Yuxarı

Partiyaların prezidentliyə namizədi kim olacaq?

Partiyaların prezidentliyə namizədi kim olacaq?

Ehtiram Mehtiyev: "Seçkilərə liderimiz Razi Nurullayevlə gedəcəyik”

Taleh Əliyev: "Ümid Partiyasının namizədi bəlli deyil”

Tural Abbaslı: "Seçkiyə müxalifətlə birgə qatıla bilərik”

Xəzər Teyyublu: "Seçkidə iştirakla bağlıqərarımız hələ yoxdur”

2018-ci il prezident seçkiləri yaxınlaşdıqca siyasi partiyalar iqtidara gəlmək üçün hazırlıqlara başlayıblar. Artıq hakim Yeni Azərbaycan Partiyası (YAP) qarşıdan gələn seçkilərdə öz namizədini müəyyən edib. Belə ki, hakim partiya 2018-ci il seçkilərinə hazırkı prezident İlham Əliyevlə gedəcək. Bu barədə məlumatı YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat  Aydın Mirzəzadə verib. Ancaq hələ ki, müxalifət partiyalarından namizədlərin adı məlum deyil.Bu barədə ictimaiyyətə heç bir məlumat verilməyib. Bəs müxalifət partiyalarının 2018-ci il prezident seçkiləri ilə bağlı planı necədir?

Siyasi təşkilatlardan hələ ki, yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 2018-ci il prezident seçkilərində iştirak edəcəyi haqqında bəyanat verib. Partiya rəhbəri Razi Nurullayev 2018-ci ili siyasi dəyişiklik ili elan etmişdi.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev "Cümhuriyət” qəzetinə açıqlamasında AXCP-nin 2018-ci il prezident seçkilərinə yüksək səviyyədə hazırlaşdığını deyib:

"AXCP olaraq seçkilərə var gücümüzlə hazırlaşırıq. AXCP sədri Razi Nurullayev hələ ötən ildən 2018-ci ili siyasi dəyişiklik ili elan edib. Biz də bütün partiya funksionerləri, üzvləri olaraq sonuna qədər sədrimizin arxasınca gedəcəyik.Hal-hazırda da bu istiqamətdə işlərimiz davam edir”.

Ümid Partiyası sədrinin müavini Taleh Əliyev "Cümhuriyət” qəzetinə açıqlamasında seçkidə iştirak edəcəklərini deyib: 

"Ümid Partiyası yarandığı gündən keçirilən bütün seçkilərdə bu və ya digər formada iştirak edib. Partiyanın qarşıdan gələn seçkilərdə də iştirak edəcəyi şəksizdir.Ancaq hələ ki, partiyanın seçkilərdə kiminlə iştirak edəcəyinə qərar verməmişik.Hesab edirik ki, bu, hələ çox tezdir. Partiyanın prezident seçkilərində iştirakı ilə bağlı qərarı partiyanın ali orqanı olan qurultay qəbul edir. Amma birmənalı olaraq, Ümid Partiyası prezident seçkilərində iştirak edəcək.Bunun üçün də biz partiya şöbələrinin aktiv olması üçün regional toplantılar keçiririk.Doğrudur, hazırkı vəziyyət o qədər də qənaətbəxş deyil.Xüsusilə də rayonlarda bu kimi tədbirlərin keçirilməsi iştirakçılar üçün təzyiqlərlə müşahidə olunur.Amma yenə də çalışırıq ki, partiyanın strukturlarını lazımı qaydada işlək formada saxlayaq və seçkilərdə iştirak edək.Ola bilər ki, seçki ərəfəsində müxalifətin böyük koalisiyası formalaşar, o zaman Ümid Partiyası da həmin koalisiyanın tərkibində seçkilərə qatılsın.Belə bir koalisiyanın formalaşmayacağı tədqirdə Ümid Partiyası öz namizədi ilə seçkiyə qatılacaq”.

Ağ Partiyanın sədri Tural Abbaslı da seçkilərdə öz namizədi ilə iştirak etmək niyyətində olduqlarını deyib: 

"Əslində sevindirici haldır ki, YAP indidən öz namizədini elan edib. Amma mən hesab edirəm ki, bu seçkiyə hesablanmış addım deyil. Bu yalnız hakimiyyətdaxili  savaşı önləməyə hesablanıb. Biz hər bir halda seçkilərdə iştirak edəcəyik.Ancaq məqsədimiz öz namizədimizlə seçkilərə qatılmaqdır.Hələ ki, namizədin kimliyi, seçkiyə hansı şərtlərə qatılmaq haqqında yekun qərar yoxdur.Digər variantlar da gündəmdə var. Müxalifətlə birgə də seçkilərə qatıla bilərik.Amma ilk növbədə öz namizədimizlə seçkilərə getmək niyyətindəyik”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu seçkidə iştirakla bağlı partiyanın yekun qərarının olmadığını deyib: 

"Yeni Azərbaycan Partiyasının bu qərarı gözlənilən idi. Yəni, konkret olaraq ölkədə birpartiyalı sistem hökm sürür.Bu gün müxalif siyasi partiyaların da vəziyyəti ürəkaçan deyil.Siyasi partiyaların fəaliyyət göstərməsi üçün normal şərait yoxdur.Klassik Xalq Cəbhəsi Partiyasının seçkilərdə iştirak məsələsi hələ ki, müzakirə olunmayıb.

Bu haqda heç bir qərar olmadığı üçün hansısa fikri söyləmək çətindir.Bu məsələ rəhbərlik səviyyəsində müzakirə olunandan sonra ictimaiyyətə məlumat veriləcək”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları