Yuxarı

Hansı partiyalar bağlana bilər?

Hansı partiyalar bağlana bilər?

Azərbaycanda rəsmi olaraq qeydiyyatdan keçmiş 55 siyasi partiya var. Bununla yanaşı, qeydiyyatı olmayan siyasi təşkilatlar da mövcuddur. Ancaq əksər siyasi partiyaların fəaliyyəti demək olar ki, hiss olunmur.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu fəaliyyəti hiss olunmayan partiyaların qeydiyyatının ləğv edilməsini təklif edib.

"Azərbaycanda faktiki olaraq 6-7 partiya geniş və ya məhdud şəkildə fəaliyyət göstərir, yerdə qalan partiyaların mövcudluğuna, qeydiyyatda saxlanmasına ehtiyac yoxdur. Ölkədə 55 siyasi partiya var, ancaq onlardan heç biri xalq qarşısında vəzifələrini yerinə yetirmirlər. Qanunda boşluq var və bu da Ədliyyə Nazirliyinə fəaliyyət göstərməyən partiyaların qeydiyyatını ləğv etməyə imkan vermir”,-deyə S.Cəlaloğlu bildirib.

Siyasi cameədə də hesab edirlər ki, Sərdar Cəlaloğlunun fikirlərində çox böyük həqiqət payı var. Belə olduğu halda, yəni "adı var, özü yox” partiyalar niyə kağız üzərindəki mövcudluqlarını davam etdirir?

Vətəndaş və İnkişaf Partiyasının sədri (VİP) Əli Əliyev "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu məsələlər qanun çərçivəsində və obyektiv şəkildə tənzimlənməlidir. Ə.Əliyev də həmkarı kimi fəaliyyətsiz partiyaların ləğv edilməsinin tərəfdarıdır: "Sərdar bəyin dediyində həqiqət var. Doğrudan da Azərbaycanda hüquqi şəxs adında elə siyasi partiyalar var ki, onların mövcudluğu, fəaliyyəti, olub-olmaması, ümumiyyətlə, hiss olunmur. Sərdar bəy o mənada haqlıdır ki, belə təşkilatlar cəmiyyətdə siyasi müstəvidə çaşqınlıq yaradır. Belə çaşqınlığın olmaması üçün bu cür partiyaların fəaliyyət göstərməməsi və ya dövriyyədə olmaması daha yaxşıdır. Ancaq yenə də belə məsələlər qanunvericiliklə öz həllini tapsa, daha düzgün olar. 

Təbii ki, buna Ədliyyə Nazirliyi baxa bilər, obyektiv proseslər buna təsir göstərə bilər. Bu cür məsələlərə kompleks şəkildə yanaşmaq lazımdır. Bu, ayrı-ayrı münasibətlərlə həll olan məsələ deyil. Siyasi maraqlardan çıxış edib mövcud vəziyyətdə problem kimi gördükləri təşkilatları da ləğv edə bilərlər. Belə olmaması üçün ölkədə obyektiv proseslərin inkişafı, normal seçkilərin keçirilməsi lazımdır. Yalnız seçkilərdə toplanan səslər əsas götürülərək siyasi partiyalar ləğv edilə bilər. Bu cür məsələlərdə subyektiv yanaşmalar yolverilməzdir”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev də Sərdar Cəlaloğlunun fikri ilə razılaşdığını deyib. Ancaq V.Qarayev hesab edir ki, partiyaların qeydiyyatını ləğv etməkdənsə, onların fəaliyyətini gücləndirmək daha yaxşıdır: "Razıyam, bu gün Azərbaycanda barmaqla sayılacaq qədər aktiv, qismən aktiv partiya var. Qeydiyyatdan keçən partiyaların isə əksəriyyəti yalnız kağız üzərində var və bir sədrdən, uzaqbaşı sədr və müavindən ibarətdirlər. Lakin mən deməzdim ki, fəaliyyətsiz olan bu partiyalar bağlansın, yaxud bağlanmalıdır. Normal fəaliyyət göstərdikdən sonra partiyaların çoxluğunun ölkəyə ziyanı yoxdur. Sivil cəmiyyətin formalaşması, demokratik dəyərlərin yüksəlməsi, ölkədə güclü partiyaların olması, rəqabət ortamının yaranması olduqca vacibdir.

Məhz buna görə hökumət əslində indi passiv olan partiyaların fəaliyyətini gücləndirməkdə maraqlı olmalıdır, bunun üçün isə ilk növbədə maliyyə dəstəyi və fəaliyyət azadlığı vacibdir. Amma dövlət bir şərtlə maliyyə ayırmalıdır ki, özündən asılı hala salmasın, partiyaların azad, sərbəst, demokratik fəaliyyətinə imkan versin. Bu isə hazırkı durumda inandırıcı görünmür. Bu gün partiyaların fəaliyyətini məhdudlaşdıran təzyiqlərdir və bu reallıqdır. O ki qaldı "Bu partiyalar niyə var?” sualına, kağız üzərində beynəlxalq ictimaiyyətə göstərmək istəyirlər ki, demokratik, sivil ölkəyik, kifayət qədər müxalifət partiyalar mövcuddur”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları