Yuxarı

AXCP-dən bəyanat

AXCP-dən bəyanat

"Ermənistan rəhbərliyi iyul ayının 4-də bütün beynəlxalq hüquq normalarını pozaraq, eləcə də bütün insani dəyərləri aşağılayaraq iç üzünü bir daha nümayiş etdirdi. Belə ki, həmin gün Ermənistan Silahlı Qüvvələri Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndini ağır silahlardan atəşə tutaraq 2 yaşlı Quliyeva Zəhranı və nənəsini vəhşicəsinə qətlə yetirdilər”.

Bu sözlər Azərbaycan Xalq Cəbhəsi Partiyasının yaydığı bəyanatdandır.

Cehhe.info AXCP-nin bəyanatını təqdim edir:

"Bu hadisə istər insani dəyərlər prizmasından, istər beynəlxalq hüquq normaları çərçivəsində yanaşıldıqda qatı, ağır cinayətdir, insanlığıa qarşı, bəşəriyyətə qarşı vəhşilikdir. Ermənistan Silahlı Qüvvələri Azərbaycan xalqına qarşı bu vəhşiliyi hər zaman, tarix boyu törədib. Mənfu qonşu illərdir və bu gün də atəşkəs dövründə hər gün atəşkəs rejimini pozaraq, cəbhə bölgəsində yaşayan dinc azərbaycanlıları qəsdən hədəfə götürərək, mülki əhaliyə qarşı murdar terror siyasəti yürütməkdə davam edir.

Bu olay isə artıq səbrin son damlasıdır. 2 yaşlı məsum Zəhra körpənin vəhşicəsinə qətl edilməsi, bunun ardından isə Ermənistan rəsmilərinin bunu normal hal kimi qəbul edərək, utanmadan Azərbaycan dövlətini günahlandırması, eləcə də Ermənistan mülki vətəndaşlarının sosial şəbəkələrdə körpə uşağın öldürülməsini bayram etməsi dözüləcək, səbr ediləcək hadisə deyil.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bütün beynəlxalq təşkilatları Ermənistanın Azərbaycana qarşı terrorunu durdurmağa çağırır. Lakin nə AXCP-nin, nə də Azərbaycan xalqının artıq BMT başda olmaqla beynəlxalq təşkilatlara inamı, ümidi qalıb. 25 ildir ki, 1 milyondan çox azərbaycanlı Ermənistanın silahlı təcavüzü nəticəsində öz dədə-baba torpağından didərgin salınıb, qaçqın həyatı yaşayır. 25 ildir Ermənistan ordusu mülki azərbaycanlıları, qoca, qadın, uşaq demədən vəhşicəsinə qətl edir. Və bu 25 ildə BMT və digər beynəlxalq təşkilatların, qurumların Ermənistana qarşı qəbul etdiyi bütün qərarlar, qətnamələr yalnız kağız üzərində qalıb. Ermənistan isə qoltuğuna sığındığı böyük güclərə güvənərək öz terroruna davam edir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası beynəlxalq təşkilatlardan ikili standartlardan uzaq olmağı, hər kəsi öz adıyla çağırmağı tələb edir. Birinci növbədə, ATƏT-in Minsk Qrupu Ermənistanı işğalçı dövlət adlandırmalı, onun hərəkətlərini ən kəskin sözlərlə qınamalıdır. Əks halda, Azərbaycan hökuməti Minsk Qrupunun yeni formatda şəkillənməsini qətiyyətlə tələb etməlidir. 
2 yaşlı mələyin - Zəhranın ölümü Ermənistanın son vəhşiliyi, son terroru olmalıdır. Hansı yolla olur-olsun Azərbaycana qarşı bu terror durdurulmalıdır. Günahkarlar, başda Ermənistan Respublikasının prezidenti, əli azərbaycanlı qanına, körpə qanına batmış Serj Sarkisyan kimi qatı cinayətkarlar cəzalarını almalıdırlar. Azərbaycan dövlətinin, Azərbaycan xalqının işğalçı rejimi süpürüb atmaq üçün gücü, qüdrəti var”.

Cebhe.info





Həftənin ən çox oxunanları