Yuxarı

Kremldən fürsətcil mövqe

Kremldən fürsətcil mövqe


İlqar Vəlizadə: "Rusiya siyasi maraq güdür”


İran dəmir yolu və enerji layihələrini həyata keçirmək üçün Rusiyadan 5 milyard ABŞ dollar kredit istəyib. Bunu İranın Energetika naziri Reza Ərdakanian rusiyalı həmkarı Aleksandr Novakla görüşündə deyib. Onun sözlərinə görə, İran bu vəsaitdən ölkənin cənubunda, Fars körfəzi sahilində yerləşən İnçborom şəhəri ilə şimal-şərqindəki Gərmşəhri birləşdirəcək dəmir yolu xəttinin çəkilişində və Hürmüzqan əyalətindəki 1 400 meqavatlıq elektrik stansiyasının inşasında istifadə edəcək.

Lakin ABŞ-ın İrana qarşı beynəlxalq sanksiyaları gücələndirdiyi bir vaxtda Moskvanın bu addımı atması risk kimi dəyərləndirilə bilər. İrana yardım etdiyinə görə, Rusiyanın maliyyə sisteminə ABŞ tərəfindən qadağalar tətbiq ediləcəyi istisna edilmir.

Lakin Rusiya da iri həcmli kreditlər verməklə yaranmış maliyyə-iqtisadi böhran şəriatində İran üzərində siyasi təsirini artırmağa çalışa bilər.


Politoloq İlqar Vəlizadənin sözlərinə görə, Rusiya İrana 5 milyard dollar kredit ödəməklə müəyyən dərəcədə risə yol verir. Çünki kredit ayıran təşkilatı ABŞ-ın sanksiyaları gözləyə bilər: "Rusiya hazırda ABŞ-ın sanksiyaları altındadır. Əlavə qadağaların tətbiqi Rusiya üçün arzuolunmazdır. 5 milyard dollar Rusiyaya ciddi mənfəət gətirməyəcək. Həm də 5 milyard uzunmüddətli kreditdir və çox güman ki, burada şərtlər də yumşaq olacaq. Ona görə də faiz dərəcələri aşağı olacaq. Rusiyanın maliyyə çətinliklərini nəzərə alsaq, bu kreditin reallaşması çətin məsələdir. Eyni zamanda təcrübə göstərir ki, infrastruktur layihələrə ayrılan vəsaitlər qısa müddətdə özünü doğrultmur. Yəni bunun üçün zaman lazımdır. İranın Rusiyadan asılılığına gəlincə, bunu rəsmi Tehran da istəməz. İran Rusiyanın enerji və kredit potensialı imkanlarını bilir. İnanmıram ki, İran bu məsələdə Rusiyanı özünün bərabər tərəfdaşı və yeganə mənbə hesab etsin. Çünki İranın maliyyə ala biləcəyi Çin və başqa dövlətlər də var. Amma onların sayı çox deyil. Kreditin reallaşması sual altında olsa da Rusiya tərəfi Avrasiya İqtisadi Birliyinin xətti ilə həmin vəsaiti rəsmiləşdirə bilər. Bu, Moskva üçün daha münasib olar. Çünki İran ötən il Avrasiya İqtisadi Birliyi ilə azad ticarət zonasının yaradılmasına dair saziş imzalayıb və bu il İran parlamenti həmin sənədi ratifikasiya edib. Rusiya AİB tərkibində geniş imkanları olan Qazaxıstanı bu layihələrə cəlb edə bilər”. İlqar Vəlizadə qeyd etdi ki, Rusiya İrana kredit ayırmaqla daha çox siyasi maraqlar güdür. Çünki Rusiyanın ixrac potensialında nüvə texnologiyaları geniş yer tutur. Amma elektrik stansiyasının inşasını maliyyələşdirmək Rusiyaya ciddi gəlir gətirmir. Ona görə də Rusiya İrana maliyyə yardımı göstərməklə çətin ünlərdə rəsmi Tehranın yanında olduğunu nümayiş etdirməyə çalışır.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları