Yuxarı

İranda növbəti inqilab: Hazırıqmı?

İranda növbəti inqilab: Hazırıqmı?

İranda iqtisadi tələblərlə etiraz aksiyaları davam edir.

Aksiyalar getdikcə daha da genişlənir. Son məlumatlara görə Hürrəmşəhrdə artıq hökumət qüvvələri ilə qarşıdurmada 3 nəfər həyatını itirib. Qeyd edək ki, beynəlxalq sanksiyalar İranda iqtisadi böhranı dərinləşdirib. Bir neçə gündür ölkənin ayrı-ayrı şəhərlərində etiraz aksiyaları keçirilir. Maraqlıdır ki, bu ilin yanvar ayında da İranda kütləvi etiraz baş vermiş və etirazçılarla hökumət qüvvələri arasında qarşıdurmada 22 nəfər həyatını itirmişdi. Ehtimal olunur ki, hazırkı etiraz aksiyaları getdikcə daha da böyüyəcək. Etirazların yeni inqilaba çevrilmə ehtimalı da var.

İranda öz tarixi torpaqlarında  35 milyon azərbaycanlı yaşayır. Bu baxımdan İranda baş verən hadisələr Azərbaycanda da diqqətlə izlənilir. Maraqlıdır, etiraz aksiyası genişlənib inqilaba çevrilərsə, Güney Azərbaycanda milli hərəkat güclənərsə, Azərbaycanın şimalındakı siyasi güclər proseslərə hazırdırmı? 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Cümhuriyət” qəzetinə şərhində güneyli soydaşlarımızın artıq siyasiləşdiyini deyib:

"Hesab edirəm ki, əvvəlki illərdən fərqli olaraq Güney Azərbaycan artıq siyasiləşib. Orada insanlar ağı qaradan seçməyi bacarırlar və nə istədiklərini bilirlər. Xüsusilə, farslar tərəfindən təhqir olunmaları, gözümçıxdıya salınmaları onlara bir millət kimi formalaşmağa təkan verib. Əgər hadisələr İran inqilabına oxşar bir şəkildə davam edərsə, təbii ki, orada tamamilə fərqli hadisələr baş verəcək”.

"Yeni qaçqın problemi yarana bilər”

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov isə qeyd edib ki, İranda yaşana biləcək hadisələrə Azərbaycan hazır olmalıdır: "Təkcə siyasilər deyil, Azərbaycan bu proseslə hazırdırmı? Əsas məsələ bundan ibarətdir. Çünki Güneydə proseslərin bu cür gedişi, ixtişaşlar, İranda yaşanan hadisələr Azərbaycana da öz təsirini dərhal göstərir. Güneydə 35 milyona yaxın azərbaycanlı yaşayır.

Qarşıdurmadan əziyyət çəkənlər Azərbaycana üz tutacaq ki, bu da böyük bir qaçqın problemi yarada bilər. Ona görə də buna təkcə müxalifət deyil, Azərbaycan iqtidarı da hazır olmalıdır. Müəyyən tədbirlər görülməlidir. Çünki oradan Azərbaycana təkcə sivillər deyil, terrorçular da, bizi istəməyən qüvvələr də, radikallar da qaçqınların arasına qarışıb gələ bilər. Amma zənn etmirəm ki, hadisələr o səviyyəyə qədər gedəcək. Bütün hallarda İran bu problemləri həll etməyin yolunu tapacaq. Ümumiyyətlə, İranda bu kimi hadisələr əvvəllər də olub. Amma çox təəssüflər olsun ki, baş verən hadisələr Azərbaycanın bütövləşməsinə və ya ən azında Güneydə müstəqillik hərəkatına şərait yaratmayıb. Söhbət mədəni muxtariyyətdən gedir. Çalışmalıyıq ki, hadisələr bu cür davam edərsə, heç olmasa maraqlarımıza uyğun olan müəyyən o güzəştləri ala bilək”. 

"Aksiyalar rejimi laxlada bilər”

Azərbaycan Xalq Cəbhəsi Partiyası  (AXCP) sədrinin müavini, siyasi-şərhçi Məhəmməd Əsədullazadə təmsil etdiyi partiyanın güneyli soydaşlarımıza daim dəstək verməyə hazır olduğunu deyib: "ABŞ sərt iqtisadi  sankisyaları fonunda İranda sosial vəziyyət ağırlaşmaqdadır. ABŞ-ın bir müddət öncə iqtisadi sanksiyaları aradan götürməsi  ölkəyə kifayət qədər valyuta axınına səbəb oldu.

Rəsmi Tehran bu gəlirləri ölkənin inkişafına, sosial rifahına deyil, xaricdə hərbi əməliyyatlara və rejımin sərtləşməsinə xərclədi. Nəticədə ölkədə sosial narazılıqlar geniş etirazlara səbəb oldu. ABŞ və İsrail bu narazılıqlardan istifadə edərək ölkədə rejim dəyişikliyinə çalışırlar. Tehranda baş vermiş növbəti etirazlar rejimin laxlamasına və bütövlükdə dəyişilməsinıə apara biləcək gücdə ola bilər. ABŞ sanksiyaları daha da sərtləşdirsə, hesab edirəm ki, iqtisadi vəziyyət pisləşəcək, əhalinin sosial vəziyyəti daha da ağırlaşacaq. Bu etirazlardan istifadə edən ABŞ  rejimin dəyişilməsinə aparan proseslərə dəstək verəcək. İranda geniş xalq kütlələri demokratiya və insan haqları uğrunda mübarizə apararsa, Cənubi Azərbaycanda əhali bu etirazlarda əsas rol oynasa, Quzey Azərbaycanda siyasi partiyalar mütləq şəkildə soydaşlarımızın milli haqlarına və etirazlarına dəstək verməlidir.

AXCP olaraq biz soydaşlarımıza bu dəstəyi verməyə daim hazırıq. Çünki, İranda 40 milyona yaxın soydaşımız öz təməl haqlarından məhrumdu və bu haqlar uğrunda mübarizəsi təbii hüququdur. Bütün siyasi partiyaların İranda soydaşlarımıza dəstəyi mütləq olmalıdır. Hesab edirəm ki, yaxın perspektivdə İranda vəziyyət gərginləşə bilər və biz siyasi partiyalar hazır olmalıyıq. Əlimizdən gələn dəstəyi soydaşlarımıza verməliyik”. 

"İran inqilaba hamilədir”

Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli də İranın inqilaba hamilə olduğunu deyib. Ancaq o hesab edir ki, inqilab indi başlamayacaq: "Ümumiyyətlə, İran kimi ölkələrdə inqilab 1-2 günə baş vermir. Və baş verəndə də, Ermənistandakı kimi olmur. İranda inqilab baş versə belə, bu heç də İranın dövlət kimi parçalanmaq anlamına gəlmir. Heç kəs gözləməsin ki İranda rejim getsə, bu ölkə dağılacaq və Cənubi Azərbaycanda müstəqilliyini elan edəcək. Buna ilk öncə ABŞ-la Böyük Britaniya imkan verməz. Həmçinin İran kimi qədim dövlətçilik ənənələri olan cəmiyyətlərdə, adətən, rejimlər dəyişsə də, dövlət yerində qalır. Cənubi Azərbaycan ancaq Türkiyənin hərbi müdaxiləsi baş versə, müstəqilliyini elan edə bilər.

İndiki halda bu real görünməsə də, proseslərin gedişatında real görünə bilər. Yaddan çıxartmayaq ki, Azərbaycan Cumhuriyyəti də Türkiyənin hərbi müdaxiləsindən sonra de fakto müstəqil oldu. İndiki vəziyyətdə şimaldan cənuba heç bir siyasi qüvvə istəsə belə, real dəstək verə bilməz. Azərbaycanda olan siyasi mühit buna imkan verməz. Azərbaycan iqtidarına gəldikdə isə o ümümiyyətlə, bu işə qarışan deyil və ölkəmizi də qarışmağa qoymayacaq. Azərbaycan iqtidarı proseslərin sonunu gözləyəcək və qalibin əlini sıxacaq”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları