Yuxarı

Əli Kərimliyə yeni missiya

Əli Kərimliyə yeni missiya

"Yurd” təşkilatının sədri Əli Kərimlinin müavini Gözəl Bayramlının həbsi ətrafında müzakirələr davam edir. "Yurd”  həbsi "siyasi motivli” adlandırsa da, digər tərəflər məsələnin içində başqa məqamların gizləndiyini bildirirlər. Həbsin ilk günlərində Əli Kərimli tərəfindən sosial şəbəkələrdə dəstək kampaniyası "yüksək səviyyədə” təşkil olunsa da, sonrakı günlərdə Gözəl Bayramlı məsələsi ətrafında sükut yarandı. Lakin Əli Kərimli gündəmə gəlmək, ya da başqa maraqları üçün yenidən müavininin həbsindən danışmağa başlayıb. O, son çıxışında hakimiyyəti siyasi həbslərə son qoymağa və buna görə də Gözəl Bayramlını azad etməyə çağırıb.

Gözəl Bayramlının gözlənilməz həbsinin və Əli Kərimlinin iddiasının görünməyən tərəflərinin olduğu heç kəsə sirr deyil. Məlumdur ki, o, Gürcüstan - Azərbaycan sərhədində çantasında külli miqdarda maddi vəsaitlə tutulub. O da məlumdur ki, xaricdən bu formada pul daşınmaları Azərbaycan hakimiyyətinin nəzarəti altındadır. Ölkəyə istənilən həcmdə pul, yaxud məhsul hakimiyyətin senzurasından keçərək buraxılır. Əlbəttə, uzun illərdir bu haqda danışılır. Sirr deyil ki, Əli Kərimlinin hakimiyyət daxilində dəstəkçiləri var və həmin dəstəkçiləri tərəfindən "Yurd” sədri ilə bir sıra sahələrdə həmin qrup arasında əməkdaşlıq var.  

Hakimiyyətin "müxalifət lideri” oyunu

Astroloq, falçı və alim olmağa ehtiyac yox idi ki, Gözəl Bayramlı sərhəddən çantasında iri həcmdə pulla keçərkən saxlanılacaq və Əli Kərimli də bunu yaxşı bilirdi. Məhz bu, Gözəl Bayramlını Əli Kərimlinin öz şəxsi maraqları üçün qurban vermək məqsədi daşıyırdı. Vaxtilə digər müavini Fuad Qəhrəmanlını da bu məqsədlərinin qurbanına çevirdi. Şübhəsiz ki, bütün bunların özəyində "Yurd” sədrinin bir müddət təbliğat vasitəsi ilə gündəmdə qalmaq, özünü "müxalifət lideri” kimi cəmiyyətə sırımaq və xarici təşklilatlar və səfirliklərdən pul qoparmaq niyyəti dayanırdı. İnandırıcı ehtimaldır ki, hakimiyyət daxilində də kimlərinsə əllərilə oynanan bu oyun Əli Kərimli ilə birgə hazırlanmış ssenaridir. Milli Şura və "Yurd”un imitasiya xarakterli mitinqlərindən də məlumdur ki, hakimiyyət Əli Kərimlinin simasında "müxalifət lideri” düzəldib cəmiyyətə sırımaq istəyir.

Müxalifəti parçalamaq

Cəmiyyətin Əli Kərimlini "müxalifət lideri” kimi tanıması hakimiyyətin maraqlarına uyğundur. Çünki cəmiyyət arasında dəstəkçisi az olan "Yurd” sədri müxalifət daxilində separat fəaliyyəti ilə bu düşərgəni parçalamaq işinin peşəkarıdır. 2013-cü ildə müxalifət birliyinin prezident seçkilərində hakimiyyət uduzmasında böyük və əsas pay sahibi olan bu şəxsin fəaliyyətinə gələn il keçiriləcək seçkilər yaxınlaşdıqca daha çox ehtiyac hiss edilir. Qərb institutları ilə bütün əlaqələri kəsildiyinə görə, yenidən hakimiyyətlə əlaqələrini bərpa edib. İnandırıcıdır ki, özünü cəmiyyətin diqqətində yenidən qaldırmaq və hakimiyyətin işinə yaramaq xatirinə müavinlərini "xərcləməyə” başlayıb.

O da sübut olunub ki, "Yurd”un sıravi üzvlərinin həbsi Əli Kərimliyə ölkə daxilində böyük xallar qazandırmır, buna görə də təşkilatının nüfuzlu sayılacaq şəxslərini qabağa verib öz şəxsi maraqlarını həyata keçirir.
Əlbəttə, məqsəd bəllidir, separat fəaliyyətlə müxalifəti parçalamaq. O da sirr deyil ki, bu fəaliyyətinə görə, Azərbaycan hakimiyyəti Əli Kərimliyə iri həcmdə maddi vəsaitlər verir. Əli Kərimli hakimiyyətin "müxalifət naziri” olmaqla yanaşı, həm də gizli işbirliyində olduğu bu siyasi rejimin "təbliğat naziri”dir.

Mənsur





Həftənin ən çox oxunanları