Yuxarı

Müxalifətin seçki hazırlığı

Müxalifətin seçki hazırlığı

Əli Əliyev: "Seçki qərargahı yaratmışıq, namizəd haqqında qərarımız var”

Vüsal Qarayev: "Vətəndaşın seçkiyə, siyasi proseslərə inamı qalmayıb”

Əli Orucov: "İnsanlar da proseslərə biganə yanaşır”

2018-ci ildə ölkədə prezident seçkiləri keçiriləcək. Lakin müxalifətdə bununla bağlı siyasi aktivlik hiss edilmir. Əksinə, az müddət qalmasına baxmayaraq müxalifət partiyalarında aktivlik görünmür. Müxalifətin seçkiyə hazırlaşmamasının səbəbi nədədir?

Vətəndaş və İnkişaf Partiyası (VİP) sədri Əli Əliyev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, siyasi təşkilatlar gözləmə durumundadır: 

"Hər kəs vəziyyətin necə olacağını gözləyir. Çünki həm regiondakı, həm dünyadakı, həm də hakimiyyət daxilindəki  vəziyyət bir qeyri-müəyyənlik yaradıb. Yəqin ki, bütün siyasi təşkilatların da gözləmə mövqeyində olmasının səbəbləri məhz bu sadaladığım səbəblərdir.Cərəyan edən hadisələr də, məsələn, Yasamal rayon İcra hakimiyyəti başçısının prezidentin xəbəri olmadan məscidin sökülməsi ilə bağlı sərəncam verməsi və bu səbəbdən işdən çıxarılması hakimiyyətdaxili situasiyanın gərgin olduğunun bariz nümunəsidir. Ona görə də hələ heç kim nəyin baş verəcəyini bilmir. Beynəlxalq təşkilatların da bu məsələyə hansı prizmadan yanaşacağı məlum deyil.

Biz isə Vətəndaş və İnkişaf Partiyası olaraq seçki qərargahı yaratmışıq,  namizəd haqqında qərarımız var.  Biz ümumiyyətlə, seçkilərə bir il qalmış başlayırıq. Ancaq vəziyyətə uyğun olaraq hesablamalar aparmışıq və qənaətimizə görə bu ilin payızında da seçkilər keçirilə bilər. Buna görə də biz artıq seçkiyə start vermişik. Bizim müraciətimizdə də göstərilir ki, yalnız bir halda, müxalifətin geniş koalisiyasi və vahid namizədi olacağı halda biz öz qərarımıza yenidən baxa bilərik.Əks halda, partiya özü öz yaratdığı heyətlə seçkilərə qatılacaq”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev isə "müxalifət seçkiyə hazırlaşmır” fikri ilə razılaşmadığını deyib:

 "Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq 2018-ci ili ölkədə siyasi dəyişikliklər ili elan etmişik. Və məqsədimiz uğrunda da var gücümüzlə çalışırıq.Məsələn, bölgələrə səfərlər edirik, ciddi şəkildə təşkilatlanırıq.Amma ümumilikdə, bəli, müxalifət cəbhəsində ciddi bir durğunluq var. Bunun əsas səbəbini ölkədə demokratik seçkilərin olmamasında görürəm.Bəllidir ki, son illər keçirilən seçkilərin əksəriyyətində saxtakarlıq qeydə alınıb.Neqativ proseslərin bütün seçkilərdə təkrarlanması müxalifəti də, vətəndaşı da ruhdan salıb.

Digər bir tərəfdən də vətəndaşın müxalifətə də  inamı qalmayıb. İllərdir uğursuz fəaliyyət, daha doğrusu fəaliyyətsizlik, daxili çəkişmələr, eqo savaşları insanları ruhdan salıb.Vətəndaş artıq müxalifətdən heç nə gözləmir. Belə bir vəziyyətdə  vətəndaş ümidini yalnız Allaha bağlayıb, yaxud çıxış yolunu ölkəni tərk etməkdə görür.  Belə bir durumda  AXCP olaraq Razi Nurullayevin sədrliyi ilə bu gedişata "dur” deməyə çalışırıq. Və qismən də nail oluruq. Günü-gündən sıralarımızın genişlənməsi buna sübutdur.Lakin hələ görüləcək işlər çoxdur.Məqsədimizə çatmaq üçün bizə uzun illər lazımdır”.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov isə müxalifətin seçkilərə hazırlaşmamasını seçki mühitinin olmaması ilə əlaqələndirdi: "Ölkədə seçki sistemi, seçkiyə inam yoxdur. Nəyinsə xatirinə fəaliyyət göstərməyin də heç bir mənası yoxdur.Ona görə də müxalifət seçkilərə hazırlaşmır.İnsanlar da proseslərə biganə yanaşır, seçkilərdə fəal iştirak etmirlər. Bu gün seçkiyə hazırlaşmaq yox, ümumilikdə seçki sistemini  dəyişdirmək lazımdır. Bu da təkcə bir partiyanın görə biləcəyi iş deyil”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları