Yuxarı

Elçibəyin təşkilatı yenə meydandadır

Elçibəyin təşkilatı yenə meydandadır

Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasından 29 il ötür. Ötən dövrdə AXC-nin, sonradan isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daxilində çox ciddi proseslər baş verib.

Bu illər ərzində Xalq Cəbhəsində parçalanmalar, qopmalar yaşandı. AXCP-nin itirdikləri də oldu, qazandıqları da. AXCP yetkililəri "Cümhuriyət” qəzetinə ötən 29 ildə Xalq Cəbhəsində və onun ətrafında baş verən proseslərdən danışıb.

"AXCP "Yurd”un istilasından qurtulub”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, AXC-nin 29 illik tarixinə baxanda insan qarışıq hisslər keçirir: "Həm sevinir, həm təəssüflənir, həm də utanırsan. Sevinirsən, ona görə ki, AXC və AXCP Azərbaycan xalqının tarixində, müstəqillik hərəkatında önəmli rol oynayıb. Müstəqilliyimiz var. AXC Əbülfəz Elçibəyi xalqımıza tanıdıb və bu gözəl şəxsiyyət bu gün də ürəklərdə yaşamaqdadır. Sevinirik ki, AXCP-ni Elçibəyin istədiyi formatda yaşadırıq və onun ideyalarını həyata keçirmək üçün çalışırıq. İnanırıq ki, siyasətimizin xalqımız üçün çox müsbət nəticələri olacaq. Sevinirik ki, AXCP "Yurd" istilasından və təcavüzündən qurtulub. Elçibəyi aşağılayanlar və onun sağlığında ona qarşı mübarizə aparanların iyrənc caynaqları qırılıb, dişləri sınıb və dilləri pəltəkləşib.

Təəssüflənirik, ona görə ki, AXC üzərinə götürdüyü missiyanı tam olaraq yerinə yetirə bilmədi. Müxtəlif proqramlar və missiyalar yarımçıq qaldı. Təəssüflənirik ki, zamanı ilə səfərbər etdiyimiz milyonları itirdik və hələ də onları toplaya bilmirik. Çox üzgünük ki, insanlarımıza layiqli həyat vermək üçün və ölkədə sosial ədaləti bərpa etmək üçün gücümüz yetmir. Utanırıq, ona görə ki, neçə-neçə dəyərli vətəndaşlarımız aldadıldı, qurban verildi və AXC boyda təşkilatı parça-parça etdilər. Onu parça-parça edənlər bu gün də dəyərdən, qeyrətdən, dostluqdan və yüksək ideyalardan danışmaqda davam edirlər. Yalanlarını və yartımaz siyasətlərini bu gün də davam etdirirlər. Nə dostluq, nə yaxşılıq, nə də borc bilirlər”.

"AXC birlik, bərabərlik, bütövlük təşkilatı idi”

AXCP Ali Məclisinin sədri Rafiq Daşdəmirli də ötən 29 ildə baş verən mənfi və müsbət hadisələrdən danışıb. R.Daşdəmirlinin sözlərinə görə, AXC-nin parçalanması şəxsi maraqlardan irəli gəlib:"Bu illər ərzində çox keşməkeşli proseslər baş verdi. AXC şəxsi iddiaların yox, xalqın arzularının gerçəkləşməsinin uğrunda mubarizə aparan bir təşkilat idi. AXC xalqın gücü idi. Bu gücün qarşısında rüşvətxorlar, dövlətçilik əleyhinə olanlar belə aciz duruma düşmüşdülər. AXC birlik, bərabərlik, bütövlük təşkilatı idi. Çox təəssüf ki, AXC-də parçalanmağa meyilli olan qüvvələr də var idi.

Daxili və xarici satqınlar üzündən AXC öz hakimiyyətini saxlaya bilmədi. Bir tərəfdən daxildən, digər tərəfdən xarici düşmənlər AXC-nin arzularını puç etdi. Təəssüflə qeyd edirəm ki, el gücü olan AXC-ni hakimiyyətdən saldılar, sonra isə onu param-parca etdilər. Bəzi milli xəyanətkarlar özlərinin yalan və yarıtmaz siyasətləri nəticəsində AXC-ni gücdən saldılar. Yüksək ideyalar uğrunda mübarizə aparan AXC hakimiyyətinin müsbət işləri, xalq, dövlət naminə gördüyü işlər bugün də hörmətlə danışılmaqdadır. Amma yalançı qəhrəmanlar daxildən və xaricdən öz yarıtmaz siyasətləri ilə AXC-yə olan inamı öldürdülər. AXC-nin qarşıya qoyduğu məqsədlərini yerinə yetirməyə imkan vermədilər.

Rusiya və İran meyilli qüvvələrin törətdiyi qiyam nəticəsində AXC hakimiyyəti devrildi. Çox çətin zaman idi. Xalq Cəbhəsi yeni cəmiyyət, yeni ölkə qurmaq istəyirdi. Lakin başqa dövlətlərə işləyən dairələr, satqınlar buna imkan vermədilər. Cənubda separatçı Əlikram Hümbətov ölkəni parçalamağa çalışdı. Qarabağda ermənilər fəallaşdı, qonşu dövlətlərin dəstəyi ilə torpaqlarımızı işğal etdilər. Yaxşı ki Azərbaycan xalqı müstəqil dövlətimizi qoruyub saxlaya bildir. Lakin Xalq Cəbhəsi o zaman da, bu gün də öz çətin mübarizəsini davam etdirir. Bu gün də AXC-nin varisi olan AXCP-nin inkişafına yol verilmir. Zaman-zaman birləşməyə, bütövləşməyə deyil, öz ambisiyalarına xidmət edənlər Elçibəyin partiyasını param-parça etdilər. Lakin hansı şəraitdə olursa-olsun, biz AXC-nin millətləşmə, dövlətləşmə, bütövləşmə ideyasını davam etdirməliyik. Bu ideyanın müəllifi mərhum liderimiz Əbülfəz Elçibəy olub”.

"AXCP etibarlı əllərdədir”

AXCP sədrinin müavini Ehtiram Mehtiyev deyib ki, ötən 29 ildə baş verənlərə baxmayaraq AXCP artıq etibarlı əllərdədir: "Bu gün Azərbaycan Xalq Cəbhəsinin yaranmasından 29 il ötür. Xalq Cəbhəsini müstəqilliyimizin banisi hesab edirəm. Çünki, AXCP bu illər ərzində mücadilə tarixinin ən şərəfli, ləyaqətli dövrlərindən birini yaşadı. AXC nəinki imperiyanın çöküşündə həlledici rol oynadı, eyni zamanda millətləşmə, dövlətləşmə, bütövləşmə prinsiplərini özündə ehtiva edərək Azərbaycanda demokratik siyasi mübarizə yolunun əsasını qoydu. 

Tarixə nəzər yetirsək, görərik ki, AXC-də çox böyük siyasi proseslər gedib. Əli Kərimlinin timsalında partiyadaxili satqınlar, Leyla Yunus, Nemət Pənahlı, Rəhim Qazıyev, Əlikram Hümbətov və digər satqınlar Elçibəy ideyalarının yarımçıq qalmasına səbəb oldular. Onlar nəinki Elçibəyə qarşı çıxdılar, eyni zamanda, imperiyanı çökdürən xalqın bütün ümidlərini məhv etdilər. Əli Kərimlinin satqınçılıq, ölkədə siyasi fəallığa zərbə vurmaq, partiya daxilində diktatura rejimi yaratmaq, fəalları sıxışdırmaq siyasəti uzun çəkmədi və fiaskoya uğradı.

Nəhayət 2015-ci ildə Razi Nurullayev Əli Kərimlinin siyasi oyunlarını pozaraq, AXCP-də Əli Kərimli dövrünə son qoydu və yeni, sivil, kübar siyasətin təməlini qoydu. Partiyanın təşkilati strukturlarının yenidən formalaşması, gəncləşmə siyasəti partiyanın əsas prioritetlərindən sayıldı. Çox sevindirici haldır ki, bu gün AXCP etibarlı əllərdədir. Razi Nurullayevin sədrliyi ilə AXCP yenidən formalaşdı və əvvəlki kimi xalqın partiyasına çevrildi. Bu gün AXCP Razi Nurullayevin dediyi kimi "dəyənək siyasətindən, ancaq fərdi maraqlar üzərində qurulan siyasətdən fərqlənəcək”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları