Yuxarı

ABŞ Rusiyaya qarşı "qala” qurur

ABŞ Rusiyaya  qarşı


Yanvar ayının sonundan etibarən Almaniya son 25 ildə ABŞ qoşunlarının ən çox yerdəyişmə mərkəzinə çevriləcək.

ABŞ digər ölkələrdən olan tərəfdaşları ilə bir diviziyasını Almaniya vasitəsilə Polşa və Baltikyanı ölkələrə köçürülməsini həyata keçirəcək. Yaz aylarında keçiriləcəyi gözlənilən "Avropanın müdafiəçisi 2020” (Defender Europe 2020) adlanan təlimlərdə iştirak etmək üçün 20 min nəfər ABŞ əsgərinin zirehli texnika ilə birlikdə Almaniyaya göndəriləcək. ABŞ-ın Avropada yerləşən və müttəfiq ölkələrin silahlı qüvvələri ilə birlikdə təlimlərdə 37 min hərbçi iştrak edəcək.

Bundesver logistika proseslərinə cavabdehdir və Baltikyanı ölkələr də daxil olmaqla məşqlərdə köməkçi rol oynayacaq. Xarici qüvvələrə dəstək vermək üçün məsul olan Almaniya Birgə Təchizat Qüvvələrinin müfəttişi general-leytenant Martin Şellays və ABŞ-ın Avropadakı silahlı qüvvələrinin komandan müavini Endryu M.Rolinq təhlükə yarandıqda ona cavab verə bilən böyük hərbi kontingentlərin uzaq məsafəyə köçürülməsi üzərində işlədiklərini bildirib. "Biz 25 ildir bunu etmirdik”-general-mayor Rolinq belə deyib.

80-ci illərin sonu-90-cı illərin əvvəlində 125 min hərbçinin iştirak etdiyi bu cür yerdəyişmələr Amerikadan müntəzəm həyata keçirilirdi. 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra ABŞ-ın və NATO-nun böyük hərbi kontingentlərinin Şərqi Avropaya daşınması prosesi müşahidə olunur. Həmin qüvvələr ABŞ-dan və Almaniyadan gətirilir. Şərqi Avropanın təhlükəsizliyinə Rusiya tərəfindən yaranan təhdid ABŞ-ı NATO-nun şərq sərhədlərində döyüş hazırlığını və əlavə hərbi hissələrin sayını artırmağa vadar etdi. NATO-nun 2016-cı ildə Varşavada keçirilmiş sammitindən sonra Estoniya, Latviya, Litva və Polşaya dörd çoxmillətli batalyon yerləşdirilib. 2019-cu il sentyabrın 23-də ABŞ Prezidenti Donald Tramp polşalı həmkarı Aleksandr Duda ilə hərbi əməkdaşlığın möhkəmləndirilməsinə dair saziş imzalayıb. Həmin sənəd ABŞ-ın Polşadakı hərbçilərinin sayını 1000 nəfər artıraraq 550-ə çatdırmağı nəzərdə tutur. Oktyabr ayında isə ABŞ-ın Polşadakı silahlı qüvvələrinin sayının on dəfə artırılmasına dair iki ölkə arasında razılaşma əldə olunub. ABŞ bu il 20 min nəfərlik silahlı qüvvəni Polşaya və Baltikyanı ölkələrə göndərəcək. Xatırladaq ki, ötən il ABŞ Polşaya həm də 10 milyard dollar dəyərində "Patriot” raketdən müdafiə sistemləri satmaq qərarına gəlib. 2020-ci il yanvar ayının sonuna qədər Polşa ABŞ-dan F-35 qırıcılarının alınmasına dair saziş imzalayacaq. Polşanın müdafiə naziri Mariuş Blaşakın açıqlamana görə, ABŞ Dövlət Departamenti 32 ədəd F-35 qırıcı təyyarəsinin satılması barədə sənədi bu yaxınlarda təsdiq edib. Yeni nəsil döyüş təyyarələrinin alınması üçün Polşa ABŞ-a 6,5 milyard dollar vəsait ödəməlidir.

Xatırladaq ki, Polşanın müdafiə naziri "F-35”-lərlə bağlı iki ölkə arasında aparılan danışıqların 2020-ci ilin yanvar ayında yekunlaşcağını bildirmişdi.

Son dövrlər Polşanın sürətlə silahlanması və ABŞ-la hərbi əməkdaşlığın güclənməsi Rusiyanı ciddi narahat edir. Prezident Vladimir Putinin bu yaxınlarda Polşanın Rusiyadakı səfirini yəhudi soyqırımı hadisələrini bəhanə edərək qəzəblə "donuz” adlandırması da əslində, Varşava ilə Moskva arasında artmaqda olan gərginliyin əsəsbləri tarıma çəkdiyini göstərir. ABŞ-a məxsus tank qoşunları briqadasının və raketdən müdafiə sisteminin Kalininqrad vilayəti yaxınlığında yerləşməsi Belarusun geosiyasi əhəmiyyətini artırmağa başlayıb. Ona görə də Rusiya Belarusda hərbi baza yerləşdirmək təklifini tez-tez gündəmə gətirir. İki ölkə arasında ittifaq dövlətinin yaradılmasına dair 1999-cu ildə imzalanmış sazişin həyata keçirilməsinə dair danışıqların son vaxtlar intensivləşdirilməsi də Rusiyanın Polşa sərhəddinə birbaşa çıxış imkanlarının genişləndirilməsinə hesablanıb. Lakin Belarus prezidenti Aleksandr Lukaşenkonun bu günlərdə növbəti dəfə Rusiyanın hərbi baza yerləşdirmək təklifindən imtina etməsi Kreml üçün əlavə problem yaradır. Rusiya may ayında ABŞ-ın müttəfiq ölkələrlə birgə hərbi təlimləri başlayana qədər Polşa və Baltikyanı istiqamətində mövqelərini gücləndirməyə çalışır. Belarusun Rusiyadan neft idxalını minimuma endirmək və alternativ mənbələr axtarmaq qərarı isə tərəflər arasında münasibətlərin tezliklə Moskvanın maraqlarına uyğun şəkildə düzələcəyinə şübhə yaradır.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları