Yuxarı

Yeni siyasətlə yeni başlanğıc

Yeni siyasətlə yeni başlanğıc

Razi Nurullayev kimdir və nə istəyir?

Dosye: Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, "Cəbhəçilərin Təşəbbüs Qrupu” tərəfindən namizədliyi irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayev 1 aprel 1971-ci il İmişli rayonunun Xəlfəli kəndində dünyaya gəlib. O, 1978-1988-ci illərdə İmişli rayonu, Xəlfəli kənd məktəbində orta təhsil alıb. 1992-1997-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-fransız dilləri pedaqoji fakültəsində, 2000-2005-ci illərdə Cənubi Rusiya Humanitar İnstitutunun Hüquq fakültəsində  təhsil alıb. 2004-cü ildə Kanadanın Montreal şəhərində John Abbott Collecində Beynəlxalq İnsan Hüquqları Təlimi Proqramı üzrə tam kursu, 2009-cu ildə isə ABŞ-ın Nyu-York şəhərində Kolumbiya Universitetində Beynəlxalq və Dövlət Siyasəti Məktəbi (Ford Motor Company International Fellowship of the 92nd Street Y Developing Community Leaders, 2009) ixtisasartırma kursunu bitirib.

R.Nurullayev iş fəaliyyətinə 1994-cü ilin yanvar ayından "ÇAĞ” qəzetində müxbir olaraq başlayıb. 1995-ci il noyabr ayına qədər qəzetdə beynəlxalq siyasət, mədəniyyət, adət-ənənələr və inkişaf məsələləri ilə bağlı onlarla yazı yazıb, "The Daily Mail”, "The Times” və "The Guardian” kimi qəzetlərdən çox sayda tərcümələr edib. Sonradan yerli və xarici şirkətlərdə müxtəlif vəziləfərdə çalışıb, əsasən tərcüməçi kimi fəaliyyət göstərib.

Uzun illərdir aktiv siyasətdə olan Razi Nurullayev 2015-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədridir. 

Zəngin seçki təcrübəsi

R.Nurullayev zəngin seçki təcrübəsinə  malikdir. Belə ki, o, 2005-ci il Parlament seçkilərində, 2009-cu il Bələdiyyə və 2010-cu il Parlament seçkilərində AXCP-Müsavat seçki blokunun vahid namizədi olub.

Razi Nurullayev həmçinin müxtəlif ölkələrdə, yerli və beynəlxalq təşkilatlarda yüzlərlə təlim və proqramlar keçib. İdarəetmə və təşkilatçılıq, siyasi və seçkilər sahəsində yerli və beynəlxalq təcrübə, onlarla beynəlxalq sertifikat və diplomlar, beynəlxalq standartlara uyğun böyük layihə təklifləri və biznes planların hazırlanması, böyük proqramların idarə olunması, beynəlxalq və yerli tədbirlərin yüksək səviyyədə təşkili, beynəlxalq münasibətlər üzrə təhlillər Razi Nurullayevin xüsusi bacarıqlarına daxildir. Azərbaycan, rus, ingilis, fransız və türk dillərində danışır.

Seçicinin diqqətini çəkməyi bacardı

Hazırkı seçki marafonunda çıxışları, seçki proqramı ən çox müzakirə olunan namizədlərdən biri də məhz Razi Nurullayevdir. Razi Nurullayevinin seçkiqabağı təbliğat çərçivəsində İctimai Televiziyada  ilk çıxışından sonra bəzi məsələlərə aydınlıq gəldi. İlkin olaraq prezidentliyə namizəd boykot qərarının tərəfdarı olmadığını, seçkilərdə iştirakın vacib olduğunu xüsusi olaraq vurğulayıb. R.Nurullayev həmçinin iqtidar və müxalifət arasında sivil münasibətlərin formalaşması istəyini dilə gətirir. Onun fikrincə, radikal, dağıdıcı olmaq müxalifətə heç nə qazandırmayıb və fərqli, sivil formatda münasibətlər qurulmalıdır. R.Nurullayev dialoq tərəfdarı kimi çıxış edir və dəstək qazanır, amma bunun üçün müəyyən şərtləri var. "İqtidar və müxalifət sivil, radikal mübarizədən uzaq, ancaq dəyirmi masa ətrafında eyni məsuliyyət bölgüsü ilə dialoq aparmalıdır” - R.Nurullayevin iqtidar-müxalifət dialoquna yanaşması belədir.

Liderə sədaqət

Siyasi səhnədə daim izi ilə getdiyi, ideyalarını yaşatdığı mərhum AXCP sədri, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyə Bakının ən görkəmli yerində heykəl qoyulmasını istəyir. R.Nurullayev bu istəyini seçki proqramına salıb və debatlarda da səsləndirir.

Orta təbəqənin namizədi

Razi Nurullayevin istəklərindən biri də hər bir azərbaycanlı ailəsinə öz biznesini yaratmaq üçün dəstək verməkdir. Belə ki, prezidentliyə namizəd qalib olacağı təqdirdə hər bir ailəyə biznes qurmaq üçün 10 min manat veriləcəyini deyir. "Azərbaycanın bu məbləği vermək imkanları var. Ancaq 10 min manat heç kimə birbaşa verilməyəcək. Bunun müəyyən şərtləri və işləmə mexanizmi var. Prezident seçiləcəyim təqdirdə ilk 1 il ərzində bunu edəcəyəm. Digər bir namizəd qalib olarsa, bu prosesi aparmaq üçün hazırladığımız konsepsiyanı ona təqdim edəcəyəm” - R.Nurullayev debatda çıxışı zamanı belə deyib.

Eyni zamanda Razi Nurullayev günümüzün ən ciddi probleminə çevrilən kredit borclarının silinməsini istəyir və prezident seçiləcəyi təqdirdə 7 illik səlahiyyət müddəti çərçivəsində hər bir gəncin ev sahibi olacağına söz verir.

Ümumiyyətlə, prezidentliyə namizəd Razi Nurullayevin fəaliyyəti və seçki proqramı kifayət qədər genişdir. İstəyi isə qısaca ifadə etsək, işğaldan azad edilən torpaqları ilə bütöv ölkə, azad, demokratik cəmiyyət, hər kəsi düşündürən problemlərin həlli və iqtidar-müxalifət münasibətlərindəki mövcud  uçurumun aradan qaldırılmasıdır.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları