Yuxarı

"Bunun ağırlığını xalq çəkir, siyasi ağırlığını isə iqtidar çəkəcək”

"Mingəçevirdə baş verən qəza növbəti bir dərsdir, sınaqdır. Elektrik enerjisinin istehsalına, yeni stansiyaların tikilməsinə və təmir olunmasına böyük dövlət vəsaitləri cəlb edilib, kreditlər alınıb, alınmaqda da davam edir. Bu qəza Azərbaycana baha başa gələ bilərdi, bu, unudulacaq və ya üstündən keçiləcək məsələ deyil.

İstilərin düşməsi səbəbilə xətlərin yüklənməsi nəticəsində qəza baş verərsə, gərək onda Afrikada, Dubayda, digər ərəb ölkələrində, İranda, Hindistanda hər gün qəza baş versin. Bu, istilər ucbatından deyil, bu, dövlət vəsaitlərinin doğru-dürüst istifadə olunmaması, bəlkə də oğurlanması və ya vaxtında təmir işlərinin aparılmamasındandır”. 

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib. 

R.Nurullayev qeyd edib ki, əgər Mingəçevirdə belə qəza baş verirsə, artıq SOS siqnalıdır: "Mingəçevirdə baş verən istənilən qəza, partlayış, təxribat və ya məsuliyyətsizlik ucbatından baş verə biləcək digər hadisələr Azərbaycanı çox pis vəziyyətə sala bilər. Gərək araşdırılsın ki, təmirə ayrılan pullar təyinatı üzrə xərclənibmi? Axı hər şey acgözlük, oğurluq və talançılıq üzündən olur. Ayrılan pulların az qala yarısı oğurlanır, onun üçün də hər şey tez sıradan çıxır. Bakı-Quba yolu çəkildi, 28 il zəmanət verildi. Hanı o yol? Dağıdılan pullara görə kim cavab verəcək? Neçə illərdir ki, heç Bakı şəhərini mərkəzi istilik sistemilə təchiz etmək olmur. Adamlar qışda soyuqdan donur. Qazın isə təzyiqi olmur, tez-tez kəsilir və vətəndaşlar idarələrin qapılarında qalır. Çünki qazı oğurlayıb, əyri yollarla başqa təşkilatlara satırlar. Biz o zaman necə fəxr edək ki, xaricə qaz satırıq? Qarşıdan payız və qış gəlir, hansı tədbirlər görülüb? Heç nə, əminəm. Yenə də eyni problemlər yaşanacaq. Belə idarəçilik və cəzasıqlıq olarmı?” 

AXCP sədri sonda "Birinci növbədə, dövlət vəsaitlərinin oğurlanmasına, talanmasına son qoyulmasa, günahkarlar həbsxanalara getməsə və oğurladıqları müsadirə olunmasa, heç nə dəyişməyəcək. Bunun ağırlığını xalq çəkir, siyasi ağırlığını isə iqtidar çəkəcək. Ayılmaq vaxtıdır! Hərə özünü bir rayonda, bir şəhərdə xan elan edib, xalqa əziyyət verməklə məşğuldur. Mənimsəmə, oğurluq, məsuliyyətsizlik və özbaşınalıq pik həddə. Amma, buna dözüm göstərilməyəcək, proses də artıq başlayıb. Çox böyük qanunsuzluqlar baş verir, məmur reketçiliyi tüğyan edir, amma bir gün hər kəs etdiyi qanunsuzluğa, talançılığa və oğurluğa görə ciddi cəza alacaq”,-deyə vurğulayıb. 

Vilayət Muxtar 





Həftənin ən çox oxunanları