Yuxarı

İranda təhsildən Avropada mühacirliyə

İranda təhsildən Avropada mühacirliyə

2018-ci ilin may ayında Azərbaycan Respublikasının 194 vətəndaşı qaçqın statusu almaq üçün Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinə müraciət edib. Onlardan 163 nəfəri ilkin olaraq, 31 nəfəri isə təkrar müraciət edənlərdir. May ayı ərzində 218 nəfər azərbaycanlı barədə qərar qəbul edilib. Onlardan 13 nəfərinin qaçqın statusu almaq haqqında müraciətinə müsbət, 85 nəfərin müraciətinə isə rədd cavabı verilib. 120 nəfər haqqında digər qərarlar (məsələn, Dublin) qəbul olunub.

Bu xəbərə sıradan bir məlumat kimi yanaşmaq olardı, əgər sadəcə, informasiya yükü daşısaydı. Əslində isə bu xəbər sadəcə, informasiya yükü daşımır, həm də özündə siyasi-ictimai məna gizlədir ki, bir neçə ildir Azərbaycan həm də bu təzyiqlə üz-üzədir. Təzyiq deməyimiz sizə qəribə gəlməsin, təsəvvür edin ki, bir ailənin üzvləri hərəsi başqa-başqa ailələrə düşür və hər biri özündən uydurduğu pis ailə hekayəsi ilə ailəsini xar edir. Azərbaycanı da böyük bir ailə kimi düşünsək, onun ən müxtəlif səbəblərdən (bu səbəblər sırasına siyasi fəaliyyətdən tutmuş əyləncə həvəsinə qədər hər şey var) vətəni tərk edib gedənlərinin hər birinin çaldığı hava ölkə haqqında fikir formalaşdırmağa xidmət edir. Təəssüf ki, bu fikir heç də həmişə həqiqəti əks etdirmir, əksinə, ölkəni, dövləti öz şəxsi maraqlarının təmini və bəzən də eqoizminə qurban vermək cəhdindən uzağa getmir.

Başlayaq indiki prosesin əvvəlindən...

Avropa Birliyi ölkələrinin liderləri bir neçə gün əvvəl nəhayət ki, uzun davam edən müzakirələrin nəticəsi olaraq qaçqınların qəbulu ilə bağlı razılıq sənədi imzalayıb. Sənədə əsasən, xarici sərhəd nəzarətini gücləndirmək, Avropaya gəlmək istəyən qaçqınları qəbul edən Türkiyə, Mərakeş və Şimali Afrika üçün maliyyə vəsaiti artırılacaq. Avropa Birliyinin saytında yerləşdirilən məlumata əsasən, bu ölkələrdə könüllülük əsasında yeni qaçqın mərkəzləri yaradılacaq. Sığınacaq axtaran şəxslər haqqında qərar verilənə kimi onlar həmin mərkəzlərdə yerləşdiriləcək. Müvafiq qurumlar sığınacaq axtaran şəxsin həqiqətən də qaçqın olub-olmadığını müəyyən edənə kimi onlar həmin mərkəzlərdə saxlanılacaq. Qaçqın statusu verilməyən şəxslər həmin mərkəzlərdən birbaşa öz vətənlərinə qaytarılacaqlar. Avropadakı miqrasiya böhranını aradan qaldırmağa xidmət edəcək saziş ona görə vacibdir ki, bir çox ölkələr artıq qaçqın axını ilə mübarizə aparmaq gücündə deyil. Təkcə 2015-ci ildə 1,5 milyon miqrant Avropada sığınacaq axtarıb. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2016-ci ildə 390,4 min miqrant yaşayış yerini dəişyməyə məcbur olub ki, onlardan da 5143 nəfəri ölüb və ya xəbərsiz itkin düşüb. 2017-ci ildə - 186.8 min nəfər yaşayış yerini məcburi dəyişib (onlardan 3116 nəfər ölüb və ya xəbərsiz itkin düşüb ) . 2018-ci ilin əvvəlinə olan məlumata görə Avropaya 54 352 miqrant gəlib, onlardan 972 nəfəri ölüb və ya xəbərsiz itkin düşüb.

Niyə məhz Almaniya?

Avropa ölkələri arasında miqrant böhranının ən çox təsir göstərdiyi ölkə Almaniyadır. Hətta o dərəcədə ki, Angela Merkel hökuməti qaçqın siyasətinin qurbanına çevrilə bilərdi. Amma nəhayət ki, Merkellə daxili işlər naziri Horst Zeehofer razılaşma əldə edib. Bu razılaşma ona görə vacibdir ki, nazir Merkelin miqrant siyasətinə qarşı davamlı mübarizə aparırdı. İkisi arasındakı razılaşmaya görə, Avstriya ilə sərhəddə qanunsuz miqrasiyanın qarşısının alınması üçün yoxlama aparılacaq, tranzit mərkəzlər tikiləcək və həmin mərkəzlərdə Avropa İttifaqına üzv olan başqa ölkələrdə əvvəllər qaçqın statusu almaq üçün müraciət etmiş şəxslər yerləşdiriləcək. O mərkəzlərdə saxlanılan, sığınacaq axtaran şəxslər ilkin olaraq qeydiyyatdan keçdiyi ölkələrə qaytarılacaq. 

Razılaşmada o da əks olunub ki, müvafiq razılaşmalara və sazişlərin tələblərinə uyğun olaraq Almaniya sığınacaq axtaran şəxslərin aidiyyəti üzrə müvafiq ölkələrə göndərilməsini təmin edəcək. Uzun müddətdir ki, Merkellə Zeehofer arasında əsas mübahisə və onların kompromisə gəlməklərini əngəlləyən məhz bu sahə idi. Çünki Almaniya Avropada ən çox qaçqın qəbul edən ölkədir. 2017-ci ildə burda1 410 000 qaçqın və sığınacaq axtaran şəxs məskunlaşıb. Fransada onların sayı 402, İtaliyada 355 , İsveçdə 322, Avstriyada 173 min, Yunanıstanda 83 min nəfər olub. Hazırda Almaniya əhalisinin 1, 75 faizini qaçqınlar və sığınacaq axtaranlar təşkil edir. Müqayisə üçün bildirək ki, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, həmin təşkilatda 75 nəfər qaçqın statusu alan şəxs qeydiyyatdadır. 

Siyasət meydanını bir ayda "boşaldanlar”

Düşünmək olar ki, Avropa ölkələri, xüsusən, Almaniyada qaçqın və sığınacaq axtaran şəxslərlə bağlı vəziyyətin bu qədər geniş əksinin Azərbaycanla nə əlaqəsi? Burda yazının əvvəlində verilən statistik məlumatı bir daha xatırladaq. Təkcə bu ilin mayında 194 azərbaycanlı qaçqın statusu almaq üçün Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinə müraciət edib. Elə həmin ay cəmi 13 nəfərə status verilib ki, bunlar da əvvəlki dövrlərdə müraciət edənlərdir. 85 nəfərin müraciətinə rədd cavabı verilib, 120 nəfər haqqında digər qərarlar (məsələn, Dublin) qəbul olunub. Gedənlərin də əksəriyyəti siyas-ictimai fəal olduğunu iddia edərək təzyiqə məruz qalıdğını bildirib. İndi siz deyin,  Azərbaycanda toplamda heç bu say qədər siyasətçi, ictimai fəal varmi? Varsa, o zaman ölkə siyasəti bir ayda adamsız qalıb deməkdir, yoxdursa, təkcə bir ayda bu qədər iddiaçı hardan ortaya çıxdı?

Gözü çıxan qardaşdan öyrənilənlər

Avropa ölkələrinin miqrant sazişini qəbul etməsi bu ölkələrə əsassız (burda söhbət qaçqın statusu almaq üçün əsas yaradacaq amillərin olmamasından gedir) gedənlər avropalı olmaq arzusunu reallaşdırmaq üçün ən müxtəlif çıxış yollarına baş vurur. Status almaq üçün yetərli səbəbləri olmayanların ənənəvi siyasi müxalifətdə təmsilçilik iddiası getdikcə fiaskoya uğrayır. Səbəbi aydındır-yaşı Azərbaycanın müstəqillyinin bərpası tarixindən də az olanların cibində özünü siyasi müxalifət lideri elan edənlərin dəstək məktubunu gəzdirməsi dəqiqliyi sevən almanların diqqətindən yayına bilməzdi. Deməli, "Yurd” sədri Əli Kərimlinin olmayan siyasi keçmişini dəstəklədiyi bu şəxslər siyasi fəaliyyətə görə təzyiqə məruz qaldıqlarına inandıra bilmirlər. Belə məqamda ən yaxşısı "Kimdən öyrəndin, gözü çıxan qardaşımdan” məsələ ilə hərəkət etməkdir. Avropa Birliyi ölkələrində qəbul edilən yeni miqrant sazişinin tələbinə uyğun olaraq mərkəzlərdə yerləşdirilənlərin status almaq üçün əsasları kifayət etmədiyi halda, birbaşa öz ölkələrinə qaytarılacağı barədə maddə bəzilərini hərəkətə keçirib. "Yurd”un dəstək məktublarının yanına dini fəaliyyətə görə təqib nağılları əlavə edilib.

Maraqlıdır ki, son zamanlar "Azərbaycanda dini əqidəyə görə təqib edilirik” iddiası ilə qaçqın statusu almaq istəyənlər ölkədə dini dövlət yaratmaq istəmələrini açıqca etiraf edir. Başqa sözlə, dövlət quruluşunu dəyişməyə cəhdlərindən danışır və bunun qanunsuz əməl kimi dəyərləndirilməsi onları narahat etmir. Azərbaycanda olduqları müddətdə bununla bağlı hansısa fəaliyyətləri olanlar da, Avropaya gedəndən sonra dönüb dini fəal olanlar da eyni "arqumetlərdən” istifadəyə cəhd edirlər. Üstəlik, maraqlı məqamlardan biri də odur ki, Azərbaycanda dövlət quruluşunu zorla dəyişməyə cəhd etdiklərini bildirir və bunun qanunun prizmasından necə dəyərləndiriləcəyindən narahat görünmürlər. Rauf Babayev, Elşən Musayev, Abbas Abdullayev, Alik Qasımov, Naməddin Qurbanov, Emin Abdullayev adlı mühacirlik həvəsində olanların status almaq üçün uydurduqları "təqib edilən dini əqidəlilər” nağıllarının miqrasiya idarələrinə necə təsir göstərdiyini deyə bilmərik, amma bu nağılları uyduranların sayının getdikcə artması narahatlıq doğurmaya bilməz. Siyasilərdən sonra dindarların təqib edildiyi ölkə imici yaratmaq istəyən bu şəxslər İran təsirində olduqlarını arqument kimi səsləndirib. Məhz buna görə Azərbaycanda təqib edildikləri qənaətini formalaşdırmağa çalışırlar. Məsələn, Abbas Abdullayev 2000-2008-ci illərdə İranın Qum şəhərində dini təhsil alıb. Hazırda həbsdə olan "Müsəlman Birliyi” təşkilatının sədri Taleh Bağırzadə ilə eyni dönəmdə oxuyub, öz sözlərinə görə, hətta xanımı ilə birlikdə Taleh Bağırzadə ilə tələbə yoldaşı olublar. 

Və bu iki faktdan Azərbaycanda təqib edildiyi görüntüsü yaratmaq üçün istifadəyə cəhd edir. Kiminləsə bir yerdə oxumaq Avropada sığınacaq almaq üçün əsas verirmi? Bu sualın cavabının Almaniyada necə olduğunu bilmirik, amma 37-ci illərin sovetində oğul ataya görə cavabdeh deyildisə, Avropa Almaniyasında tələbə yoldaşlığına görə sığınacaq verilməsi inandırıcı görünmür. Amma əgər tərəf İranyönümlü olduğunu etiraf edib, hansı yolla olursa-olsun, dini dövlət yaradılacağını miqrasiya idarəsində bəyan edirsə, o zaman narahatlıq üçün əsas da yaradır. 

İranda dini təhsil alanların hesabına ölkədə radikal dini meyillərin artırılmasına cəhdlərin müxətlif formalarda dəstəklənməsi, islam dövləti arzusunu hansı yolla olursa-olsun, gerçəkləşdirmək niyyətini bəyan etmək, xaricə gedərək ölkədə dini ekstremizmin qızışdırılmasına davamlı cəhdlər, onlar üçün vətəndaşı olduğu dövlətin qanunlarının yox, təhsil adığı ölkənin din xadimlərinin tələblərinin əsas olması təhlükəsizlik üçün təhdidlər sırasındadır və qətiyyən gözardı edilə bilməz. 

Bir zamanlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev Azərbaycana 5 ölkədən dini təsirlərin olduğunu bildirərək onlardan ikisi- İran və Səudiyyə Ərəbistanı üzərində daha çox dayanırdı. Görünür, zaman keçsə də, maraqlar dəyişməyib. İndi isə bu maraqların təmini üçün Avropadan da təminat almağa çalışanlar var.

Ərtoğrul Süleyman





Həftənin ən çox oxunanları