Yuxarı

Əli Kərimlinin Avropadakı "dayaq dəstəsi”

Əli Kərimlinin Avropadakı

"Yurd” sədrinin yeni ssenarisindəki "mühacir oyunçular”

Siyasət yox, məhz oyununda meydanı özününküləşdirmək istəyən, bu oyunda var olduğu uzun illər ərzində dəfələrlə uğursuz cəhdlərindən peşman olmayan, hər dəfəsində yeni-yeni ssenarilər quran Əli Kərimli növbəti ssenari hazırlayır. Bu dəfə başqa bir dünyada.  

Amma bu oyun hər dəfəki kimi sizə, bizə, ölkəyə lazım deyil, heç nəyisə dəyişmək iqtidarında da deyil. Öz düşüncəsilə çoxgedişli kombinasiya planlasa da, əslində  heç kimi təəccübləndirəcək də deyil. Çünki adam bacarığını siyasətdə köhnəldikcə hissə-hissə itirib və indi tükənmiş durumdadır. Sadəcə bir azdan özünü "ana-ata” müxalifət adlandıranların cəbhəsində "atəşkəs” pozulanda nəyin baş verdiyi tam aydınlaşacaq. 

Əslində bu "atəşkəs”in pozulması üçün səbəb həmişə var - daha çox qazanmaq arzusu, tortdan daha çox pay götürmək cəhdi, "kim daha çox müxalifdir” yarışında özünütəsdiq çabası və s. "Atəşkəs”in pozulmasının mənbəsinə gəlincə isə indiyə qədər çoxları vardı, birini də Əli Kərimli yaradır. Bu dəfə də şəxsi biznesinə çevirdiyi müxalifət adına uyğun hakimiyyətlə mübarizəyə yox, digər qrupa - müxalif adlandırılan cevrəyə qarşı bir plan düzənləyir.

Üstəlik "mübarizə meydanı”nın yeri dəyişilib, "paytaxt” köçürülüb, maraqlar daha Bakıda deyil, Avropada toqquşur. Çünki mübarizənin meydanı daha Azərbaycan yox, Avropadır. Bəlkə də Avropa maliyyə qaynaqlarının bu adamların səslərini eşitməsi baxımından əlverişlidir, yəni məsafə baxımından yaxındır düşüncəsi, qazanmaq imkanı daha çoxdur arzusuyla məkan dəyişilib.  Hər halda, Kərimlinin yeni ssenarisində səhnə də, oyunçular da dəyişir. Bu ssenaridən hər kəs özünə qazanc qapısı açacaq yaxşı rol oynamaq ümidindədir. 

Bəs Kərimlinin yeni ssenarsi nədir? Məkan Almaniya, aktyorlar mühacir olmaq istəyən bir qrup azərbaycanlı, ssenari müəllifi və rejissoru Əli Kərimli. Təbii ki, iki çətin işi biri arada görən Kərimli həm də "təvazökarlığına” toz qondurmayacaq qədər ehtiyatlıdır, hər şeyi pərdə arxasından həll edəcək, "qoyunu görmüsən, heç...” məsəli kimi. 

İndi Azərbaycandan gedən bu bir qrup "mühacir” Almaniyadan deportasiya olunmaq qorxusundanmı, yoxsa statusu daha tez almağın ümidiyləmi bu ssenarinin iştirakçısına çevrilir. Kərimlinin üçüncü şəxslər vasitəsilə qurduğu oyunda əsas rolların ifaçısı kimi status alır və bir anda özlərini "siyasət”in tam ortasında görürlər. O siyasətin ki, Azərbaycanda olduqları zaman heç bir hərfinə belə bələd deyildilər, bələd olanlara da işsiz-gücsüz, bekar adamlar kimi baxıb lağlağı edirdilər. İndi Avropaya daha yaxşı həyat arxasınca gedəndə çıxış yolu kimi "siyasət” sözünün hərflərini saymağa başlayıblar. 

Kərimli də bu insanların çarəsizliyindənmi, siyasi savadsızlığındanmı, ümidsizliyindənmi istifadə edərək, özünə yeni bir təşkilat yaratmaq niyyətinə düşüb. Məqsədi də nə hakimiyyətə qarşı mübarizədir, nə də Avropada "dayaq dəstəsi” yaratmaq. Məqsədi özünə Avropadakılardan daha çox pay qoparmaqdır. Bir halda ki, bunu Avropada başqa-başqa təşkilatlar edir, o, niyə etməsin? Bir qrup mühacir statusu almaq istəyəni bir araya toplamaq, bir təşkilat yaradıldığı elanını elə öz dillərindən vermək, Facebook-da bir-iki status yazdırmaq, bərk ayaqda bir "iclas”dan çəkilən fotolar paylaşmaq, br neçə "sərt” status yazmaq, ardınca Avropada oturub Azərbaycanda hakimiyyəti dəyişməyin yollarını öyrətmək üçün "master klas”lara başlamaq. Növbəti mərhələdə bu "master klas”lar bazarına girdikləri üçün digər qrupun (Nəzərə alaq ki, ayrı-ayrı Avropa ölkələrində bu bazar artıq tutulub-müəllif) diqqətini çəkmək, onlara ünvanlanan bir neçə çıxışla bu diqqəti üzərlərində cəmləmək və Kərimlinin əsl mübarizəsinin oyunçusu olmaq. Kərimlinin bu ssenarisindən, yəni "ilanı Seyid Əhməd əli ilə tutmaq” bacarığından xəbərdar olmayan

Azərbaycandan mühacir adıyla gedən bu şəxslər hansı oyunun içində düşdüklərini anlayanda isə gec olacaq. 

İndilik isə Azərbaycandan gedərək Almaniyada sığınacaq almaq ümdində olan bu qrup- Zaur Əliyev, Nizami İsmayılov, Orxan Məmmədov, Səid Camalov, Rüfət Məmmədov, bu günlərdə "köç edən” Əflatun Məmmədov Kərimlinin yeni "dayaq dəstəsi”nin əsas simalarıdır. Məsələn, Rüfət Məmmədov hətta Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taburunun əməkdaşı olub. Ancaq əsasən maşın alverçisi kimi tanınıb. Maşın alqı-satqısıyla məşğul olduğu dönəmlərdə Almaniyaya tez-tez gedib. Belə gedişlərin birində də mühacir olmaq arzusuna düşüb və beləcə miqrasiya qurumuna müraciət edib. Görünür o zamanlar üçün onu mühacirətə məcbur edən səbəblərin olmaması barədə düşünməyib, düşünmək zamanı gələndə isə ona uyğun variant kimi bu ssenaridə rol almaq məsləhət görülüb. O da razılaşıb, beləcə Əli Kərimlinin”dayaq dəstəsi”nin üzvlərindən ən fəalına çevrilib.  Kərimlinin indiyə qədər öz maraqlarını təmin etdikdən sonra neçə belə "dayaq dəstəsi” yola saldığını düşünmədən. Əflatun Məmmədov isə mühacir həyatında da, "siyasət”də də yenidir. Nə baş verdiyini bəlkə hələ özü də bilmir.  Amma görünür onu kimsə mühacir olmağın bu yolunun asanlığına inandırıb. Elə başqalarını da....  

Çünki onlara hər iki tərəfə sərf edəcək şərtlərlə əməkdaşlıq təklif olunub: Facebook-da aktiv olmaq, hökumətlə yanaşı xaricdə yaşayan və fəaliyyət göstərən digər müxalif qrupların üzvlərinə qarşı fəallıq nümayiş etdirmək, xüsusilə Kərimli ilə münasibətləri artıq sosial şəbəkədə qarşılıqlı ittihamdan düşmənçilik mərhələsinə keçən sabiq diplomat Nahid Cəfərov, Müsavat Partiyasının xaricdəki fəallarına qarşı "Yurd” sədrini müdafiə etmək, ölkədə yeganə müxalif siyasi qüvvənin Kərimli olduğuna dair fikriləri təbliğ etmək tapşırılıb. İndi bu tapşırıqları necə yerinə yetirəcəkləri qrupa daxil olanların bacarığından asılıdır. Müəllimləri yaxşıdır, təcrübəlidir, şagirdlərin  ümidləri doğruldub-doğrultmayacağını yaxında görəcəyik.  Kərimli isə bundan xaricdə özünə dayaq məqsədilə istifadə edəcək və özünün əleyhinə Avropada danışanları elə Avropada susdurmaq niyyətindədir. Oyunun iştirakçıları isə bu tamaşada rol almaqla Almaniyada status qazanmaq ümidindədirlər. Bəlkə də bu məsələdə Kərimli onların son ümididir...      

Amma bir şeyi bilmirlər:Kərimli qazandığını qazanacaq, söydürmək, təhqir etdirmək istədiyini söydürüb təhqir etdirəcək, özünün "millət fədaisi” imicini yaratmaq üçün indi də bu adamlardan yararlanacaq, sonrakı mərhələdə status ala bilən sakitləşib öz damına çəkiləcək, ala bilməyən deportasiya olunub geri qaytarılacaq və Əli Kərimli onların müdafiəsi üçün barmağını belə tərpətməyəcək...

Ərtoğrul Süleyman





Həftənin ən çox oxunanları