Yuxarı

Qarabağa yeni vasitəçi?

Qarabağa yeni vasitəçi?

Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri bölgədə dondurulmuş münaqşələrin həllinə dair bəzi mesajlarla yadda qaldı.

Gürcüstanda durbinlə Rusiya mövqelərinə baxan Almaniya hökumətinin başçısı Ermənistan-Azərbaycan münaqişəsinə də öz münasibətini bildirdi. İrəvanda olarkən A.Merkel Almaniyanın Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan etdi. "Almaniya münaqişənin sülh yolu ilə həlli prosesinin təminatçısı olmağa hazırdır. Siz bilirsiniz ki, Almaniya ATƏT-in Minsk Qrupunun üzvüdür və biz Qarabağ münaşəsinin yaxşı atmosferdə həll olunması üçün qərar qəbul olunmasına dair razılığa gəldik”-A.Merkel belə deyib.

Azərbaycana səfəri zamanı isə xanım kansler bildirdi ki, Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyi Dağlıq Qarabağ probleminin həllinə kömək edə bilər. Bu baxımdan, Almaniya münaqişəninj nizamlanmasında vasitəçi olmağa hazırdır. 

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi Angela Merkelin səfər gündəliyində başlıca yerlərdən birini tutmasa da, Almaniyanın vasitəçilik məsələsi ilə bağlı rəsmi səviyyədə açıqlamaların verilməsi diqqəti cəlb edir.

Qeyd edək ki, Almaniyanın ATƏT-nin Minsk Qrupunun həmsədrliyinə gətirilməsi ilə bağlı ekspertlər səviyyəsində təkliflər zaman-zaman müzakirəyə çıxarılıb. Bir sıra siyasi müşahidəçilər hesab edir ki, Almaniyanın vasitəçi tərəflər sırasına daxil olması ATƏT-in Minsk Qrupunun restruktrizasiyasına və fəaliyyətindəki passivliyin aradan qalxmasına səbəb ola bilər. Hazırda Minsk Qrupunun həmsədrliyində qüvvələr nisbəti Rusiyanın və Fransanın timsalında Ermənistanın xeyrinədir. Ona görə də vasitəçi tərəflər arasında balansı təmin etmək üçün Almaniya ilə birlikdə təxminən "Normand dördlüyü”nə bənzər yeni formatın yaradılmasının vacibliyi təklif edilir. Bu dəfə isə rəsmi mövqe birbaşa Almaniya hökumətinin rəhbərliyi tərəfindən ortaya qoyulur. Angela Merkelin qeyd edilən fikirlərinin münaqişənin həlli prosesinə nə qədər müsbət təsir edəcəyi hələ məlum olmasa da problemin aradan qaldırılması istiqamətində yeni mərhələnin əsasını qoya bilər. 

Sözügedən məsələni şərh edən politoloq Natiq Mirinin fikrincə, rəsmi Berlinin bu təşəbbüsü Almaniyanın Cənubi Qafqazda regional fəaliyyətini artırmaq planları ilə bağlıdır: "Avropanın ən güclü və nəhəng ölkələri olan Böyük Britaniya və Fransa Cənubi Qafqazda fəaliyyət göstərir. Həmin dövlətlər, xüsusilə, Cənubi Qafqazın əsas strateji mövqeyə və zəngin ehtiyatlara malik ölkəsi olan Azərbaycanın qlobal və regional layihələrində iştirak edir. Bu baxımdan, Almaniya da kənarda qalmaq istəmir və Cənubi Qafqaza gəlmək istəyir. Hətta Almaniya XX əsrin əvvəllərində də Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda fəaliyyət göstərib. İndi yenidən Almaniya digər böyük Avropa dövlətləri ilə birlikdə Azərbaycana gəlmək istəyir. Ona görə də Cənubi Qafqaz ölkələrinin əsas problemi olan işğal məsələsi qabardılmalıdır ki, yerli dövlətlərin maraqları çərçivəsində olsun. Avropanın Cənubi Qafqaza giriş qapısı olan Gürcüstanın bir sıra əraziləri işğal edilib. Rusiya Abxaziyanı və Cənubi Osetiyanı ilhaq edərək özünə birləşdirib. Azərbaycanın da ərazisinin 20 faizi Rusiyanın yardımı ilə Ermənistan tərəfindən işğal edilib. Yəni, Cənubi Qafqaza gəlmək istəyən Almaniya regionun hər üç dövlətində siyasi münaqişə, Gürcüstanda və Azərbaycanda isə işğal faktı ilə üzləşir.

Əgər Almaniyanın Cənubi Qafqazla bağlı planları varsa, o halda işğal amillərini qabartmalıdır. Düşünürəm ki, ən azından, protokol xatirinə bu məsələni qabartdı. Münaqişənin həllində təminatçı olmaq barədə deyilən fikirlərə gəlincə, düşünürəm ki, bunlar daha çox protokol xatirinə deyilmiş sözlərdir. Çünki bu prosesdə oyunçu olmaq istəyən ölkə Rusiyaya qarşı çıxmalıdır. Almaniya isə Rusiyaya qarşı çıxmaq fikrində deyil. Çünki Rusiyadan Almaniyaya təbii qaz ixracını nəzərdə tutan "Şimal axını-2” layihəsi rəsmi Berlinin maraqları çərçivəsində həyata keçirilir. Ona görə də düşünürəm ki, Merkelin Dağlıq Qarabağ problemi ilə bağlı dedikləri daha çox protokol xatirinə deyilmiş sözlərdir və ona ciddi yanaşmaq lazım deyil. Əgər Ermənistan gələcəkdə Azərbaycan torpaqlarının işğalından imtina edərsə və Almaniyanın vasitəçi olmasını istəyərsə, rəsmi Berlin bundan imtina etməyəcək. Ancaq belə bir situasiyanın yaranacağını inandırıcı hesab etmirəm”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları