Yuxarı

AXCP sədrindən 2018-ci il vədi

AXCP sədrindən 2018-ci il vədi

"Vətəndaşlarımız düz iki onillik "keçid dövrüdür” sözlərinə qulaq verərək yaxşı, firavan həyat üçün sabahı gözlədi. Bəlkə də o sabah xalqın istədiyi formada gəlməsə də ən azından başını qatacaq səviyyədə inkişaf edirdi. Manatın ucuzlaşmasından sonra ümidlər puç oldu. Sən demə, yüzlərlə "biznesmen” "verxuşka” deyilən "krışa”larının himayəsi ilə müxtəlif adlar altında milyardları ölkədən çıxarıblar. Xarici ölkələrə yatırım qoyublar və o yatırımların Azərbaycanda yaşayan insanlarımıza bir qara qəpik xeyri yoxdur”.

Cebhe.info xəbər verir ki, bu fikirləri AXCP sədri Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, hökumətin 7-8 il bundan öncə ölkədən kənarda sərmayə qoyulmasına icazə verməsi çox böyük yanlışlıqlara gətirib çıxardı: "Hesab edin ki, yüz minlərlə iş yeri Azərbaycanda yox, başqa ölkələrdə açıldı. Yəni, bizim pulumuzla başqa xalqlar iş yeri tapdılar. Azərbaycanda minlərlə zavod və fabrikə ehtiyac olduğu halda, onu xarici ölkələrdə tikdilər. Yüzlərlə podratçı şirkətlər və onların yüz minlərlə işçiləri qazanc yerlərini itirdilər. Məgər onları Azərbaycanda tikib, məhsulları ixrac etmək olmazdımı? Olardı, amma əyri yollarla qazandıqlarına və gələcəkdə risk daşıdığına görə pullarını xaricə çıxardılar. Onlar zavod və fabrikləri ona görə başqa ölkələrdə tikdilər ki, bir gün ölkədən qaçacaqlarını, bir gün ədalət məhkəməsi qarşısında duracaqlarını bilirdilər. Hər kəs bilir ki, yüksək çinli məmurların hamısı biznesmendir.

Qoy bu xalqdan çapıb taladıqlarını da heç olmasa bu ölkəyə yatırsınlar. Dözümlü olmağa məhkum edilmiş xalq o zavod və fabriklərdə başıqapazlı fəhlə olmağa da razıdır ki, təki evinə bir tikə çörək apara bilsin. Bizim quracağımız siyasi hakimiyyət güzəştsiz və "dəmir yumruq”la idarə ediləcək. Qanunun diktaturasını yaradacaq və o çərçivədən kənara çıxanları bağışlamayacaq. Maliyyə amnistiyası olacaq və qanunun dar ağacından o adamlar xilas olacaq ki, qeyri-qanuni yollarla yığdıqlarını son qəpiyinə kimi dövlətə qaytarsın. Bizimlə addımlayın ki, arzularınızı həyata keçirək”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları