Yuxarı

Elçibəyin sirli məktubları

Elçibəyin sirli məktubları

Əli Mürsəloğlu: "Novella xanım düz deyir...”

Almurad Əliyev: "Bu məktublar barədə heç nə bilmirəm”

Oqtay Qasımov: "Nə məktublardan, nə də onların məzmunundan xəbərim var”

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu Xalq Cəbhəsinin mərhum lideri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəylə bağlı ilginc faktlar açıqlayıb. "Cümhuriyət” qəzeti xəbər verir ki, Əvəz Zeynallının "Qaynar qazan”ının qonağı olan Novella xanım Elçibəyin onun həyat yoldaşı Vilen Epelbauma yazdığı məktubların İsraildə olduğunu bildirib.

Müsahibədə Novella xanım həyat yoldaşı ilə Elçibəyin çox yaxın dost olduqlarını deyib: 

"Vilen Epelbaum Elçibəylə yəhudi lobbisi arasında etibarlı vasitəçi olub. Elçibəy Kələkiyə getdikdən sonra mənim vasitəmlə İsraildə yaşayan həyat yoldaşıma məxfi məktublar yazıb. Bu məktubların məzmunu ilə mənim özüm də tanış ola bilməmişəm. Vilen Epelbaum indi də buna imkan vermir. Əbülfəz bəy elə qəşəng şeylər yazıb ki. O, yazdığı şeyləri də burada heç kəsə etibar eləməyib, mənim yoldaşıma göndərib, ondadır. O hətta, mənə də oxumağa vermir. Deyir, "vaxtı, zamanı gələndə verəcəm”. Heç kimə heç nə vermir. Deyirəm ki, "ə, ölüb gedəcəksən, bu yazılar batacaq”. Deyir, "oğlun bilir haradadır. O vaxt Kələkidən hamısını yazıb göndərmişdi”.

Xatırladaq ki, Novella xanımın həyat yoldaşı Vilen Epelbaum İsraildə yaşayır. O, Elçibəy hakimiyyətdən gedəndən sonra 3 oğlunu da götürərək İsrailə köçüb. Novella Cəfəroğlu isə Azərbaycanda qalmağa üstünlük verib.

"Novella xanım düz deyir”

Əbülfəz Elçibəyin köməkçisi Əli Mürsəloğlu "Cümhuriyət” qəzetinə açıqlamasında bu məktublar haqda məlumatlı olmadığını deyib. Lakin o, Novella Cəfəroğlunun iddiasını təsdiq edib: 

"Elçibəyin məktub yazması haqda heç nə deyə bilmərəm, bu barədə məlumatım yoxdur. Amma Novella xanımla, onun həyat yoldaşı ilə Elçibəy çox yaxın münasibətə malik idi. Xatırlayıram ki, hələ uşaq idim. Novella xanım bizim kənddə işləyirdi. Həyat yoldaşı Vilen də oradaydı. Həmin vaxtlar Novella xanım və həyat yoldaşının Əbülfəz bəylə çox yaxşı münasibətləri vardı. Vilen çox gözəl insan idi. Özüm də şəxsən tanıyıram, o da məni tanıyır. Hazırda münasibətimiz var. Amma aralarında məktublaşmanın olması haqda heç nə deyə bilmərəm. Amma bilirəm ki, Vilenlə Elçibəy möhkəm dost idi”. Əli Mürsəloğlu mərhum prezidentin vəsiyyət yazması barədə mətbuatda yayılan məlumatlara da münasibət bildirib: "Bu barədə də məlumatım yoxdur. Ancaq inanıram ki, Novella xanım düz deyir, belə bir məktublaşma olub. Bir istək, bir də könüldən bağlılıq var. Novella xanım dırnağından saçınadək, nəfəsinədək Elçibəyə bağlı insandır. Bu, sevgi gəncliyindən gəlir. Bəyi o qədər çox istəyirdi. Aralarında güclü hörmət bağları vardı. Bu insani münasibəti mən də davam etdirirəm. Novella xanım bizim əzizimizdir”.

"Bəyin məktub yazmaqla o qədər arası yox idi”

Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev də Vilen Epelbaumla Xalq Cəbhəsi lideri arasındakı məktublaşma barədə "Cümhuriyət” qəzetinin sualını cavablandırıb. Almurad ağa da bununla bağlı məlumatsız olduğunu deyib: 

"Novella xanımın həyat yoldaşı ilə Elçibəy yaxın dost idilər. Amma bu məktublar barədə heç nə bilmirəm. Novellanın özü daha yaxşı bilər”. A.Əliyev Elçibəyin digər tanınmış şəxslərlə məktublaşması barədə olan fikirlərə də münasibət bildirib: "Elçibəyin o qədər də məktub yazmaqla arası yox idi. Amma mənim bilmədiyim çox şey ola bilər, mümkündür ki, kimlərləsə də məktublaşıb. Novellanın həyat yoldaşı ilə dost, sirdaş idilər. Yaxşı kişidir, pis kişi deyil, çörək kəsmişik”.

"Görüşlərlə bağlı məktublar ola bilər”

Mərhum prezidentin köməkçisi Oqtay Qasımov da "Cümhuriyət” qəzetinə bu məktublaşmadan xəbərsiz olduğunu bildirib. O, qeyd edib ki, həmin vaxt Elçibəyə gələn telefon zənglərini yönəldib, amma məktublar barədə heç nə bilmir: 

"Əgər Novella xanımın özünün həyat yoldaşına yazılan məktubların məzmunundan xəbəri yoxdursa, mənim ümumiyyətlə, yoxdur. Əbülfəz bəy çox adamla məktublaşıb. Vilen Epelbaumla da Elçibəyin uzun müddətə dayanan dostluq münasibətləri olub. Həmin dönəmdə Elçibəyin telefon danışıqlarını mən əlaqələndirmişəm. Yəqin ki, həmin məktublar da Novella xanıma verilib və bunları da Vilen Epelbauma o çatdırıb. Buna görə də nə məktublardan, nə də bunların məzmunundan xəbərim yoxdur. Bunlar görüşlərlə bağlı olan məktublar ola bilər”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları