Yuxarı

AXCP sədri: "2018-ci ildə əlimizdən gələn hər şeyi edəcəyik ki, vəziyyət dəyişsin”

AXCP sədri:

"Bəs bütün dünyaya mal çıxarırdıq, Azərbaycan məhsulları da dünya marketlərini doldururdu?  Bir dəfə İstanbul hava limanında Azərbaycan çayının kiçik bir stendini görmüşəm. Rusiyanın bəzi süpermarketlərində isə Azərbaycan narının şirəsini. Azərbaycan pomidoru bazarlarda satılır. Məhz, bazar və kiçik ticarət köşklərində. Amma hər gün mətbuatda oxuyuruq ki, ixarıcımız nə qədər artıb, məhsullarımıza təlabat böyüyüb, dünya bizim ixrac potensialımızdan şoka düşüb. Satdığımız nefti ixrac potensilı kimi qələmə veririk. Heç olmasa onu da son məhsul kimi etsəydik, dərd yarı idi”. 

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurulayev Azərbaycandan ixrac edilən məhsulların siyahısına münasibət bildirərkən deyib. 

Partiya sədri qeyd edib ki, Azərbaycanda işsizlik ucbatından milyonlarla insan vətəni tərk edib, MDB məkanında, Türkiyədə, Avropa və ərəb ölkələrində qul kimi çalışır: 

"Əgər ciddi ixrac potensialımız olsa idi, onlar da gedib qul kimi işləməzdilər. Milyardlar ölkəsinin qul sakinləri olmazdılar. Məsələ burasındadır ki, hökumət yalan danışmaqla məşğuldur. İnzibati üsullarla bu xalqı idarə etmək, onun iradəsini sındırmaq olar, amma ixracı artırmaq olmaz. Sizin üsüllarınız Azərbaycan sərhədləri çərçivəsində mümkündür. Prezident göstəriş verir ki, qeyri-neft sektorunu inkişaf etdirmək və ixracyönümlü məhsulları artırmaq lazımdır. Hökumət keçir hiyləyə. Birinci şəxsin tapşırığı var, demək növbəti iclasda hesabat vermək lazımdır. Tez bir-iki ixrac missiyası düzəldirlər, o ölkələrdə səfirliklərin xətti ilə bir-iki "sən öl, mən öl" başa düşən adam tapırlar və deyirlər ki, sən dədənin müqəddəs qəbri bizdən bir-iki şüşə şərab al, bir az mürəbbə, bir az qoz-fındıq, bir az da nar şirəsi. Onlar da alır və bilir ki, sabah onun əvəzini beş qat çıxacaq. Bu cür qeyri-neft ixracatını artırmaq olar?”

İxracatla bağlı internet portalının hazırlanmasını gözəl təşəbbüs və faydalı resurs adlandıran AXCP sədri onun normal işləməməsinə diqqət çəkib: 

"Sahibkarların çoxuna kompüter düyməsi basmağı öyrətmək lazımdır. Heç düz-əməlli rekvizitlərini təqdim edə bilmirlər. Əmin olmaq üçün azexport.az portalına girib baxın. Çünki onlar öyrəniblər ki, rüşvət verib iş qursunlar, "krışa" tapsınlar, inzibati üsullarla mallarını sırısınlar, büdcə təşkilatlarını məcbur edib abunə etsinlər, mallarını aldırsınlar və s. Belə dövlətçilik qurmaq olarmı? Niyə yalanlar danışıb xalqın başının altına yastıq qoyursunuz? Siz məhsulları ixrac etmək istəyirsinizsə, təchizatçı adlanan şirkətlərlə iş birliyi qurun, siz ABŞ, Almaniya, Yaponiya deyilsiniz ki, sizin malları sərgidə görüb növbəyə dursunlar. Bizim üçün ən uyğun bazar Rusiyadır. Avropa Birliyi böyük bazar olsa da, onlarla gizlin-paç oynayırıq, gah inteqrasiya oluruq, gah söyürük, gah barışırıq, gah ultimatum veririk, gah onlar qətnamə qəbul edir bizə qarşı, şərtlər irəli sürürlər, Azərbaycan da hamısını rədd edir. Belə olan halda bu bazar bizlik deyil. Gürcülər kimi ola bilmədik. Olsa idik, biz də vizasız gedib gələrdik, məhsullarımızı da ixrac edərdik. İndiki halda, yolumuz Rusiya bazarıdır. Tükənməz və bitməz Rusiya bazarı. Okean kimi hər şeyi udur. Zatən Rusiyanın da nazı ilə oynayırıq, bir sözünü iki etmirik. Niyə bu bazarlarda məhsullarımız olmasın? Niyə minlərlə yeni iş yerləri açılmasın? Bunun üçün Rusiyanın böyük ticarət şəbəkələri ilə birbaşa danışmaq lazımdır. Rusiyanın ən böyük super, hiper marketlər şəbəkəsi olan "Lenta", "Spar", "Okey", "Maqnit", "Aşan", "Ptyoroçka" kimi yerlərdə Azərbaycan məhsulları yoxdur. Amma, nə qədər desəniz gürcü və erməni məhsulları var. Bütün Rusiya onların məhsulları ilə doludur. Girin Rusiyanın turizm saytlarına. Hamısında Gürcüstan və Ermənistana tur paketlər satılır. Əgər bir yerdə Azərbaycana satılan tur paket tapsanız, hökumətə müraciət edin, sizə mükafat verəcək. Budurmu sizin idxalınız, turizminiz?”

AXCP sədri çıxış yolunu da göstərib:

"Yolunu sizə deyim, Rusiyada hər şey inzibati yollarla həll edilmir. Gedib birbaşa o şəbəkələrlə danışın və inandırın, güzəştlər edin, Bakıya dəvət edin, bilmirəm nə edin, bəlkə də ən yaxşı bacardığınız işi edin, rüşvətlə ələ alın ki, bizim məhsulları da satsınlar. Axı bu məhsulların ixracı Azərbaycanda iş yerləri deməkdir, bu tifil xalqa yazığınız gəlsin.

Bacarmırsınız, verin sahələri bizə, görün idarəçilik necə olur, iş necə qurulur və nəticələr necə olur. Çəkilin kənara öz xoşunuzla. Onsuz da 2018-ci ildə biz əlimizdən gələn hər şeyi edəcəyik ki, vəziyyət dəyişsin. Bunu yeni insanlar bacaracaq. Onilliklər boyu sizin kimi kürsüdə əyləşən və mənasız söz yığnağı ilə məşğul olan ənənənvi müxalifət yox. Onlar qurumuş ərik kimidirlər. Su töküb canlandırmaq istəsən çürüyəcəklər. Onlar da sizin kimi söz dağarcığıdırlar. Sözçülük qurtardı, mənasız danışmaq sizin, hərəkət etmək bizim olsun! Bu xalqa yaxşı həyat vermək üçün yola çıxmışıq!”

Cebhe.info





Həftənin ən çox oxunanları