Yuxarı

Gültəkin Hacıbəylidən kürü etirafı

Gültəkin Hacıbəylidən kürü etirafı

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın ən "demokrat” xanımını çıxılmaz vəziyyətə salıb. Belə olmasaydı, əvvəl hakimiyyətdə təmsil olunan, iqtidarın alovlu müdafiəçilərindən biri, mandatı əlindən alınan kimi radikal müxalifətə keçən Gültəkin Hacıbəyli özünün AŞPA-dakı dostlarına kürü daşıdığını etiraf etməzdi. Gültəkin Hacıbəyli deyir ki, kürü aparmaq onun haqqıdır və heç kim onu qadağan edə bilməz.

"Çıxışımda da açıq şəkildə demişəm ki, mən 10 il ərzində, özü də heç AŞPA-da korrupsiyanın olmadığı vaxtda oradakı dostlarıma 3-4 qutu kürü hədiyyə etmişəm. Onlar da mənə müxtəlif hədiyyələr ediblər. 3-4 qutu kürünün, yəni, 300-400 qramın o zamankı qiyməti 200-250 manat olub. Mənim deputat maaşım isə 2000 manat idi. On ilə böləndə aya qəpik-quruş düşür. Bu mənim hüququmdur və bunu mənə heç kim qadağan edə bilməz” - deyir G.Hacıbəyli.

Həm də xanım Hacıbəyli "etiraf” edir ki, AŞPA-da korrupsiya olmayan zamanlarda bunu edib. Belə çıxır ki, AŞPA-da korrupsiyanın kökünü elə həm də o özü qoyub. Ümumiyyətlə, son günlər AŞPA-dakı "fəaliyyəti” ilə gündəmə gələn sabiq deputat müxtəlif yollarla özünə haqq qazandırmağa çalışır. Ancaq danışdıqları, yazdıqları bumeranq effekti verir və özünə qarşı yönəlir. Səbəbi əslində sadədir: günahın varsa etiraf etmək lazımdır, yoxsa dediklərin özünə qarşı dəlildir. Bu prinsip daha çox demokrat düşüncə sahiblərinə xas olan əlamətdir. Gültəkin Hacıbəyli isə nə qədər "demokrat” görünsə də, o qədər də "demokrat” deyil.

Maraqlı məqam ondadır ki, sabiq deputat bu açıqlamanı özü Meydan TV-nin canlı efirində səsləndirib. Ancaq sonradan məhz müsahibənin "kürü hissəsi”nin başlığa çıxarılması Gültəkin Hacıbəylinin xoşuna gəlməyib və buna etiraz edib. Yəqin ki, mandatı əlində olsaydı, 1-2 qutu kürü göndərib başlığı dəyişdirərdi, ancaq buna imkanı çatmayıb. 

"Mənim öz maaşımın cüzi bir hissəsini xərcləyib, aldığım 3-4 qutu kürü nədən Meydan TV-nın başlığına çıxarılır və hakimiyyət trollarına və digər onlarabənzərlərə məni haqsız tənqidlər üçün şərait yaradılır?! Və efirdə də dəfələrlə bu barədə suallar verilir”-deyə etiraz edən Gültəkin Hacıbəyli düşünür ki, tənqid etmək yalnız onun səlahiyyətindədir. Bu səlahiyyəti də ona Milli Şurada veriblər. Sabiq deputata isə tənqiddən toxunulmazlıq verilib və indi də ona qarşı səslənən haqlı tənqidlərə görə "haqqını” tələb edir. Sabiq deputat Meydan TV-nin qaranlıq maliyyə gəlirlərini də gündəmə gətirərək deyir ki, həmin milyonların hesabatı niyə tələb olunmur? Göründüyü kimi qarşılıqlı ittihamlar, "demokratiya davası” radikal müxalifətin özünü belə parçaladı. Çünki daha yaxşı söyüş söyməklə, daha bəzəkli sözlərlə təhqir etməklə demokrat olmaq olmur. Demokratiya tələb etmək üçün gərək ilk növbədə özün onun prinsiplərinə əməl etməyi bacarasan. Əks halda, sənə qulaq asan 5-10 nəfər də daha səni dinləməyəcək. Necə ki, Milli Şuranın hər mitinqdə kontingentinin nə qədər azaldığını hər kəs müşahidə edir. Hətta son mitinqdə Gültəkin Hacıbəyli, ümumiyyətlə, tribunaya belə buraxılmadı. Ya danışmağa sözü yox idi, ya da Milli Şuranın əsil rəhbəri ona mətn hazırlamağa vaxt tapmamışdı.

Bütün hallarda sabiq deputat nə qədər təkzib etsə də, özünə haqq qazandırmağa çalışsa da, xalqın gözü tərəzidir. Hər şey əslində elə göründüyü kimidir. Hakimiyyətdə tutduğu postu itirən kimi radikal müxalifətçi, "demokrat” olanda insan kənardan o qədər də səmimi görünmür. Görünsə belə, bu heç nəyi dəyişmir, çünki üzdən yox, daxilən demokrat olmaq lazımdır. Saxta demokrat olanda, zaman insanın əsl simasını üzə çıxarır. O zaman isə itirilən təkcə deputat mandatı olmur, daha vacib şeylər, məsələn, həm də hörmət olur.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları