Yuxarı

"Yurd”un müxalifət imitasiyası

Xalqın maraqlarını qoruyan AXCP bu günün real müxalifətidir

Azərbaycan müxalifətini illərdir məğlub durumda saxlayan, daim uduzduran, qələbəyə həsrət qoyan "kabinet generalları” hələ də iş başındadır. Uduzmağı vərdişə çevirmiş ənənəvi müxalifət liderləri israrla  siyasi səhnədə qalmaqda davam  edirlər. Əslində etiraz etmək, insan hüquqlarının müdafiəsinə qalxmaq, hökumətin yürütdüyü siyasəti gündəmə gətirmək normaldı, lazımdır. Ancaq ənənəvi müxalifətin bu gün etdikləri tamamilə fərqli mənzərəni gün üzünə çıxarır. Cəmiyyətin çoxsaylı problemi var, ancaq ənənəvi müxalifət hələ də "kim kimdir” məsələsini müzakirə edir. "Ana müxalifət” statusu uğrunda savaşır. Bəs real müxalifət kimdir? Əli Kərimlinin "Yurd”u, yoxsa AXCP?

Bu məsələnin açılması isə yalnız təşkilatların fəaliyyətinin müqayisəsindən keçir. İlk olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Razi Nurullayevin rəhbərliyi altında bu günə qədər göstərdiyi fəaliyyətə, gördüyü işlərə nəzər salaq. AXCP sədri və funksionerləri bu 2 il ərzində kifayət qədər fəal siyasi fəalliyyətlə məşğul olublar.  AXCP bu illər ərzində ölkədə baş verən bütün iqtisadi, siyasi, sosial problemlərə anında reaksiya verib, problemləri və həlli yollarını göstərib. Əslində bunları bir sıra digər partiyalar da edirlər. Ancaq digərlərində çatışmayan bir məqam var ki, qabartdıqları problemdən çıxış yolunu göstərmirlər. AXCP isə gündəmə gətirdiyi problemlərdən çıxış yollarını göstərir. Ölkədə baş verən dərin total böhran zamanı AXCP 3 hissədən ibarət təkliflər paketi hazırlayaraq ictimaiyyətə və hökumətə təqdim etdi. Bu təkliflər həm ictimaiyyət, həm də hökumət tərəfindən yaxşı qarşılandı. Hətta AXCP-nin  təkliflər paketinə aidiyyatı üzrə hökumət qurumlarından rəsmi cavab da gəldi. Doğrudur, o, zaman partiyadan verilən məlumata görə hökumət AXCP-nin təkliflərini həyata keçirsə də qısqanclıq göstərir, bütün məsələləri öz adına çıxarır. Ancaq Razi Nurullayev çıxışı zamanı bildirdi ki, hökumətin AXCP-nin təkliflərini öz adına çıxması onları narahat etmir, bu partiya üçün vacib olan xalqa xidmət etməkdir.

Əli Kərimlinin "Yurd”unda isə mənzərə tamamilə fərqlidir. İllər ərzində "Yurd”un atdığı bütün addımlar siyasi nüfuza malik şəxslər tərəfindən daim tənqid atəşinə tutulub. Səbəb isə əslində sadədir. "Yurd” sədri Əli Kərimli ancaq şəxsi maraqlarını, büdcəsini qorumaq üçün çalışır. Bu gün müxtəlif yollarla xarici təşkilatlardan vəsait cəlb etməyə çalışan "Yurd” sədrinin xalq, millət, dövlət maraqları tamamilə yadından çıxıb. Ən azında görüntü bunu deməyə əsas verir. 

Əslində reallıqda elə göründüyü kimidir. Uzun illərdir həbslər üzərindən xarici təşkilatlardan vəsait alan Kərimli, bu gün özünü cəmiyyətə real müxalifət kimi təqdim etməyə çalışır. Amma təbii ki, xalq hər şeyi görür və əslində "Yurd”un nəyə xidmət etdiyinin fərqindədir. Hər iki təşkilatın göstərdiyi fəalliyyəti qısaca təhlil etməyə çalışdıq. Kimin real müxalifət olduğuna isə artıq xalq qərar verəcək. Əslində xalq da artıq öz qiymətini verib. 

Vilayət Muxtar





Həftənin ən çox oxunanları