Yuxarı

Demokratiyaya doğru zəfər yürüşü

Demokratiyaya doğru zəfər yürüşü

AXC-nin hakimiyyətə gəlişindən 25 il ötür

Bu gün Azərbaycan Xalq Cəbhəsinin de-fakto hakimiyyətə gəlişindən  27 il ötür. 1992-ci il may ayının 15-də kommunist nomenklaturasının Rusiyanın siyasi dəstəyi ilə dövlət çevrilişi edərək Ayaz Mütəllibovu hakimiyyətə qaytarmaq cəhdi  kütləvi  xalq etirazı  ilə qarşılandı. Həmin vaxt ümummilli təşkilat olan Azərbaycan Xalq Cəbhəsi  ölkənin müstəqilliyini təhlükədən xilas etmək üçün qiyamçı qrupa qarşı mübarizəyə qalxmaq məcburiyyətində qaldı.  Xalqın etiraz nümayişi  qarşısında tək qalan  A.Mütəllibov və qiyamın təşkilatçıları bir neçə saatdan sonra ölkəni tərk etməli oldu.  Hakimiyyəti  ələ alan  AXC  xalqın siyasi iradəsi ilə 1992-ci il iyunun 7-ə  seçkilər təyin etdi.  Həmin vaxt  Şuşanın işğalını önləyə bilməyən hakimiyyət artıq süqut eləmişdi.  Ona görə də xalqın qarşısında nüfuzunu, etibarını  itirmiş Mütəllibovun və onun komandasının yenidən Azərbaycana rəhbərlik etməsi  qeyri-mümkün idi. Ölkədə cəmiyyətin  güvəndiyi  yeni siyasi qüvvənin iqtidara gəlməsi zərurətə çevrilmişdi.  Elə bu səbəbdən də Azərbaycan Xalq Cəbhəsinin  hakimiyyətə  gəlməsi ümummilli  sifariş idi. 

1992-ci il iyunun 7-də Azərbaycanın müstəqillik tarixində ilk demokratik prezident seçkiləri keçirildi.  Azərbaycan Xalq Cəbhəsinin  sədri  Əbülfəz Elçibəy Azərbaycanın demokratik yolla seçilmiş ilk prezidenti oldu. Bununla da 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətindən miras kimi qalmış demokratiya irsi yenidən dirçəldi. 

Ona görə də 1992-ci il may ayının 15-dən başlanan proseslər Azərbaycanda milli dövlət quruculuğu və demokratikləşmə  istiqamətində yeni mərhələ hesab olunur.  Həm  15 may hadisələri, həm də iyunun 7-də keçirilmiş demokratik prezident seçkiləri  Azərbaycan xalqının demokratiyaya hazır olduğunu ortaya qoydu.  

Əbülfəz Elçibəyin prezidentlik dönəmi bütün postsovet məkanında demokratiyanın təntənəsi idi. Bir il hakimiyyətdə qalmasına baxmayaraq, AXC Azərbaycan dövlətçiliyinin təməl prinsiplərinin formalaşmasında silinməz izlər buraxıb.  Bu gün də Azərbaycanın əldə etdiyi bir çox siyasi uğurlar və dövlətçilik institutlarının formalaşması  AXC hakimiyyətinin  adı ilə bağlıdır.  

Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə  gəlişi ilə  itirilmiş torpaqların qırx faizindən çoxunu  erməni işğalçılarından geri aldı. Gülüstan qəsəbəsi  tamamailə azad edildi, hərbi əməliyyatlarla Laçının və Xankəndinin bir neçə kilometrliyinə kimi yaxınlaşdı. Azərbaycan Ordusunun formalaşdırılmasına başlanıldı. 1992-ci il oktyabr ayının 9-da Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi paradı keçirildi.

AXC-nin hakimiyyətə gəlişindən cəmi iki ay sonra, qısa vaxt ərzində Azərbaycanda ilk dəfə milli valyuta vahidi – manat çap edilib, dövriyyəyə buraxıldı.  Bu, çökmüş Sovet İttifaqı ölkələrində çox ciddi hadisə idi. Çünki SSRİ dağılandan sonra Kreml pul vahidini dəyişərək, ölkələrdə iqtisadi böhran yaratmaq istəyirdi. Amma bu, Azərbaycanda mümkün olmadı.
Təhsildə mühüm  islahat aparıldı və Azərbaycan tarixində ilk dəfə olaraq ali məktəblərə qəbul imtahanında  test üsulu tətbiq edildi. Ali təhsil müəssisələrinə qəbul  prosesində rüşvətə  tamamilə son qoyulması nəticəsində on minlərlə kasıb övladı arzuladığı  ixtisaslara qəbul olunmaq imkanı əldə etdi. Test üsulunun tətbiqi  eyni zamanda  Azərbaycanda bacarıqlı  kadrların hazırlanmasında mühüm rol oynadı. Həmin vaxtdan bəri  test üsulu Azərbaycan təhsil sisteminin əsaslarından birini təşkil edir. 

AXC hökumətinin sosial-iqtisadi  yönümdə siyasəti  bununla yekunlaşmırdı.  İlk dəfə özəlləşməyə start verildi  və bu zaman dövlət səviyyəsində bütün həssaslıqlar qorundu. Azərbaycanda iş adamları, mülkiyyət sahibləri üçün minbit şərait yaradıldı.  AXC  qısa müddətdə milli  müstəqilliyimiz üçün böyük təhdid olan rus qoşunları və hərbi bazalarının Azərbaycandan çıxarılmasına nail oldu.  Şərqi Avropada və bir çox post-Sovet ölkələrində Rusiya hərbi bazaları qaldığı halda AXC hakimiyyətinin siyasi iradəsi ilə Azərbaycanı tərk etməli oldu. Heç kimə sirr deyil ki, Kreml bu olaylardan qəzəb duyurdu və dünyada yüksək imicə malik AXC hakimiyyəti ilə barışa bilmirdi.

Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə BMT- Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünü pisləyən 4 qətnamə qəbul etdi. Münaqişə  tarixində dünya ictimaiyyətindən alınmış ən böyük dəstək bu idi. Dünya  işğalçılar geri çəkilməsini və Azərbaycanın ərazi bütövlüyünün  bərpa olunmasını tələb edirdi. 

Azərbaycan Avroatlantik məkana doğru ən böyük addımını atdı. Qərbyönümlü xarici siyasətin əsasının  qoyulması da AXC-nin adı ilə bağlıdır.  İlk dəfə Azərbaycan neftinin işlənməsi üçün Qərb şirkətlərilə danışıqlara başlandı. Sonradan bu danışıqları xatırlayan "dəmir ledi” Tetçer yazırdı: "Azərbaycan xalqı çətin ki, öz tarixində belə bir rəhbər görsün. O, hər sentin rəsmiləşib büdcəyə getməsi üçün saatlarla danışıq aparırdı, deyirdi ki, bu, bizim körpələrin gələcəyinin puludur”.  Bu sözlər AXC sədri, prezident Əbülfəz Elçibəy barəsində deyilib.

Əsası  AXC  iqtidarı tərəfindən qoyulan millətləşmə, dövlətləşmə, bütövləşmə  kursu özünün siyasi-ideya əhəmiyyətini  bu gün də qoruyub saxlayır. 

Müşfiq Abdulla 





Həftənin ən çox oxunanları