Yuxarı

İsrail İranı bölgədən çıxarır

İsrail İranı bölgədən çıxarır

Nazirin Ermənistan səfərinin pərdəarxası

İsrailin regional əməkdaşlıq naziri Tsaxi Aqnebi  Ermənistana rəsmi  səfərə gəlib. Cebhe.info-nun məlumatına görə, səfər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın dəvəti əsasında həyata keçirilib.  Tsaxi Aqnebi  Ermənistan parlamentinin spikeri Ara Babloyan və baş nazir Karen Karapetyanla görüşəcək.

Səfərin ilk günü  Edvard  Nalbandyanla danışıqlar aparan  İsrailin regional əməkdaşlıq nazirinin   Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları, həmçinin kənd təsərrüfatı nazirləri ilə də görüşü nəzərdə tutulub.

Qeyd edək ki, İsrail   Azərbaycanla  iqtisadiyyat,  energetika,  hərbi və təhlükəsizlik sahələrində ən yaxın strateji  tərəfdaşlarından sayılır. Rəsmi İrəvan İsrailin Azərbaycanı müasir silahlar və raketdən müdafiə sistemi ilə təmin etməsindən dəfələrlə narahatlığını bildirib. Cəbhə xəttində ermənilərin  döyüş mövqelərinin məhv edilməsində istifadə olunan  yüksək texnologiyalı raketlər və artilleriya qurğularını Azərbaycan İsraildən alıb.  2016-cı ilin aprel döyüşləri zamanı Ermənistan ordusunun darmadağın edilməsində əsasən İsrail istehsalı olan  silahlardn istifadə olunmuşdu.  2016-cı ildə İsrail Azərbaycana 148 milyon dollar dəyərində silah satıb. Bundan başqa, Azərbaycan 2017-ci ildə  İsraildən  "Dəmir gümbəz” raketdən müdafiə sistemləri,  "EXTRA”  yer-hava raketləri ,  idarəolunan "Lahad” raketləri, "SPİKE” raketlərinin ən son texnoloji modelini,  düşəmənin  mövqelərini və canlı qüvvəsini məhv edən "Dron” aparatları, raket  daşıya bilən pilotsuz təyyarələr və digər silahlar alıb.  Ermənistan da dəfələrlə İsrail silahlarının alınmasında maraqlı olduğunu bəyan edib.  Buna  baxmayaraq, Təl-Əviv  İrəvanın  təklüfinə müsbət cavab verməyib.  İsrail  müsəlman ölkəsi olan  Azərbaycandakı  yəhudi icmasının dinc və təhlükəsiz şəraitdə yaşamasına mühüm önəm verir.  İkincisi, İranla həmsərhəd olan Azərbaycanın İsraillə strateji  tərəfdaşlıq münasibətləri qurması Təl-Əvivin geosiyasi  maraqlarına tam cavab verir. Üçüncüsü, İsrail idxal etdiyi neft və benzinin 50 faizə qədərini Azərbaycandan alır.  Dördüncüsü, Azərbaycan  İsrail silahlarının əsas alıcısı kimi mühüm bazar rolunu oynayır.  Artıq müdafiə  sənayesi   texnologiyası  sahəsində də  hər iki  ölkə birgə əməkdaşlıq qurub.

Ona görə də israilli nazirin  Ermənistana səfər etməsi  Azərbaycan üçün  ilk baxışda heç  də müsbət  təsir bağışlamır. Ancaq  İsrail hökumətinin  Ermənistanla əməkdaşlıq etməsi  heç də Azərbaycanla strateji tərəfdaşlığa son qoyması  anlamına gəlmir.  İsrail daha çox Ermənistanın kənd  təsərrüfatı sahəsinə maraq göstərdiyini bildirir.  Buna baxmayaraq, Təl-Əvivin Ermənistana  marağının artması  daha çox İran amili ilə izah oluna bilər.  İran Cənubi Qafqazda Azərbaycanla müqayisədə  Ermənistanla  daha  sıx əlaqələrə malikdir.  Eyni zamanda,  Dağlıq Qarabağ münaqişəsi səbəbindən  Azərbaycan və Türkiyə ilə  sərhədləri  bağlı olan  Ermənistan üçün  İran açıq qapı rolunu oynayır.  Bu da öz növbəsində İrana  Rusiya ilə yanaşı,  Ermənistan iqtisadiyyatının müxtəlif sahələrində inhisarçılıq yaratmaq  imkanı  verib.  Yəni Ermənistan İranın Cənubi  Qafqazda möhkəmlənməsi ndə açar rolunu oynayır. Bir müddət öncə  stomotoligiya üzrə təhsil  almaq adı altında İrəvanda  təlim keçən  və İsrail əleyhinə fəaliyyət göstərən casus  şəbəkəsi arasında İran xüsusi  xidmət orqanlarının da gizli əməkdaşları aşkar edilmişdi.  Təbii ki, bütün bunlar İsraili narahat edir.  Ona görə də  Təl-Əviv  İranın  müttəfiqi  olan Ermənistanla münasibətləri görünür, səhmana salmaq üzərində düşünür.  Ancaq  İsrailin Ermənistana müasir silahlar verəcəyi  inandırıcı deyil. İlk növbədə ona görə ki, Ermənistanın hərbi arsenalı Rusiyanın nəzarəti altındadır. Üstəlik, hər iki ölkə vahid qoşun birləşmələri  yaradıb. Ermənistanın dövlət sərhədlərinin  və hava  məkanının müdafiəsi Rusiyaya həvalə edilib. Belə olan təqdirdə, Ermənistanın İsraildən silah almasına Rusiya heç vaxt razı olmaz.  İkincisi, İsrailin yüksək texnologiyalı, NATO standartlarına uyğun müasir silahlarını almaq üçün Ermənistanın hərbi  büdcəsi yetərli deyil.  Eyni zamanda, Ermənistanın İsraillə hərbi-təhlükəsizlik sahəsində əlaqələr qurması  İranın sərt  cavab addımları ilə qarşılana bilər.  Bu baxımdan,  Sarkisyan iqtidarının guya İsraildən silah almaq niyyətində olmasına dair bəyanatları daha çox daxili ictimai rəyə hesablanıb.   İsrailin Azərbaycanla  hərbi-təhlükəsizlik sahəsində tərəfdaşlığa dair xüsusi müqavilə imzalayıb.  Təl-Əviv  Ermənistana görə həmin sazişin pozulmasına yol verə bilməz.  Əks təqdirdə, Azərbaycan kimi  nəhəng  iqtisadi və hərbi tərəfdaşını  itirmiş olar. İsrailin xarici siyasətində əməkdaşlıq etdiyi ölkədə yaşayan yəhudi icmasının sayı və vəziyyət əsas prioritetlərdən biri  kimi götürülür. Ermənistan parlamentində isə milli azlıqlara cəmi 4 yer ayrılıb. Bunlar kürdlər, yezidilər, ruslar və assuriyalılardır. Yəni, Ermənistanda yəhudilərin sayı nəzərə çarpmayacaq qədər azdır. Ona görə  Ermənistan İsrail üçün strateji tərəfdaş sayıla bilməz.  İkitərəfli münasibətlərdə ticarətin  və geosiyasi maraqların  üstünlük təşkil etməsi ehtimalı daha yüksəkdir.

Ermənistanla  münasibətlərinin istiləşməsində  Benyamin Netanyahu hökumətinin Türkiyə ilə  münasibətlərində son günlər yaranmış   diplomatik gərginlyin də  təsir etdiyi istisna olunmur. Nazir Tsaxi Aqnebinin İrəvanda qondarma erməni soyqırımı abidəsini ziyarət etməsi   Ankaraya ünvanlanmış  siyasi mesaj  hesab oluna  bilər.

Müşfiq Abdulla

Cebhe.info






Həftənin ən çox oxunanları