Yuxarı

Bakının yeni missiyası: Danışıqlar məkanına çevrilir

Bakının yeni missiyası: Danışıqlar məkanına çevrilir

Bakıda növbəti beynəlxalq tədbir keçirilib. Belə ki, paytaxtda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı baş tutub. Tədbirdə xarici işlər nazirinin müavini Araz Əzimov, Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Kərzayi, ABŞ-ın Dövlət Katibinin Cənubi Qafqaz və Orta Asiya Məsələləri üzrə köməkçisinin müavini Elis Uells və 60-a yaxın ölkədən nümayəndə iştirak edir. Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edib. Tədbirə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıb.

Ümumiyyətlə, son zamanlar böyük güclər görüş məkanı kimi məhz Bakını seçirlər. Bundan öncə də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparottinin Bakıda görüşmüşdü. 

Qeyd edək ki, Rusiya və NATO generalları üç dəfə  Bakıda görüş keçirib. Bütün bunlar onu deməyə əsas verir ki, artıq Azərbaycan güc mərkəzi və sabitlik üçün danışıqlar meydanına çevrilib. Bu artıq etimad və tərəfdaşlığın göstəricisidir. 

Politoloq Arzu Nağıyev "Cümhuriyət” qəzetinə şərhində görüşlərin Bakıda keçirilməsini  zəruri edən amillərə toxunub. A.Nağıyev hesab edir ki, görüşlərin Bakıda keçirilməsi Azərbaycan üçün də böyük əhəmiyyətə malikdir:

"Düşünürəm ki, həm müsəlman, həm Qərb ölkələri, həm də digər barışıq elan etmək istəyən təşkilatlardan tədbirlərin keçirilməsinə Bakının ev sahibliyi etməsini istəyənlər kifayət qədər çoxdur. Burada əsas amil təhlükəsizlik məsələləridir. Eyni zamanda, həmin görüşlər diferensiallığın tam şəkildə təmin olunması və heç bir tərəfin əleyhinə qərar qəbul edilməməsi təminatının alınmasıdır. Bu baxımdan Bakı çox düzgün seçimdir. NATO və Rusiya generallarının bir müddət öncə məhz Bakıda görüşməsi və Yaxın Şərqdə baş verən proseslərin müzakirəsi də bir daha göstərdi ki, rəsmi Bakı çox düzgün seçilmiş bir məkandır. Eyni zamanda bu cür görüşlərin Bakıda keçirilməsi Azərbaycan üçün də çox böyük əhəmiyyət kəsb edir. Çünki Bakıya gələn hər bir vəzifəli şəxs Azərbaycan hakimiyyətinin nümayəndələri ilə də görüşlər keçirir.

Bu görüşlər  iqtisadi,  siyasi,  hərbi reallıqları, Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir. İndi də Əfqanıstanla bağlı məsələ Bakıda müzakirə olunur. Bilirik ki, Əfqanıstan müsəlman inanclı bir ölkədir və paralel olaraq Azərbaycan NATO sülhməramlıları ilə birlikdə bölgədə keçirilən anti-terror əməliyyatlarında iştirak edən dövlətdir. Məhz Əfqanıstanın Azərbaycanı seçməsi də mühüm əhəmiyyətə malikdir. Artıq dünya Azərbaycanı enerji təhlükəsizliyini təmin edən,terror təhlükəsinə qarşı olan bir ölkə kimi tanıyır. Məhz buna görə də Bakı çox böyük əhəmiyyət kəsb edən ev sahibidir. İkili münasibətlər, dəyərlər də bu görüşlərin Bakıda keçirilməsinə rəvac verən amillərdən biridir”.

Siyasi-şərhçi Azər Həsrət Bakıda bu cür görüşlərin keçirilməsinin onu təəccübləndirmədiyini deyib: "Çünki Azərbaycan həqiqətən də qlobal bir mərkəzə çevrilib. Burada dünya üçün böyük əhəmiyyətə malik olan toplantılar keçirilir. Dünya liderləri Bakıya gəlir və müxtəlif məsələləri müzakirə edir. Azərbaycanda belə bir hadisənin baş verməsi həm də bizi qürurlandırır. Bu cür görüşlərin Bakıda keçirilməsi Azərbaycanın həm tanınması, həm də önəmini göstərməsi üçün çox vacibdir. Əfqanıstan daim dünyanın diqqətində olan bir bölgədir. Hazırda da bütün diqqətlər Bakıya yönəlib. Düşünürəm ki, Azərbaycan bu toplantı ilə bir daha qlobal mərkəz olduğunu dünyaya göstərdi”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları