Yuxarı

İrəvanı geri ala bilərikmi?

İrəvanı geri ala bilərikmi?

Nəsiman Yaqublu: "Bu, o qədər də real görünmür. Amma beynəlxalq təşkilatlara müraciət etmək lazımdır”

Dilavər Əzimli: "İrəvanı verməsəydik, Azərbaycan Gürcüstan, Ermənistan və Rusiya arasında bölüşdürüləcəkdi”

Sərdar Cəlaloğlu: "Məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırmaq mümkündür”

Azərbaycan Milli Şurası 1918-ci ilin may ayının 29-da İrəvan şəhərinin siyasi mərkəz kimi müvəqqəti ermənilərə verilməsi haqqında qərar verdi. Qərarın verilməsindən əvvəl - Zaqafqaziya seyminin dağılmasından sonra (1918, 26 may) Erməni Milli Şurası Tiflisdə Ermənistan (Ararat) Respublikasının yaradıldığını elan etmişdi. 1918-ci il mayın 29-da Tiflisdə Azərbaycan Milli Şurasının iclası keçirildi. İclasın 3 nömrəli protokoluna görə, Fətəli xan Xoyski şura üzvlərinin Azərbaycan və Erməni federasiyası ərazilərinin sərhədləri məsələsinə dair Erməni Milli Şurası ilə apardıqları danışıqların nəticələri barədə məruzə edib.

Xoyski məruzəsini Erməni federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazım olduğunu, Aleksandropolun (Gümrü) Türkiyəyə keçməsindən sonra belə mərkəzin yalnız İrəvan ola biləcəyi haqqında məlumat verdikdən sonra İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruri olduğunu bildirib. Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Məhəmməd Məhərrəmov bu məsələ üzrə çıxış edərək, İrəvanın ermənilərə güzəştini tarixi zərurət, labüd bədbəxtlik adlandırdılar. Bu məsələ üzrə səsvermə nəticəsində 28 Şura üzvündən 16-sı İrəvanın güzəşt edilməsinin lehinə, 1 nəfər əleyhinə səs verib, 3 nəfər bitərəf qalıb. Beləliklə, Azərbaycan Milli Şurası İrəvanın Ermənistana güzəştə gedilməsi haqqında qərar qəbul etdi. Azərbaycan Cümhuriyyəti hökumətinin baş naziri Fətəli xan Xoyski mayın 29-da xarici işlər naziri Məmməd Həsən Hacınskiyə yazırdı: "Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və muharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”.

İrəvanın Azərbaycana qaytarılması və Ermənistanın statusu

Milli Şuranın iyunun 1-də keçirilən iclasında həmin məsələyə yenidən baxılaraq, bu qərara protest elan edildi. Çünki bunu şuranın İrəvandan olan 3 üzvü imzalamışdı. 

Milli Şura protesti müzakirə olunmadan iclas protokoluna əlavə etməyi qərara aldı. Bir sıra mənbələrdə isə qeyd olunur ki, İrəvan ermənilərə 99 illiyə icarəyə verilib və həmin anlaşmanın şərtləri əsas götürülərək, Ermənistan və Azərbaycan arasında imzalanmış müqavilədə göstərilən tarixdən sonra bu məsələ və Ermənistanın statusu ilə bağlı tərəflər arasında danışıqlar başlamalıdır. Həmin müqavilə ilə İrəvanın Azərbaycana geri qaytarılması məsələsinin hüquqi tərəfdən həll edilməsinin istisna olmadığı müzakirə mövzusudur.

"İndi Bakı Rusiyanın quberniyası ola bilərdi”

Tarix elmləri üzrə fəlsəfə doktoru, Rəsulzadə İrsini Araşdırma Fondunun rəhbəri Nəsiman Yaqublu "Cümhuriyət” qəzetinə bildirib ki, ermənilərdən torpaq almaq, o qədər də asan məsələ deyil. O, qeyd edib ki, əgər onlardan torpaq almaq asan məsələ olsaydı, 25 il ərzində Qarabağı azad edərdik:

 "Məsələyə bu tərəfdən baxanda, İrəvanın geri qaytarılması o qədər də real görünmür. Amma hüquqi baxımdan bizim beynəlxalq təşkilatlara müraciət etməyimiz mütləq lazımdır. Ən az, təbliğat xarakterli kampaniya aparmaq olar. Ermənilərin işğalçı olduqları və bu işğallarla Azərbaycan ərazilərində özlərinə dövlət qurduqlarını dünya ictimaiyyətinə çatdırmaq üçün bu lazımdır. Düşünürəm ki, bu istiqamətlərdə iş görülməlidir. Ümumiyyətlə, biz getdikcə yaddaşsızlaşırıq. Təkcə İrəvan yox, Zəngəzur da mübahisəli məsələdir, torpaqlarla bağlı digər məsələlər də həll edilməmiş qalır. Nə qədər vaxtın ötməsindən asılı olmayaraq, İrəvan və digər məsələləri beynəlxalq təşkilatlar qarşısında gündəmə gətirməliyik”.

Nəsiman Yaqublu ermənilərin beynəlxalq güclərin dəstəyi ilə İrəvanı işğal etdiklərini diqqətə çatdırıb: 

"Qarabağı qaytarmaq mümkündürmü? Yəni, bu, İrəvanla bağlı yaranmış sualla eynidir. İrəvanı ermənilərə heç kəs verməyib, onlar bu tarixi Azərbaycan şəhərini işğal ediblər. Məgər, Qarabağı ermənilərə biz vermişik? Yox! Ermənilər Rusiyanın dəstəyi ilə həmin torpaqları işğal edib. O tarixdə də böyük güclərin dəstəyi ilə İrəvanı alıb özlərinə paytaxt elan etdilər. Həmin dönəmdə biz ya Bakını, ya da İrəvanı azad etmək uğrunda mübarizə aparmalı idik. Amma bizim iki cəbhədə döyüşməyə gücümüz çatmırdı. Çünki lazım olan qədər silahlı qüvvəmiz yox idi, ermənilərin isə 14 min silahlı qüvvəsi vardı. Məhdud sayda qüvvə ilə bunun qarşısında dayanmaq mümkün deyildi. Düşünürəm ki, o dönəmdə doğru addım atdıq və Türkiyə dövlətinin dəstəyi ilə Bakını işğaldan azad etdik və Azərbaycanın paytaxtı elan etdik. 

Əgər bu addımı atmasaydıq, indi Bakı Rusiyanın bir quberniyası idi, həmin quberniyanın da qubernatoru erməni olacaqdı. Amma biz başda Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov olmaqla düzgün addım atdıq və beynəlxalq oyunların içindən Bakını sağ çıxarıb paytaxta çevirdik”.

"İrəvanı verməkdən başqa çıxış yolu yox idi”

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli "Cümhuriyət” qəzetinə deyib ki, heç bir sənəddə İrəvanın ermənilərə 99 illik icarəyə verilməsi qeydi yoxdur. Amma D.Əzimli şəhərin müəyyən şərtlər daxilində ermənilərə verildiyini istisna etməyib:

 "İrəvanı ermənilərə verməkdən başqa çıxış yolu yox idi, çünki Azərbaycanın qalıb-qalmaması məsələsi vardı. Əgər Azərbaycan bu addımı atmasaydı, həmin vaxtı bizi tanımayacaqdılar və Azərbaycan Gürcüstan, Ermənistan və Rusiya arasında bölüşdürüləcəkdi. 

Bir sıra şərtlər vardı, məsələn, Azərbaycan və Ermənistanın federasiya şəklində birləşdirilməsi və burada Azərbaycan türklərinin təhlükəsizliklərinin təmin olunması, onların mədəni muxtariyyətlərinin tanınması və digər məsələlər bura daxil idi. Amma ermənilər bu şərtləri pozdular və hücuma keçib Azərbaycanın bir sıra ərazilərini ələ keçirdilər. İndi də həmin şərtlər daxilində beynəlxalq təşkilatlar qarşısında bu məsələni qaldırmaq olar ki, ermənilər şərtləri pozublar və qan tökməklə Azərbaycan ərazilərini işğal ediblər”.

"Ermənistanın statusu ilə bağlı danışıqlar başladılmalıdır”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Cümhuriyət” qəzetinə açıqlamasında Ermənistanın statusu ilə bağlı danışıqlara başlanılmalı olduğuna diqqət çəkib. ADP sədri hesab edir ki, Azərbaycan və Ermənistan arasında imzalanmış müqavilənin şərtləri də bunu tələb edir: "Məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırmaq mümkündür. Amma Azərbaycan və Ermənistan arasında imzalanmış müqavilə var. Bu müqavilə əsasında yenidən danışıqlar başladılmalıdır. 

Yəni, beynəlxalq təşkilatlara müraciət etmək də olar, etməmək də. Söhbət məsələnin həllinin reallığından getmir, məsələ budur ki, Ermənistanın statusu məsələsi Azərbaycan və Ermənistan arasında müzakirə olunmalıdır. Bu müzakirələrin özü də bir nəticədir ki, Dağlıq Qarabağla yanaşı, digər məsələlər və Ermənistanın paytaxtı olan İrəvanın özü də mübahisəli məsələdir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları