağlıq Qarabağa muxtar respublika statusu verə bilər. Bu isə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxmasından və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasından sonra mümkün ola bilər. Xatırladaq ki, SSRİ dönəmində Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusuna malik olub. 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə həmin status ləğv edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında sülh danışıqları başlandıqdan sonra Dağlıq Qarabağa bir neçə özünüidarəetmə modeli təklif edilib. Tərəflər 1996-cı ildə ATƏT-in Lissabon sammitində Dağlıq Qarabağın gələcək statusunun Helsinki Yekun Aktına uyğun olaraq millətlərin öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü prinsipi əsasında müəyyən edilməsi barədə razılığa gəliblər. Ancaq bu iki prinsip bir-birini təkzib etdiyindən Azərbaycanla Ermənistan arasında gedən danışıqlarda irəliləyiş olmayıb. Bu müddətdə Azərbaycan Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək muxtariyyət statusu təklif etsə də Ermənistan bununla razılaşmayıb. Hətta danışıqlar prosesində rəsmi Bakı Dağlıq Qarabağa dünya təcrübəsində mövcud olan Tatarıstan modeli kimi bir sıra müstəsna səlahiyyətlərə malik muxtar respublika statusu verməyə hazır olduğunu bildirib. Bundan başqa, Dağlıq Qarabağa Aland adaları modelini tətbiq etmək təşəbbüsü də irəli sürülüb. Lakin Ermənistan rəhbərliyi bu təkliflərin heç birini qəbul etməyib. Ermənistan yalnız 2008-ci ildə irəli sürülən “Madrid prinsipləri” və 2011-ci ildə Rusiyanın təklif etdiyi “Kazan formulu” çərçivəsində Dağlıq Qarabağın hüquqi statusunun referendum yolu ilə müəyyənləşməsinə razı olub. Bu isə Azərbycanın ərazi bütövlüyünə zidd olduğundan onun reallaşması qeyri-mümkün hesab edilir.

Ərazi bütövlüyü əsas şərtdir

Politoloq Fikrət Sadıqov hesab edir ki, Azərbaycan prezidentinin açıqlaması Nazirlər Kabinetinin iclasında söylədiyi fikirlərin davamıdır: “Həmin iclasda dövlət başçısı Azərbaycana təzyiqlərin göstərildiyini demişdi. “Sputnik” agentliyinə müsahibəsində açıqlanan mövqe də çox açıq və konstruktiv xarakter daşıyır. Mövqe bundan ibarətdir ki, biz vaxtilə muxtar vilayət olmuş Dağlıq Qarabağın statusunu muxtar respublika statusuna qaldırırıq. Orada yaşayan əhalinin təhlükəsizliyini təmin edirik. Lakin bir şərtlə-bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu təkliflər kifayət qədər yüksək səslənən kompromisdir. Azərbaycan başqa güzəştlər təklif edə bilməz. Əgər Ermənistan öz soydaşlarının Dağlıq Qarabağda yüksək həyat şəraitində və sivil şəkildə yaşamasını istəyirsə, başa düşməlidir ki, Azərbaycanın nə rəhbərliyi, nə siyasi elitası, nə vətəndaş cəmiyyəti bundan artıq kompromisə getməyəcək. Bu çox şəffaf bir mövqedir.

Ermənistan bununla razılaşmaya bilər. Çünki onlar Dağlıq Qarabağın müstəqil bir qurum olmasını istəyir. Ancaq bunlar boş və mənasız fikirlərdir. Ermənistanın özü belə Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Ermənistanda da başa düşməlidirlər ki, Azərbaycan öz torpaqlarını heç kimə bağışlamayacaq. Biz bütün diplomatik, hərbi səylərimizi problemin həllinə yönəltməliyik. Bundan başqa bir yol ola bilməz. Bunu həm ermənilər, həm də həmsədrlər başa düşməlidirlər”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları