Yuxarı

Razi Nurullayev məsuliyyətsiz məmurlara səsləndi

Razi Nurullayev  məsuliyyətsiz  məmurlara səsləndi

 

“Gün gələcək sizin özünüzü o süni suların içinə qərq edəcəklər”

“Hava proqnozuna baxdım, bu gün axşamdan başlayaraq yenə yağış tökməyə başlayacaq. Hələ bu gün də dünyanın ən gözəl şəhəri olan Bakıda sel-su ucbatından evindən çölə çıxa bilməyən vətəndaşlar, sakinlər var. Yağış bu gün axşam başlayır və gələn həftə boyu da davam edəcək. Görünən budur ki, Bakının qəsəbələrində su altında qalmış evlər hələ də fəlakət zonası olaraq qalmaqda davam edəcək. Uşaqlar məktəbə gedə bilməyəcək. Acınacaqlı vəziyyət Binəqədi rayonunda yaşanır. Binəqədi şosesindən 5-6 qəsəbə sakini istifadə edir. Bu yol gözümüz açılandan belə olub. Hər payız-qış süni göllər əmələ gəlir. Hər il bu yola pullar tökülür və sonra yenə xarabazara çevrilir. Bu artıq cinayət əməlidir, büdcə pulları göyə sovrulur, problem isə qalır. Bir yolu nə qədər qazmaq və düzəltmək olar?” Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Razi Nurullayev deyib.

AXCP sədri əlavə edib ki, Binəqədi və bir neçə ətraf qəsəbələrdə acınacaqlı hal yaranıb: “Həm yollar bərbad vəziyyətdədir, həm də kanalizasiya xətləri . Amma axı, hər kəs bir neçə yerə pul, rüşvət, “hörmət” ödəyib, o evləri tikib. Heç kim göydən gəlib düşməyib və evlər də tikməyib. Bunların hamısı rayon icra hakimiyyətlərinin, Bakı şəhər İcra Hakimiyyətinin gözləri qarşısında və razılıqları ilə olub. İndi niyə yaxalarını kənara çəkirlər?

Cəzasızlıq, qorxu, məsuliyyət hissinin olmaması bir tərəfdən, digər tərəfdən bu insanların ürəyində Allah qorxusu və xofu yoxdur. Mənim əlimdə ixtiyar olsaydı, onların oğurladıqlarının, çaldıqlarının, taladıqlarının üç mislini əllərindən alar, haqsız duruma və məhrumiyyətlərə düçar olan xalqın yaralarının sağalmasına sərf edərdim. Bəli, dəmir yumruğa ehtiyac var. O dəmir yumruğa ki, günahkarların başına kuvalt ağırlığında çöksün.

Sənə büdcədən pul ayrılıb, üstəlik milyonlarla rüşvət yığırsan, niyə problemləri həll etmirsən? Qorxun yoxdur, olacaq. Bir gün etdiklərinin əvəzini minqat ödəməli olacaqsan.

Neçə ildir oxuyuram ki, Sabunçu vağzalını su basıb. Neçə dəfə su seyrangahını seyr də etmişəm. Bəs neçə illərdir ki, gözünüz kor, qulağınız kardır? Beyniniz donub? Əllərinizi don vurub? Daşı daş üstünə qoyanda çalağan quşu kimi kasıbın üstünə şığıya bilirsiniz, amma öhdənizə düşənləri yerinə yetirə bilmirsiniz? Bir gün gələcək, sizin üstünüzə şığıyacaqlar, sizin özünüzü o süni suların içinə qərq edəcəklər. Ciddi olaraq bu problemlərin müzakirəsinə Prezident müşavirəsinin həsr olunmasına ehtiyac var. İşinin öhdəsindən gələ bilməyən, korrupsiya piramidası quran, sahibkarlara və vətəndaşlara "dolya" kəsən kiçicik xanların boyunlarının vurulması zamanıdır. Məcazi mənada”.

Sonda Razi Nurullayev “Dünən bütün Azərbaycan təkcə bir hadisənin şahidi oldu, yağış yağdı... Kürdəxanı qəbristanlığını su basıb, qəbirlər suyun içində, bir az kənarda da adamlar balıq tutur. Sən demə Kürdəxanının kanalizasiya suları bura axır, heç də qrunt sularının yaratdığı göl deyil. Bu vəhşiliyə, bu çarəsizliyə dözmək olarmı? Bakının ən qədim və köhnə kəndlərindən biri üfunət içində boğulur.

Başa düşürəm ki, Bakıda kanalizasiya, su sisteminin bərpası və çəkilməsi ilə bağlı işlər aparılır. Amma bu kifayət deyil. Təcili olaraq, işlərin tezləşdirilməsi üçün Neft Fondundan vəsait ayrılmalıdır. Xərclənməsinə də ciddi nəzarət olmalıdır. Bir manat oğurlayanın oğurladığı əli kəsilməli, xor baxanın gözü çıxarılmalıdır”- deyə bildirib.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları