Yuxarı

Bakıya ölümcül "rus xrizanteması”

Bakıya ölümcül

Rusiyadan Azərbaycana yeni silah partiyasının göndərilməsi Ermənistanı ciddi narahat edib. Artıq İrəvanda qəzəb ən yüksək həddə çatır. 

Cebhe.info xəbər verir ki, bu barədə Rusiyada yayımlanan mətbuat orqanları məlumat yayıb. Rusiya mətbuatı Azərbaycanın aldığı silahların Ermənistanda qəzəb doğurduğunu bildirərək "Müharibə qoxusu gəlir",- deyə vurğulayır. 

Ermənistan Rusiyanın Azərbaycana 5 milyard dollarlıq rus silahının satılması barədə əvvəlcədən məlumatlı olsa da "Bu nədir?” soruşur”,- deyə mətbuat qeyd edir. O da bildirilir ki, Azərbaycan Müdafiə Nazirliyi hələlik məhz hansı ölümcül silahların gətirildiyini açıqlamayıb. Ancaq bununla yanaşı Azərbaycan ordusunun təchizatının hansı silahlar hesabına yaxşılaşdırılması ilə bağlı ilkin məlumatlar artıq var. Söhbət ilk növbədə tank əleyhinə idarə olunan "Xrizantema-S" raket kompleksindən gedir.

Erməni ekspertlər hesab edir ki, Azərbaycan Rusiyadan  100 ədəd T-90 tankı almağı da planlaşdırır. 

Rusiya mətbuatı yazır ki, Ermənistan hərbi dairələri Azərbaycana Rusiyadan göndərilən silahlarla bağlı narahatlıqlarını ən sərt dildə ifadə edir. Müdafiə naziri Vigen Sarkisyan bildirib ki, Azərbaycan siyasi problemi müharibə yolu ilə həll edə bilməz: "Nazir bununla yanaşı öz həmvətənlərini həm də sakitləşdirərək bildirib ki, Rusiya Ermənistana da silah satır, üstəlik daxili qiymətlərlə". 

Xarici işlər nazirinin müavini Şavarş Koçaryan isə bildirir ki, Ermənistan təhlükəsizliyi məsələsində ilk növbədə özünə arxalanmalıdır: "Əlavə gözləntilər lazım deyil. Biz Rusiya və digər ölkələrlə xarici siyasətimizi reallığa əsaslanaraq qurmalıyıq". Cəbhə xəttində genişmiqyaslı müharibə gözləntisinə gəlincə, nazir müavini "Biz hər zaman ona hazır olmalıyıq", - deyib. 

"Armenian Report" isə Rusiyaya xitabən "Sağ ol, müttəfiqcik",- deyə yazıb. "Novosti Armeniya” isə məsələyə münasibət bildirən media eksperti Samvel Martirosyanın sözlərini təqdim edir: "Bakılılar üçün daha nə qədər "gül" və gəmi nəzərdə tutulub?"

Siyasi şərhçi Arman Abovyan  məsələyə daha fərqli yanaşıb: "Gec və ya tez ruslar anlayacaq ki, bu rus silahları rus əsgərlərinə atılacaq. Azərbaycan uzun müddət qardaşlıq oyunu oynamayacaq".

Rusiyanın məşhur "Rosbalt" saytında yayımlanan məqalədə qeyd olunur ki, Rusiya Azərbaycana satdığı silahlarla Ermənistanı özündən indiyə qədər olmayacaq dərəcədə uzaqlaşdırıb: "Rusiya özünə dost tapmağa çalışacaq, ancaq sakit tərzdə. Bu mənada Rusiya doğru qənaətdədir: Ermənistan ondan heç yerə uzaqlaşmayacaq". 

Məqalədə vurğulanır ki, baş verənlər Şimali Qafqazda bəzi kataklizmalara gətirib çıxaracaq: "Ancaq Rusiyanın öz qiyamçı regionunu ram etməsi ilk dəfə deyil. Ermənistan isə hələlik açıq məğlubiyyət vəziyyətindədir".

Xəzər





Həftənin ən çox oxunanları