Yuxarı

Ağ Ev Çini "küncə sıxışdırır” - - Tramp ölkənin kredit bazarını bağlayır

Ağ Ev Çini


ABŞ Prezidenti Donald Tramp Dünya Bankının Çinə kredit verməyi dayandırmalı olduğunu bildirib. Donald Tramp bu barədə özünün "Tvitter” səhifəsində məlumat yayıb. "Dünya Bankı nəyə görə Çinə kredit verməlidir? Çinin pulu çoxdur. Pul çatışmasa da, tapacaqlar. Bunu dayandırmaq lazımdır”, - ABŞ Prezidenti belə yazıb.

Dekabrın 2-də ABŞ-ın Ticarət naziri Uilbur Ross Fox News telekanalına müsahibəsində dekabrın 15-nə qədər ticarət sazişi imzalanmasa, Donald Trampın Çindən idxal edilən bəzi məhsullara rüsumu artırmaq niyyətində olduğunu deyib. Yəni ABŞ ticarət müharibəsində əsas rəqibinin maliyyə dəstəyinə mane olmaqla Çinin iqtisadi çöküşünə nail olmağa çalışır. Bundan əlavə, Vaşinqton Çin hakimiyyətinin insan hüquqlarının pozulması ilə bağlı proqramlara kredit xərcləməsindən narahatdır. Bu arada məlum olub ki, Dünya Bankı növbəti 5 illik maliyyə ili üçün, yəni 2025-ci ilə qədər Çinlə kredit müqaviləsini təsdiqləyib. Dünya Bankı Çinə struktur və ekoloji islahatlar çərçivəsində geniş dəstəyini bildirib.

Dünya Bankı mütəmadi olaraq bir sıra ölkələrə iqtisadiyyatın açıq olmasını təmin etmək üçün institusional islahatlar müqabilində oxşar maliyyə yardımı göstərir. İndi Çin hər il bankdan şərti faizlə 1 milyarddan 1,5 milyard dollara qədər borc ala biləcək. Cari maliyyə ilində Dünya Bankı Çinə 1,3 milyard dollar kredit ayırıb. Ötən dövr üçün isə bu göstərici 2,4 milyard dollar təşkil edib. Bu da Dünya Bankının Çinə maliyyə dəstəyinin azaldığını göstərir. Lakin ABŞ-da bunu zəif hesab edirlər. Konqres, Çin hakimiyyətinə DB tərəfindən maliyyələşdirilməsinin məhdudlaşdırılmasına yönəlmiş mexanizm üzərində işləyir. ABŞ maliyyə naziri Stiven Mnuçin konqresmenləri bunun vacibliyinə inandıra bilib. Nazirin fikrincə, Pekin üçün güzəştli kreditləşmənin həcmi 1 milyard dollardan az olmalıdır. Stiven Mnuçin bildirib ki, Çinin kreditləri almasından daha çox həmin vəsaitləri banka qaytarması daha əlverişli olar. Nümayəndələr Palatasının Maliyyə Bazarlarına Nəzarət Komitəsində Mnuçin bəyan edib ki, ABŞ-ın Dünya Bankının Direktorlar Şurasındakı nümayəndəsi Çinə yardım göstərmək kömək etmək planına etiraz edib. Bundan əlavə, ABŞ Dünya Bankından Çinin aşağı və orta gəlirli ölkələrə güzəştli kredit vermə proqramlarından kənarlaşdırmasını tələb edib. Mnuçinin sözlərinə görə, Çin kifayət qədər varlı ölkədir və belə maliyyə yardımına ehtiyacı yoxdur. Pekin özünün "Bir kəmər-Bir yol” layihəsini inkişaf etdirmək üçün digər ölkələrə yüz milyardlarla dollar həcmində kredit verir.

Amerika qanunvericiləri Birləşmiş Ştatların vergi ödəyicilərinin Dünya Bankına verdikləri və Çin tərəfindən alınan vəsaitlərin insan hüquqlarının pozulduğu vəzifələri maliyyələşdirmək üçün qeyri-adi məqsədlərə istifadə edilə biləcəyindən şübhələnərək Stiven Mnuçinlə həmrəylik bildirib. Ağ Evdə hesab edirlər ki, Çinə borc vermək ABŞ-la ədalətsiz iqtisadi rəqabətə səbəb olur. "The Financial Times”ın yazdığına görə, Vaşinqton 2018-ci ilin aprel ayından bəri kredit modelində dəyişiklik üçün Dünya Bankına fəal şəkildə təzyiq göstərir. Adıçəkilən qəzet qeyd edir ki, hətta o vaxt Mnuçin Dünya Bankının rəhbərliyindəki bir qrup şəxslə danışıqlar aparıb. O dövrdə DB, Çinə verilmiş kreditləri azaltmaq hesabına inkişaf etməkdə olan ölkələrə maliyyə yardımını 13 milyard dollar Dünya bankının artırmağı planlaşdırmışdı. Öz növbəsində ABŞ Çinə ödəniləcək məbləğ 13 milyard dollar azaldılacağı təqdirdə, Dünya Bankının nizamnamə kapitalına planlaşdırılan vəsaitin 10 faizini ödəyəcəyini söz verib.

Buna baxmayaraq, ABŞ Maliyyə Nazirliyinin sabiq əməkdaşı Skot Morris hesab edir ki, Donald Tramp administrasiyasının DB-nin Çinə və bir sıra digər rəqibi ölkələrə borc verməsini dayandırmağa məcbur etmək planını yerinə yetirilmək üçün bir az vaxt lazım olacaq. Bu müddət təxminən bir il çəkəcək. Eyni zamanda DB, ənənəvi olaraq borc alan ölkələrin kreditin xərclənməsinə diyinə ciddi nəzarət tələb edir. Ekspertlərin rəyinə görə, Dünya Bankının nizamnamə kapitalında ABŞ-ın nəzarət paketi 16 faiz təşkil etdiyinə görə, Vaşinqton nəticədə öz istəyini qəbul etdirməyə nail olacaq.

Müşfiq Abdulla

 





Həftənin ən çox oxunanları