Yuxarı

Milli Şuranın siyasi naşılığı, yoxsa növbəti təxribat?

Milli Şuranın siyasi naşılığı, yoxsa növbəti təxribat?

Nəzakət Məmmədova: "Bu, siyasi savadsızlıq, öz tərəfdarlarını aldatmaqdan başqa bir şey deyil”

Milli Şura növbəti mitinqini 14 aprelə təyin edib. Qeyd edək ki, qurum bu aksiyada  11 apreldə keçiriləcək prezident seçkilərinin nəticələrinə  etiraz edəcək. Maraqlıdır ki, seçkilər hələ keçirilməyib, nəticələr məlum deyil, ancaq artıq Milli Şurada  naməlum nəticələrə etiraz etmək haqqında qərar verib. Maraqlıdır, nəticəsi bəlli olmayan seçkiyə hansı məntiqlə etiraz etmək olar?

"Bilərəkdən insanları aldarırlar”

Politoloq Nəzakət Məmmədova Cebhe.info-ya açıqlamasında deyib ki, bu nə hüquqi, nə siyasi, nə fəlsəfi  əsası olan addımdır: "Fakt reallaşmamış, müəyyən hadisə baş verməmiş ehtimal əsasında ona qiymət vermək doğru deyil. Bu, siyasi müdriklikdən uzaq addımdır. Seçki keçirildi, insanlar ona etiraz etmədi, beynəlxalq təşkilatlar da seçkinin nəticələrini tanıdısa, bəs onda necə olacaq?! İndidən deyilən istənilən fikir sadəcə ehtimal və fərziyyələrdir. Siyasətçi ehtimal, güman əsasında yox, reallaşmış fakt, baş vermiş hadisənin nəticələrinə dair mövqe ortaya qoymalıdır. Onlar subyektiv reallığa etiraz etməyə hazırlaşırlar.

Yəni, tərəfdarları ətrafında  özlərinin təfəkkürünün məhsulu olan reallıq şəraiti yaradıb sonra da onun əsasında hərəkət edirlər. Amma obyektiv reallıq başqadır. Seçkinin nəticələri və bundan irəli gələn şərait onların yanaşmasından asılı olmayaraq mövcud olacaq və onlar sanki özləri bir xəyallarında bir obraz yaradıb buna etiraz edirlər. Bu, ya siyasi savadsızlıqdan, ya da bilərəkdən insanları, öz tərəfdarlarını aldatmaqdan başqa bir şey deyil. Bu, siyasi Don Kixotluqdur”. 
"Reallığı görmək istəmirlər”


Politoloqun sözlərinə görə, real Azərbaycan heç də onların təsvir etdiyi kimi deyil: "Onlar reallığı görmək istəmirlər. Məsələn,  iddia edirlər ki, guya Azərbaycanın xarici asılılığı var. Bu, belə deyil. Azərbaycan bu günlərdə Qoşulamayanlar Hərəkatına ev sahibliyi etdi.    Müstəqil xarici siyasət yeridilir. Buna aid çoxsaylı misallar çəkə bilərəm. Amma ən əsası, bütün dünya birləşib, Qarabağı bizdən ala bilmirlər. Azərbaycan təkdir, amma yenə də prezident əminliklə bəyan edib ki, bir qarış torpağımızı belə verən deyilik. Azərbaycan Rusiyanın cəhdlərinə, təzyiqlərinə baxmayaraq, onun yaratdığı heç bir siyasi-iqtisadi, hərbi ittifaqa daxil olmayıb, eləcə də Qərb strukturları ilə əməkdaşlıq etsə də, onlara üzv deyil. Daxili siyasətə gəlincə, sosial-iqtisadi problemlər əsasən beynəlxalq şəraitin doğurduğu nəticələrdən qaynaqlanır.

Bu gün tam rifah içərisində olan bir ölkə tapmaq mümkün deyil. Təbii ki, mən bu şəraiti yaradanların özlərini nəzərdə tutmuram. Onlar əsrlər boyu müstəmləkəçilik siyasəti aparıb, bu gün də aparır və bizlər bunun əziyyətini çəkirik. İddia edirlər ki, ölkədə diktatura var. Əgər doğrudan da diktatura olsaydı, onlar mitinq keçirib öz sözlərini deyə bilməzdilər. Bunlar sadəcə insanları öz tərəfinə çəkmək, hakimiyyətə qarşı qaldırmaq üçün deyilmiş yanlış fikirlərdir”. 

Nəzakət Məmmədova hesab edir ki, bəlli olmayan nəticəyə etiraz etmək sadəcə siyasi münəccimlik cəhdidir:
"Siyasi fəaliyyətdə olan insanlar bunu edirsə, bu, kortəbii fəaliyyət, siyasi naşılıq, məsuliyyətsizlikdir. Mən belə düşünürəm ki, hazırda heç kəs möcüzə yaradıb ideal bir utopik dövlət yarada bilməz, hakimiyyətə kim gəlirsə-gəlsin. Çünki bizim ölkənin problemləri əsasən ondan qaynaqlanır ki, dünyada hər ölkəni bir çərçivəyə salmaq, ondan kənara çıxanları cəzalandırmaq istəyirlər. Rusiya, Türkiyə və s. ölkələr   bu çərçivəni  aşıblar, ona görə də bu münaqişələr baş verir. Azərbaycan da keçmiş sovet, müsəlman ölkəsi olduğu üçün ölkəmizə məhdud bir rol ayırmaq istəyən qüvvələr var.

Amma Azərbaycan hazırda o rolu qəbul etmir və öz potensialına uyğun davranır, qlobal layihələr həyata keçirir. Hakimiyyətə kim gəlirsə- gəlsin, beynəlxalq siyasətdə Azərbaycan üçün daha artıq yer ala bilməyəcək. Bu, indiki radikal müxalifətin də imkanı xaricində olan məsələdir. Ona görə də bu mənasız mitinqlər, hələ baş verməmiş hadisəyə görə hakimiyyəti tənqid edib ona etiraz üçün vaxt müəyyən etmək doğru addım deyil. Düşünürəm ki, indiki radikal müxalifətin əsas funksiyası siyasi mədəniyyətin, siyasi sistemin təşəkkül tapmasında öz üzərinə rol almaqdır. Seçkini boykot etmək, seçki baş vermədən ona etiraz etmək buna xidmət etmir. Əksinə, öz elektoratını seçkidən və ümumiyyətlə normal siyasi proseslərdən uzaq tutmaq doğru olmayan bir yanaşmadır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları