Yuxarı

Əli Kərimlinin sifarişli Elçibəy düşmənçiliyi

Əli Kərimlinin sifarişli  Elçibəy düşmənçiliyi

 

Elçibəyin icra başçısı həqiqəti yazdı: “Yalandır! Elçibəy elə söz deməyib”

Əli Kərimlinin sədri olduğu “Yurd” təşkilatının mətbuat xidmətinin rəhbəri, qaçıb Fransaya sığınmış Natiq Ədilov “Elçibəyə gülürdük” adlı məqalə yazıb. Məqalədə N.Ədilov Azərbaycan Xalq Cəbhəsinin lideri, mərhum prezident Əbülfəz Elçibəyin guya dediyi sözə rişxənd edir. Elçibəyin səsləndirmədiyi fikri ondan “sitat” kimi qələmə verir. “Müxbirlər prezident Elçibəydən soruşurlar ki, bəy, bu pambıq işi nə olacaq? O da cavab verir ki, pambıqdı da, yığarlar, lap yaxşı, varlanarlar, yığmazlar da öz işləridir”, - deyə Natiq Ədilov yazısında qeyd edir.

Keçmiş icra başçısı yalanı ifşa etdi

Elçibəy hakimiyyəti dönəmində Salyan rayonu İcra Hakimiyyətinin başçısı olmuş Ədalət Yusubov Natiq Ədilovun yazısına etiraz edib. O, Elçibəyə “istinad olaraq” qələmə alınan yazıdakı “sitat”ın yalan olduğunu bildirib: “Əbülfəz Elçibəyin dilindən heç vaxt belə ifadə çıxmayıb. Əbülfəz bəyin adına məqsədli şəkildə düşmənlərimiz və rəqiblərimiz tərəfindən sırınmış bu “lətifə” Sabirabad rayonunda yaranıb. Həmin “lətifənin yaranmasına” səbəb Əbülfəz bəyin sovet imperiyasının yaramaz ənənələrini ifşa edən fikri  olub. Əbülfəz bəy hansısa müxbirin sualına Natiq Ədilovun ifadə etdiyi kimi cavab verə bilməzdi. Dövlət iqtisadiyyatında xüsusi çəkiyə malik olan pambıqçılığa prezidentin münasibətinin belə qeyri-ciddi olmasına inanırsınızmı? Əgər doğrudan belədirsə, Qarabağ cəbhəsində müharibənin tam şiddətilə getdiyi, Azərbaycan ordusunun Dağlıq Qarabağın ərazisinin 2/3 - ni erməni separatçılarından təmizlədiyi, cəbhədəki vəziyyətdən yana Rusiyanın və ABŞ-ın Azərbaycan dövlətinə siyasi basqılarının artdığı, hər gün beynəlxalq səviyyəli “sülh missiyasının”  prezidentin qapısının ağzında növbəyə dayandığı, ABŞ-ın hücumu dayandırmayacağı halda Azərbaycanı 907 saylı düzəlişlə hədələdiyi bir vaxtda prezident Elçibəyin və bütün hökumət nümayəndələrinin Sabirabadda, məlum müşavirədə nə işi var idi? Məqsəd bəllidir. Düşmənlərimiz və rəqiblərimiz Əbulfəz bəy haqqında qeyri-ciddi dövlət adamı obrazı yaratmaq siyasətini o zamandan özlərinin fəaliyyətlərinin əsas istiqamətlərindən biri kimi hədəfləyiblər”.

Sifarişi kim verib?

Əli Kərimlinin sifarişi ilə qələmə alınmış bu yazı “Yurd” sədri və çevrəsinin Əbülfəz Elçibəy düşmənliyinin başqa bir etirafıdır. Elçibəyin tarix və cəmiyyət tərəfindən Xalq Cəbhəsi lideri kimi tanınmasını qəbul etməyən Əli Kərimli özünü xilaskar lider obrazında görür və bu obrazı oynaya bilmədiyi üçün də hamıya, hər şeyə, adı onunla müqayisə olunmayacaq qədər yüksəklikdə dayanan hər kəsə, o cümlədən, Əbülfəz Elçibəyə də nifrət püskürür. Bütün səylərinə baxmayaraq, Elçibəyin kölgəsindən xilas ola bilmir. Çünki Xalq Cəbhəsi haqqında nəsə səslənəndə, deyiləndə belə istər mediada, istər sosial şəbəkələrdə, istərsə də ictimai söhbətlərdə Əli Kərimli xatırlanmır, Əbülfəz Elçibəyə istinad olunur. Lakin Əli Kərimli nəhayət anlamalıdır ki, bu cılız və səviyyəsiz yarlıqlarla ölümündən nəinki 16 il, 116 il də keçsə, Bütöv Azərbaycan ideyasını siyasi sistemə gətirən və Bütöv Azərbaycan qurmaq idealının banisi olan şəxsiyyətin bir müridi böyüklükdə ola bilməz, nəinki Əbülfəz Elçibəy nəhənglikdə…

Elçibəyə yaraşmayan ittiham

Əbülfəz Elçibəy siyasətdə olanda adına bir dəfə də “agent”, “harasa işləyir” damğası vurulmadı. Bunu heç hakimiyyət də etmədi. Çünki dönəmin iqtidarı və yetkililəri başa düşürdülər ki, xalq belə bir xurafata inanmayacaq. Heç bunu ona yaraşdırmadılar. Amma nəinki Əbülfəz Elçibəyin ölümündən sonra, hətta onun birinci müavini olduğu illərdə də Əli Kərimli ayaq səsinin eşidilmədiyi siyasi institut qalmadı. Prezident Aparatından qovdular, okeanın o tayında göründü, ABŞ-dan qovdular, izi İrana apardı, dönüb-dolaşıb yenidən hakimiyyətin içinə girdi, bu dəfə başını Kremlin sığalladığını gördük. Kreml əlini buraxdı, FETÖ-nün qucağına düşdü. İttiham ittiham üzərindən yağdı, agentliyi faktlarla ifşa olundu. Təbii ki, özünü müdafiə etdi, amma düzəlmədi. Xalqın bir müxalifətçi kimi ondan gözləntilərini puç etdi, indi də təhqir və tənqidləri özünə sığışdıraraq, geri addım atmır.

Kölgədə sürünən

Təkrar ifadələrlə müxalifətçiliyi imitasiya edən Əli Kərimli digər yandan demokratik düşərgənin dağıdılması işində hakimiyyətlə işbirliyindədir. Cəmiyyətin də elə bu səbəbdən müxalifətə inamı azalıb. Lakin xalqın real müxaliflərlə birləşmək şansı qalır. Yenidən çıxış yolu kimi cəmiyyətin müxalifətə üz tutması yaşadılan dəyərlərlə mümkündür. Məsələn, Əbülfəz Elçibəyə istinad edərək bir çətirin altına yığılmaq real bir işdir. Amma bu o vaxt olacaq ki, Elçibəyin siyasətə qazandırdığı dəyərlər nöqtə, vergülünədək dəqiq işləyəcək. Əli Kərimliyə isə bu şəxsi maraqlarına görə lazım deyil. Çalışdı ki, cəmiyyəti Elçibəy adına idarə etdiyi qurumun ətrafında birləşdirsin. Amma insanlar bundan imtina etdilər. Hər kürsüyə çıxışında xalqın Elçibəy sevgisi qara kölgə kimi əl çəkmədi, onu rahat buraxmadı. Ona görə də Elçibəyə qarşı kin və nifrətindən xilas ola bilmir. Hər dəfə də içindəki kini büruzə verdikcə, cəmiyyətin nifrətini qazanır, ətrafı azalır. Cəbhəçilərin lideri həmişəlik Əbülfəz Elçibəy olan AXCP-ni “Yurd” sədrinin işğalından azad etmələri də bunun nəticəsidir.

Ədalət Yusubov haqlıdır: adına böhtan atanlar, ondan “qeyri-ciddi siyasətçi” obrazı yaratmaq istəyənlər Əbülfəz Elçibəyin düşmənləridir. Hansı ki, Əli Kərimli bu işi görür, Xalq Cəbhəsi liderinin böyüklüyünü kiçildərək özünü lider kimi cəmiyyətə sırımaq istəyir.

Əfqan Ədilov





Həftənin ən çox oxunanları