Yuxarı

"Qonşu ölkələrə tətbiq edilən sanksiyalar Azərbaycana da təsir edir”

"ABŞ-ın Türkiyəyə, Rusiyaya və İrana tətbiq etdiyi sanksiyalarda kifayət qədər haqsız məqamlar var. Rusiya ilə məsələ aydındır və bu sanksiyalara Avropa ölkələri də qoşulub. Səbəb də birmənalı olaraq Krımın Rusiya tərəfindən ihlaq edilməsidir. Əslində, tətbiq edilən sanksiyalar Rusiyanı çökdürmədi və gözlənilir ki, Rusiya bu savaşdan qalib çıxacaq. Çünki, sanksiyalar nəticəsində iqtisadi və maliyyə boşluqlarını aşkara çıxardı və indi onların doldurulması ilə məşğuldur”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib. R.Nurullayev qeyd edib ki, Amerikanın tək hegemonluğu dünyanı yenidən ciddi qütbləşməyə sürükləyir:

"İrana və Türkiyəyə tətbiq edilən sanksiya isə heç bir tənqidə dözmür. İran "altılıq" çərçivəsində 2015-ci ildə bağlanmış razılaşmaya əsasən öhdəliklərini yerinə yetirib. Nə yaxşı ki, Avropa Birliyinin müdrik siyasətçiləri sayəsində qoca qitə bu sanksiyalara qoşulmadı. Lakin, əfsuslar ki, qoşulmasa belə iri şirkətlər ABŞ-la kəllə-kəlləyə gəlməmək üçün İranı tərk etməkdə davam edirlər. Bu yolverilməz bir məsələdir. Bu tip bəlalar hər bir ölkənin başına gələ bilər və Amerikanın tək hegemonluğu dünyanı yenidən ciddi qütbləşməyə sürükləyir.

Qardaş Türkiyəyə tətbiq edilən sanksiyalar, Türk lirəsinin dəyərdən düşməsi bir Azərbaycanlı siyasətçi kimi məni çox narahat edir və Türkiyənin yanında olduğumuzu bəyan edirəm. Türkiyə hədə-qorxular qarşısında əyilməyəcək, sınmayacaq. Zamanı ilə dünyanın dörd qitəsində hökmranlıq etmiş bir imperiya sına bilməz. Onun üçün də bütün müdrik ölkələr haqsız olaraq sanksiyalara məruz qalmış dövlətlərin yanında yer almalıdır. Ümid edirəm ki, ölkələr ciddi şəkildə milli valyutalarla hesablaşma məsələsində real addımlar ata biləcəklər. Nəhayət ki, hesablaşmalar barədə danışıqlar əməli işlə əvəz olunmalıdır”.

AXCP sədri hesab edir ki, qonşu dövlətlərə qarşı iqtisadi sanksiyalar və onların milli valyutasının ölməsi bizim ölkəmiz üçün də ciddi təhlükələr vəd edir: 

"Çox ehtiyatlı olmaq gərəkir və qonşularımızı da tək qoya bilmərik! Azərbaycanla ABŞ müttəfiq ölkələrdir və biz də bunun belə qalmasını istəyirik, lakin ABŞ da bilməlidir ki, apardığı bu siyasət regionda tam dəyişik bir geosiyasi mühitin formalaşmasına gətirib çıxarır. Faktiki olaraq, Türkiyə, İran və Rusiya güclərini birləşdirəcək və ABŞ-a qarşı nəhəng bir güc formalaşacaq. Bu güclər onlarla digər ölkələri də öz ətraflarına yığa biləcəklər. Çünki, ABŞ-ın apardığı siyasət inam vəd etmir və artıq çox ölkələr və siyasətçilər ABŞ-a etibar edib-etməmə haqqında ciddi şübhəyə düşüblər. Allah haqq tərəfi qorusun!”

Vilayət Muxtar





Həftənin ən çox oxunanları