Yuxarı

Bir qəzanın yaratdığı suallar: Versiyalar müxtəlifdir

Bir qəzanın yaratdığı suallar: Versiyalar müxtəlifdir

Mingəçevirdəki İES-də baş verən qəza nəticəsində bütün ölkənin elektrik təzhizatı çökdü. Baş verən qəza haqqında müxtəlif fikirlər, versiyalar səsləndi. Təbii ki, qəzanın nədən qaynaqlandığı haqqında konkret məlumatlar yoxdur və bu məsələnin araşdırılması üçün ölkə prezidentinin göstərişi ilə komissiya yaradılıb. Ötən gün prezident İlham Əliyevin rəhbərliyi ilə komissiyanın iclası keçirildi. Ölkə başçısı iclasda bir sıra ciddi mesajlar verdi. 

"Son 15 ildə ölkəmizin enerji sisteminə böyük investisiyalar qoyulub, yeni elektrik stansiyaları tikilib. Bir qəza nəticəsində bütün enerji sisteminin sıradan çıxması böyük suallar doğurur. Qəza nəticəsində ümumi sistemin sıradan çıxması ciddi faktdır, bununla əlaqədar tədbirlər görülməli, təkliflər verilməlidir”, -bunu çıxışında dövlət başçısı deyib. İlham Əliyev bu hadisədə günahı olanların müəyyənləşdirilməsi və cəzalandırılması barədə ciddi tapşırıqlarını verib.

Ancaq prezidentin keçirdiyi müşavirədən aydın oldu ki, baş verən qəzada  qaranlıq məqamlar var. Ən azından qəzanın nədən qaynaqlandığını araşdırmaq və ictimaiyyətə tam şəkildə məlumat verməyə ciddi ehtiyac var. Nəzərə almaq lazımdır ki, baş verən enerji böhranı cəmiyyətdə ciddi narahatlıq yaratdı.

Digər versiyalardan biri isə sabotajdır. İddia edilir ki, Mingəçevir İES-də baş vermiş qəza bilərəkdən də törədilib və bununla da ölkəyə mesaj verilib. Ancaq bu iddia o qədər inandırıcı deyil. Çünki Azərbaycan bölgənin lider ölkəsidir və qonşuları ilə qarşılıqlı normal münasibətlərə malikdi. Bu isə baş verən hadisənin xarici amillərdən qaynaqlanma ehtimalını minimuma endirir.

Səslənən versiyalardan biri və daha inandırıcı olanı isə ölkənin enerji sabitliyinin təmin olunması üçün ayrılan vəsaitlərin düzgün istiqamətlərə xərclənməməsidir. İddia olunur ki, ayrılan vəsaitlər avadanlıqların yenilənməsinə, təmir işlərinin aparılmasına sərf olunmayıb. Bu baxımdan da köhnə avadanlıqlar enerji ehtiyacının artmasına tab gətirməyib və buna görə də qəza baş verib. Qeyd edək ki, rəsmi qurumların açıqlamalarından da açıq şəkildə görünür ki, qəzanın ölkə miqyasında enerji təminatının kəsilməsinə məhz avadanlıqların köhnə olması səbəb olub

Maraqlıdır, qəzaya səbəb nə ola bilər? Hansı versiyalar daha inandırıcı görünür?

Politoloq Əhəd Məmmədli "Cümhuriyət” qəzetinə şərhində baş verən hadisənin qəza olduğunu deyib: "Bu cür hadisələr olmamalı, olursa belə, tez həllini tapmalıdır. Yoxsa 2 gün ərzində ölkəni işıqsız qoymaq, metroda tuneldə əlacsız vəziyyətdə saxlamaq yolverilməzdir. Mən bunun qəza olduğunu düşünürəm.  Qəzada belə ölkə iki gündür ciddi enerji, su problemini yaşayır, təsəvvür edin bu sabotaj, terror olsaydı, nə olardı?! Azərbaycanın ən böyük problemi korrupsiyadır. Buna son qoyulmalıdır. Ümid edirik ki, bu məsələ həqiqətən ciddi araşdırılacaq və günahkarlar cəzalandırılacaq. İstər gəza, istər digər versiyalar üstündə ciddi işlənilməlidir. Cəzadırsa "Azəreneji” ASC-nin sədri Etibar Pirverdiyev istefaya göndərilməlidir”.

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, baş verən hadisədə ciddi siyasi səbəblər var. M.Əsədullazadənin sözlərinə görə, baş verən enerji böhranı sadəcə, texnogen hadisə deyil: "Mingəçevir İES baş vermiş qəza ölkədə bütün enerji verilişinin dayanmasına səbəb oldu. Qeyd edim ki, ölkənin enerji təminatının  təkcə Mingəçevir İES-dən asılı olması ciddi sualdı. Çünki, Şimal DRES, Şirvan DRES və əlavə modul ES- var. Hesab edirəm ki, ümumi sistemdə olan problemdi. Qəza Mingəçevir İES-də baş verirsə, bu ölkə boyu enerjinin çökməsinə aparmamalı idi. Burada hesab edirəm ki, korrupsiya və mənimsəmə var. Həmçinin kiberhücum, təxribatları da istisna etmirəm. Fikir verək, enerji və səhiyyə naziri prezidentə yalan məruzə edir, dövlət başçısı yalanı onların üzünə vurur. Əgər, müşavirə də olan həmin şəxslər prezidentə yalan deyirsə, burada ciddi məsələ var, demək, prezidentə yalan məruzə edən xalqa qarşı xarici xüsusi xidmət orqanlarına da işləyə bilər. 

Hesab edirəm ki, bu hadisə adi texnogen hadisə deyil. Ciddi siyasi səbəbləri var. Təbii ki, bu siyasi səbəblər, hadisənin əsl mahiyyəti xalqa açıqlanmayacaq. Göründüyü kimi, dövlət başçısı da bu hadisədən narahatlıq keçirirdi”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları