Yuxarı

ABŞ-la Avropa arasında qaz savaşı

ABŞ-la Avropa arasında qaz savaşı


ABŞ Nümayəndələr Palatası Rusiyadan Almaniya vasitəsilə Avropaya təbii qaz ixracını nəzərdə tutan "Şimal axını-2” layihəsinə sanksiyaları nəzərdə tutan qanunu qəbul edib. Senatda bu sanksiyaların tərəfdarları üstünlük təşkil edildiyindən eyni sənədin Konqresin yuxarı palatasında da səs çoxluğu ilə qəbul ediləcəyi istisna olunmur. Bir sıra Avropa ölkələri, xüsusilə Almaniya ABŞ-ın bu qərarını təxribat adlandırıb.  
Gələn həftə Senatda müzakirə ediləcək qanun layihəsi, təbii qazın Baltik dənizi vasitəsilə Avropaya çatdırılmasında iştirak edən şirkət rəhbərlərinə vizalarının ləğv edilməsini, şirkətlərin ABŞ-dakı aktivlərinin dondurulması da daxil olmaqla müxtəlif sanksiyaların tətbiqini nəzərdə tutur. ABŞ Konqresi 2020-ci il üçün nəzərdə tutulan hərbi büdcəyə rus energetikasına qarşı sanksiyaları daxil edib. Təklif edilən büdcə layihəsinin əsas parametrləri Senatın Silahlı Qüvvələr Komitəsinin rəsmi saytında yerləşdirilib. "Şimal axını-2” layihəsinə qarşı məhdudlayıcı tədbirlərin məhz hərbi büdcəyə daxil edilməsi daha əvvəl onunla izah edilib ki, ayrıca sanksiya qanunu işləyib hazırlamağa əlavə vaxt lazımdır. Amerikalı qanunvericilər isə hesab edir ki, tikinti işlərinin başa çatmasına maksimum mane olmaq üçün sanksiyalar mümkün olduğu qədər tez bir zamanda qüvvəyə minməlidir. Almaniyanın "Bild” nəşrinin dekabrın əvvəlində verdiyi məlumata əsasən, Pentaqonun büdcə layihəsində nəzərdə tutulan tədbirlər İsveçrənin sualtı boruların və kabellərin çəkilməsi üzrə ixtisaslaşan "Allseas” şirkətinə şamil edilə bilər.
Öz növbəsində, Senatın Beynəlxalq Məsələlər üzrə Komitəsinin sədri Cim Riş bildirib ki, sanksiyalar dəniz səviyyəsindən təxminən 30,5 metr dərinliyində boruların çəkilməsi üçün gəmi icarəyə verən şirkətlərə aid ediləcək. ABŞ hesab edir ki, "Şimal axını - 2” layihəsi Avropanı Rusiyanın enerji resurslarından asılı vəziyyətə salacaq. Məsələ ilə bağlı açıqlama verən Almaniyanın xarici işlər naziri Heiko Maas ABŞ-ın addımını kəskin tənqid edib."Avropanın enerji siyasətinə ABŞ-da deyil, burada qərar verilir. Biz xarici müdaxilələri və sanksiyaları kökündən rədd edirik” -deyə, o, bildirib.
Xatırladaq ki, Baltik dənizinin altından keçəcək iki qaz kəməri ilə hər il Almaniyaya 55 milyard kubmetr "mavi yanacağ”ın nəql edilməsi planlaşdırılır. Layihənin operatoru qismində "Qazprom”-un törəmə şirkəti "Nord Stream 2” çıxış edir. Almaniya hökumətində ABŞ-ımn mövqeindən narazılığın artması müşahidə olunur. Almaniya Sosial Demokrat Partiyasından olan deputat Timon Qremmels ABŞ-ı layihəyə mane olmamağa çağırıb. Xristian Demokratlar Partiyasının Bundestaqdakı təmsilçisi Yoahim Pfayfer isə ABŞ-ın qərarını müttəfiqlərə və bütün Avropaya qarşı düşmənçilik hərəkəti adlandırıb. Brüssel də Amerikanın sanksiyalarına qəzəblə reaksiya verib. "Avropa Birliyinin qanuni bizneslə məşğul olan Avropa şirkətlərinə qarşı sanksiyaların qəti əleyhinədir”-deyə AB-nin ticarət məsələləri üzrə komissarı Fil Hoqan bəyan edib. Konqresdəki sanksiyalardan sonra ABŞ-la Avropa Birliyinin münasibətlərində gərginlik artmağa başlayıb. Bu ilk növbədə, Rusiyadan "mavi yanacaq” idxalında maraqlı olan Almaniyaya və Fransaya aiddir. Almaniyanın mühafizəkar müxalifəti isə yaranmış vəziyyətə görə Merkel hökumətini tənqid edib: "Almaniyanın rəsmiləri "Nord Stream 2” qaz boru kəmərində ABŞ-a təslim oldu”-"Almaniya üçün Altetrnativlər” Partiyasının yaydığı bəyanatda belə deyilir. Layihə Almaniyanın enerji təhlükəsizliyi baxımından vacibdir və Berlin də bunu müdafiə edirdi. Ancaq Vaşinqtonun təzyiqi ilə hərəkət etdilər. Nəticədə, ABŞ Ukrayna ilə qaz kəmərini bağlaya bildi və müdafiə büdcəsi haqqında qanun layihəsi ilə onun əleyhinə sanksiya irəli sürdü. Federal hökumət ABŞ-ın təziyiqi ilə bu iqtisadi hücuma qoşuldu və təslim oldu”-deyə müxalifət qeyd edib. Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Devid Heyl isə Vaşinqtonun yalnız diplomatik tədbirlərdən istifadə etməklə boru kəmərini qarşısını almağın mümkün olduğunu söyləyib. "Lakin diplomatiya layihəni dayandıra bilmirsə sanksiyalar tətbiq edilə bilər”-Heyl belə deyib.
Prezident Tramp isə "Şimal axını-2” kəmər layihəsinə sanksiya tətbiq ediləcəyi barədə Ağ Evin mövqeyinin müəyyənləşmədiyini deyib. Buna baxmayaraq, prezidentin sözügedən qanunu imzalayacağı şübhə doğurmur. Çünki Tramp adıçəkilən kəmər layihəsinə görə Almaniyaya qarşı tənqidi bəyanatları ilə seçilir. Hətta NATO üzvü və tərəfdaş ölkələrin 2018-ci ilin iyul ayında keçirilən sammiti zamanı Tramp ziyafət zamanı Almaniya kansleri Angela Merkelə "Siz rus qazına satılmısınız”-demişdi.
ABŞ Rusiya kəmərinin qarşısını almaqla özünün istehsal etdiyi sıxılmış qazın Avropaya ixracının artırılmasına nail olmağa çalışır. Digər tərəfdən, ABŞ buna həm də siyasi məsələ kimi yanaşır və Rusiyanın Avropanın enerji təhlükəsizliyi sistemində dominantlığına son qoyulmasına çalışır. Üstəlik, Donald Trampa qarşı ABŞ Konqresində impiçmentlə bağlı dinləmələrin keçirildiyi günlərdə bu sanksiyaların tətbiqi Ağ Evin rəhbərini təzyiqlərdən yayındıra bilər.
Müşfiq Abdulla





Həftənin ən çox oxunanları