Yuxarı

Rusiya Lapşini necə alacaq?

Rusiya Lapşini necə alacaq?

"Ramil Səfərov olayı” təkrarlanacaq?

Ələsgər Məmmədli: "Lapşin birbaşa azadlığa çıxa bilməz.  Amma 1 il cəzasını çəkdikdən sonra buraxıla bilər”

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş bloqqer Aleksandr Lapşinin ekstradisiyası yenidən gündəmə gəlib. Əslində məhkəmə hökmü qüvvəyə minməyənə qədər Lapşinin ekstradisiyası mümkün deyil. Lapşinin barəsindəki hökm qanuni qüvvəyə minməyib. Ona görə də hələlik o, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfirliyi həbs olunan bloqqer, Rusiya və İsrail vətəndaşı olan Aleksandr Lapşinin ekstradisiyasına yardım etməyə hazır olduğunu bildirib. Məlum olduğu kimi, Rusiya Federasiyası və Azərbaycan arasında məhkumların cəzalarını öz ölkələrində çəkməsi üçün ekstradisiya edilməsinə dair razılaşma var. Əgər A. Lapşin bu sazişlə nəzərdə tutulan hüququndan istifadə etməyə çalışsa, onda səfirlik bunun üçün lazımi köməkliyi göstərəcəyini bəyan edib. 

Hüquqşünas Ələsgər Məmmədli Cebhe.info-ya açıqlamasında ekstradisiyanın prosedur qaydalarından danışıb. O deyib ki, əsas məsələ məhbusun mənsub olduğu dövlətin bununla bağlı tələbinin olmasıdır: "Çünki Lapşinin birdən çox vətəndaşlığı var. İkinci bir məqam odur ki, hansı dövlətlə Azərbaycan arasında qarşılıqlı olaraq məhbus şəxslərin ekstradisiyası nəzərdə tutulub. Xüsusi müqavilə imzalanır, yəni hər kəs bir-birinə iadə edilməz, amma dövlətlərarası saziş varsa, bu saziş çərçivəsində bir vətəndaş qalan həbs cəzasını çəkmək üçün digər ölkəyə verilə bilər. Əsas buna baxmaq lazımdır. Bildiyim qədər Lapşinin Rusiya, İsrail və Ukrayna vətəndaşlığı var. Bu ölkələrdən hər hansı biri Azərbaycanla bu müqaviləni bağlayıbsa, təbii ki, bu çərçivədə onun ekstradisiyası mümkündür. Necə ki, vaxtilə biz Macarıstanla  Ramil Səfərovun qaytarılması  məsələsini həll etdik. Onun kimi istənilən dövlətlə də belə etmək mümkündür”.

Lapşinin ekstradisiya olunduğu ölkədə azadlığa çıxması məsələsinə gəlincə, hüquqşünas deyib ki, əslində məhkum ölkəsinə cəza çəkməsi üçün verilir:  "Azadlığa çıxması o halda baş verir ki, qanunvericilikdə 3 il həbs cəzası nəzərdə tutulubsa, 3 ilin 3/1-ni yatdığı zaman azadlığa çıxa bilər. Yaxud 5 ildirsə, onun yarısını yatdıqdan sonra çıxa bilər. Qanunvericilikdə bu şərtlər varsa, o şərtlərə əməl olunmalıdır. Çox istisna Ramil Səfərov hadisəsində oldu. Prezidentlərin əfvetmə səlahiyyətləri var. Bu, ümumi deyil, xüsusi normadır.

Xüsusi norma isə xüsusi şəxslər üçün tətbiq oluna bilir. Əgər ümumi normaya xüsusi norma tətbiq oluncaqsa, o zaman onu verilən ölkə məhbusu azadlığa buraxa bilər.  Lapşin birbaşa azadlığa çıxa bilməz. Amma 1 il cəzasını çəkdikdən sonra buraxıla bilər. Bir məqam da var. Lapşini o ölkəyə verdik, amma orda bizdəki maddələr cinayət əməli deyil. Yəni, Lapşinin burda mühakimə olduğu maddə orada Cinayət Məcəlləsində nəzərdə tutulmayıbsa, o zaman Lapşin avtomatik öz ölkəsində azadlığa çıxacaq.  Təbii ki, buna Azərbaycan tərəfi razı olarsa, baş verəcək. Razı olmasa, lapşini verməməlidir”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Lapşin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, "Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

O, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın ərazisi – Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. A.Lapşin Azərbaycan Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları