Natiq Miri: "Bu mexanizm illər boyu davam etdiyi üçün o insanları birbaşa ifşa etmək asan olmur”
Türkiyə üçün
Fətullahçı Terror Təşkilatı (FETÖ) təhlükəsi
hələ də tam bitməyib. Bunu ayrı-ayrı vaxtlarda Türkiyə
güc strukturlarının apardığı əməliyyatlar
zamanı saxlanılan FETÖ üzvlərinin sayı da göstərir. Hətta FETÖ lideri Fətullah Gülənin
Türkiyədə növbəti dəfə çevrilişə cəhd edəcəyi də istisna olunmur. Bununla bağlı ötən il Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib.
"FETÖ
yenidən çevrilişə cəhd etmək istəyir. Həbs etdiklərimizin bəzilərinin bununla
bağlı etirafları var. Hazırda bunların öz aralarındakı
planlarını öyrənir, dəqiqləşdiririk. Yeni bir çevriliş, sui-qəsd
planları var. Amma bunu həyata
keçirmək üçün gücləri yoxdur, amma təhdid xarakterli hücrələri var”, - deyə
nazir Soylu bildirib.
Soylunun bu
açıqlamanı ötən il verib. Buna baxmayaraq, görünən odur ki, hələ də Türkiyə
üçün FETÖ təhdidi bitməyib. Türkiyənin müdafiə naziri Hulusi Akar FETÖ terror
təşkilatı ilə bağlı hesabat xarakterli çıxışında diqqətçəkən
açıqlama verib. Akar bildirib ki, 2016-cı il iyulun 15-dən
etibarən Türkiyə Silahlı Qüvvələrinin
FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 17 min 866 hərbçisi
vəzifəsindən azad edilib. Onlardan 150-si general və admiraldır. Göründüyü kimi, rəqəmlər kifayət qədər böyükdür.
Nəzərə alsaq ki, hələ də FETÖ üzvlərinə qarşı əməliyyatlar davam edir və
demək mütəmadi olaraq istər dövlət
qurumlarında, istərsə də, güc strukturlarına davamlı həbslər baş verir, bu rəqəmin daha da artacağı istisna deyil. Məhz bu məqama istinad edən
ekspertlər hesab edir ki, Türkiyə üçün FETÖ təhlükəsi hələ də mövcuddur. Hulusi
Akarın açıqlamasında səsləndirdiyi
rəqəmlər isə təhlükənin miqyasının böyüklüyündən
xəbər verir. Rəqəmlər kifayət qədər böyük göstəricisidir. Maraqlıdır, FETÖ Türkiyə ordusunu necə ələ keçirib?
Politoloq
Natiq Miri "Cümhuriyət” qəzetinə şərhində FETÖ üzvlərinin güc strukturlarına necə yerləşdirildiyinin mexanizmini açıqlayıb. N.Miri
bildirib ki, FETÖ şəbəkəsinin dövlət strukturlarına,
xüsusilə də güc orqanlarına
sızması məsələsi çox həssas və çevik mexanizm vasitəsilə həyata
keçirilib: "Bu da məhz qəbul imtahanlarını həyata
keçirən komissiya tərəfindən aparılıb. İmtahanlardan əvvəl
bütün sualların hazır cavabları FETÖ üzvü olan tələbələrə
ötürülüb. Bunun nəticəsində illər boyu çox rahatlıqla həmin
strukturlara və ali məktəblərə qəbullara bilavasitə FETÖ üzvləri nəzarət edib.
Həssas olan bu mexanizm, xüsusilə də bütün bu proseduru həyata keçirən
komissiyanın rəhbərliyini və idarəetməni ələ
keçirəndən sonra artıq dövlət
strukturlarına sızmaq ciddi problem olmayıb. Bu proses illərlə
təkrar olunduğu üçün açıqlanan rəqəmlər
təəccüblü görünmür. Düşünürəm ki, bu rəqəmlər də son deyil. Hesab edirəm ki,
hələ də Türkiyənin güc orqanlarında və dövlət
strukturlarında gizli fəaliyyət göstərən FETÖ
üzvləri var. Çünki bu mexanizm illər boyu davam etdiyi üçün o insanları birbaşa ifşa etmək asan olmur. Ona görə də həm hərbi
sahədə, həm də digər güc strukturlarında FETÖ üzvlərinin
axtarışı, izlənməsi və ifşa olunması
dayandırılmır. Bu davamlı prosesə çevrilib ki, zaman-zaman bu cür həbslərin də
şahidi oluruq”.
Vilayət
Muxtar