Yuxarı

Ankara küncə sıxılır: Cavab nə olacaq?

Ankara küncə sıxılır: Cavab nə olacaq?


Cümşüd Nuriyev: "Bu, ABŞ-ın özü üçün çox pis qurtaracaq”


Amerika Birləşmiş Ştatlarının (ABŞ) Türkiyəyə qarşı ağır sanksiyalar tətbiq edəcəyi artıq bir müddətdir ki, gündəmdədir. Sanksiyalara səbəb isə Türkiyənin Rusiyadan aldığı "S-400” hava hücumundan müdafiə sistemləridir. Artıq sanksiyalar ilk mərhələdə qəbul olunub. Qeyd edək ki, dekabrın 11-də Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının Xarici Əlaqələr Komitəsi Türkiyəyə qarşı sanksiyaları tətbiq edən qanun layihəsini qəbul edib.
"ABŞ-ın milli təhlükəsizliyinə Təşviq və İŞİD-in canlanmasının qarşısının alınması" adlı layihə 18 lehinə, 4 əleyhinə səslə təsdiq edilib. Səsvermədən əvvəl çıxış edən respublikaçı senator, Xarici Əlaqələr Komitəsinin rəhbəri Cim Riş bildirib ki, ""S-400”-lər Türkiyə torpaqlarında olduğu müddətcə F-35-ləri ala bilməyəcək. Ərdoğanı seçimlərinə yenidən nəzər salmağa çağırırıq"
Qanun layihəsinin əleyhinə səs verən senator Rand Pol Türkiyə haqqında alınacaq hər bir sanksiya qərarında diqqətli olmağın vacibliyini vurğulayıb: "Sanksiya tərs reaksiya yaradaraq qərarın Türkiyəni Rusiyanın orbitinə itələyə bilər”.
Qanun layihəsini respublikaçı senatorla bilikdə komitəyə təqdim edən demokrat senator Bob Menendez bildirib ki, "Xarici siyasətimizin Türkiyə tərəfindən girov alınması ilə bağlı narahatlıqlarımız var. Tramp Ərdoğanın Suriyaya olan tələbinə göz yumdu. İstədiklərini əldə etdilər".
Sanksiyaların rəsmən qüvvəyə minməsi üçün ABŞ Prezidenti Donald Tramp qanun layihəsini imzalamalıdır. Digər təfdən ABŞ Konqresi qondarma erməni soyqırımını da tanıyıb. Bu da Türkiyəyə qarşı daha bir təzyiq mexanizmi hesab olunur.
Göründüyü kimi, ABŞ Türkiyəyə qarşı sanksiyaları təsdiqlədi. Maraqlıdır, Türkiyənin adekvat addımı nə olacaq?
Politoloq Cümşüd Nuriyev "Cümhuriyət” qəzetinə şərhində ABŞ-ın sanksiyalarının Türkiyəyə ciddi təsiri olmayacağını deyib. C.Nuriyevin sözlərinə görə ABŞ sanksiyaları qüvvəyə minsə, Türkiyə "İncirlik” hərbi bazasını Amerikanın üzünə bağlayacaq: "ABŞ hazırda dünyaya dünyaya ağalıq iddiasından əl çəkmək istəmir. Ona görə də bütün ölkələrə eyni vaxtda hücum edir. Bu ABŞ-ın özü üçün çox pis qurtaracaq. Həm Rusiyaya, həm Çinə, həm də Türkiyə kimi böyük bir dövlətə sanksiya tətbiq etməklə, bütün türk dünyasını qarşısına alır. Digər tərəfdən Avropa Birliyinə, Fransa Prezidenti Emmanuel Makrona sataşır. Elə bil ki, Allah adamın ağlını alıb və o da ağlına gələni edir. ABŞ bu yolla əvvəlki nüfuzunu bərpa etmək istəyir, amma bu onun üçün daha çox problem yaradacaq. Türkiyə elə bir balaca dövlət deyil ki, sanksiyalar onun üçün nəsə problem yaratsın. İqtisadi problemlərin yaranacağını əvvəlcədən etiraf etmək lazımdır. Amma lirə Türkiyədə bu müddət əvvəl ucuzlaşdı, sonradan isə möhkəmlənmək üçün zaman qazandı. Artıq Türkiyədə lirə ilə bağlı ciddi bir problem görmürəm. Türkiyənin iqtisadiyyatında bütün məsələlər dollarla mübadilə edildiyinə görə qiymətli kağızlar bazarında problem ola bilər. Amma Türkiyənin də ABŞ-a qarşı atacağı addımlar var. İlk olaraq Türkiyə "İncirlik” hərbi bazasına ABŞ-ı buraxmayacaq. ABŞ bütün ərəb dünyasına, xüsusil də Suriyaya nəzarəti məhz "İncirlik” üzərindən həyata keçirir. Digər tərəfdən ABŞ

Türkiyəni itələməklə, Rusiyaya yaxınlaşdıracaq ki, bu, da Türkiyəyə iqtisadi mənfəət gətirəcək. Həm qaz kəmərinin çəkilişi, həm Atom Elektrik Stansiyasının tikilməsi, həm də yeni S-400 havadan müdafiə sistemlərinin alınması Rusiya-Türkiyə münasibətlərini daha da yaxınlaşdıracaq. Bu yaxınlaşmaya Çini də əlavə etsək, ABŞ qarşısında 4 ölkə görəcəyik. Bunlar Türkiyə, Rusiya, Çin və Suriyadır”.
Cümşüd Nuriyev hesab edir ki, Türkiyəyə qarşı sanksiya tətbiq olunması NATO-Türkiyə arasında çatların genişlənməsinə səbəb olacaq: "Siyasi mənada bu çata da ABŞ düşəcək. Çünki Avropa ilə də NATO arasında problem yaranıb. Digər tərəfdən ABŞ-la Türkiyə arasında elə də böyük həcmdə ticarət dövriyyəsi yoxdur ki, bundan əziyyət çəksin. Türkiyə daha çox turizmdən gəlir götürür ki, amerikalıların ora gəlmə faizi əvvəldən aşağı olub. Avropa isə türk diasporu çox güclüdür. Yəni iqtisadi cəhətdən güclü olan türklər də Türkiyənin də yanında olacaq. Ərdoğan da onları Türkiyəyə cəlb etməyi bacarır. Ona görə də bu sanksiyalar hətta tramp tərəfindən imzalansa belə, böyük problemlər yaratmayacaq, Türkiyə bunun öhdəsindən gələcək”.
Vilayət Muxtar





Həftənin ən çox oxunanları