Yuxarı

MSK hesabat verməyən partiyalarla bağlı tədbir görəcək

MSK hesabat verməyən partiyalarla bağlı tədbir görəcək

Mikayıl Rəhimov: "Müzakirələr aparıldıqdan sonra qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək”

Tural Abbaslı: "Adımızın hesabat verməyən partiyalar siyahısında olması anlaşılan deyil”

Siyasi partiyalar 1 aprel tarixinə qədər Mərkəzi Seçki Komissiyasına (MSK) maliyyə hesabatlarını təqdim etməli idilər. Ancaq hələ də bir sıra siyasi partiyalar MSK-ya hesabat təqdim etmədiyi üçün bu məsələ yenidən gündəmə gəlib. Qeyd edək ki, "Siyasi partiyalar haqqında” qanuna görə, siyasi partiyalar ildə ən azı bir dəfə Mərkəzi Seçki Komissiyasına (MSK) maliyyə hesabatı təqdim etməlidir. Ancaq statiskaya nəzər saldıqda bir çox partiyaların "boş hesabat” verdiyinin, yəni, gəlirlərinin olmadığının şahidi oluruq. 

Hətta siyasi partiyalardan ümumiyyətlə, hesabat verməyənlər də az deyil. Ötən il hesabat verməyən partiyaları nə gözləyir -  sualına cavab olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov "Cümhuriyət” qəzetinə qanunvericiliyə uyğun olaraq müəyyən addımlar atılacağını demişdi. "Qanunvericilikdə bütün maddələr göstərilib. Biz də qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq addımlar atacağıq”-deyə MSK katibi bildirmişdi.

Qeyd edək ki, Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Milli Məclisin üzvü Siyavuş Novruzov isə deyir ki, vaxtlı-vaxtında hesabat verməyən siyasi partiyalarla bağlı Respublika Baş Prokurorluğu tərəfindən məsələ qaldırılıb. "Şəffaflığın təmin olunması üçün hesabat verməyən siyasi partiyalara qarşı araşdırmalar aparılacaq”.

Hesabat təqdim etməyən partiyaların sayı isə 16-ya bərabərdir. Bunlar Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Demokrat İdrak Partiyası, Azərbaycan Kəndli Partiyası, Vahid Azərbaycan Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Sosial Ədalət Partiyası, Milli Konqres Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Tərəqqi Partiyasıdır. Bu il aprelin 1-dək cəmi 28 partiya hesabat verib, 11 partiyanın hesabatı isə sonrakı müddətdə qeydə alınıb. Qeyd edək ki, hesabat verməyənlər sırasında Əli Kərimlinin rəhbərlik etdiyi "Yurd”da var.

Bəs düzgün hesabat verməyən siyasi partiyaları nə gözləyir?

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu məsələ ilə bağlı konkret müzakirələr aparılmayıb: "Müzakirələr aparıldıqdan sonra qanunvericiliyə uyğun olaraq tətbirlər görüləcək”.

Hesabat verməyən partiyalar siyahısında adı olan Vahid Azərbaycan Partiyası, yeni adı ilə Ağ Partiyanın sədri Tural Abbaslı isə MSK-ya hesabat təqdim etdiklərini vurğulayıb: "Biz partiya olaraq maliyyə hesabatını MSK-ya təqdim etmişik. Bizim adımızın hesabat verməyən partiyalar siyahısında olması anlaşılan deyil. MSK bu barədə gərək bizə məlumat verərdi. Ancaq onlar siyasi partiyaları bir-bir sıradan çıxarmağa çalışırlar. Belə getsə, siyasi səhnədə cəmi partiya qalacaq ki, o, da hakim partiya olacaq. Hesab edirəm ki, bu demokratiyaya zidd addımdır. Əgər belə bir problem varsa, MSK ən azından bizimlə əlaqə yaratmağa cəhd göstərməlidir. Çünki biz hesabatımızı MSK-ya təqdim etmişik”.

Vilayət Muxtar