Mərkəzi Seçki
Komissiyasının katibi Mikayıl Rəhimov Cebhe.info-ya deyib ki, sosial şəbəkələrdə təşviqat kampaniyasını
aparan namizədlər bir sıra qaydalara əməl etməlidirlər: "Sosial şəbəkələrlə bağlı qanunvericiliyin bir tələbi yoxdur. Amma biz sosial şəbəkələri kütləvi informasiya vasitəsinin
tərkib hissəsi kimi qəbul ediriksə və orada təşviqat kampaniyasını aparırıqsa,
Seçki Məcəlləsinin Kütləvi İnformasiya Vasitələri ilə təşviqat kampaniyası aparılması ilə bağlı hissəsinə əməl olunması vacibdir. Seçki Məcəlləsində mətbuat haqqında konkret müddəalar var ki, bunlar tənzimlənib”.
Həmsöhbətimiz sosial şəbəkələrdə təşviqat kampaniyası aparan namizədlərin
əməl etməli olduğu məqamları sadalayıb: "Seçki
kampaniyalarını təbliğat-təşviqat kampaniyası dövründə aparsalar yaxşıdır. Bu kampaniyaların təbliğat-təşviqat kampaniyası dövründən daha əvvəl başladılması Azərbaycan vətəndaşının
nəzərində qanun pozuntusu kimi qiymətləndirilə bilər. Əgər təşviqat prosesi
dövründə, yəni yanvarın 17-dən fevralın 8-nə kimi olan müddətdə namizəd bu proseslərə qoşulubsa və sosial şəbəkələrdə
təbliğat kampaniyası
aparıbsa, yenə də Seçki Məcəlləsinin müəyyən etdiyi qaydalar çərçivəsində
aparmalıdır. Yəni milli, etik, əxlaqi normalara riayət etməlidir. Namizədin haqqında onların şəxsiyyətini alçaldan və ya yalan informasiyalar yaymamalıdır və s. Əgər bunları edirsə, bizim seçicilərimiz
tərəfindən Azərbaycan qanunlarına hörmətsizlik kimi dəyərləndirilə
bilər. Sosial şəbəkə elə bir virtual aləmdir ki, onu izləmək və qiymətləndirmək
də kifayət qədər çətindir. Seçki Məcəlləsində bu gün onu izləməyin qaydaları müəyyənləşdirilməyib. Tutaq ki, "Facebook”da biri nəsə şərh yazır və ya şəkil paylaşır və bir neçə saatdan sonra paylaşımını silir. Onların
hamısını izləmək çox mürəkkəb məsələdir. O baxımdan, bizim namizədlərimiz diqqətli olmalıdırlar. Namizədlərimiz qanunlar çərçivəsində kampaniya aparmağa borcludurlar”.
MSK katibi sosial şəbəkə sahəsində müəyyən tənzimləmələrə ehtiyacın olduğunu da deyib: "Bu sahədə müəyyən tənzimləmələrə ehtiyac var. Əgər bu ictimailəşərsə və Azərbaycan ictimaiyyəti belə bir tənzimlənməyə ehtiyac olduğunu parlament səviyyəsinə qaldıra bilərsə, yəqin ki, parlament müvafiq qanunvericilikdə müəyyən dəyişiklik edə bilər. Amma bunun nə zaman mümkün olacağını proqnozlaşdırmaq çətindir”.
Parlamentdə qadınların sayı artacaq? - Deputat olmaq istəyənlər arasında faiz fərqi
Fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin
79 faizini kişilər, 21 faizini isə qadınlar təşkil edir. Bu barədə
məlumatı Cebhe.info-ya Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov verib. MSK rəsmisinin sözlərinə görə, qeyd olunan rəqəm hər gün dəyişə
bilir: "Bu, elə bir prosesdir ki, kimsə kiminsə xeyrinə namizədliyini geri
götürür. Kimsə perspektiv görməyib, geri çəkilir. Yəni bu, hələ bir neçə gün ərzində
də dəyişə bilən rəqəmdir. Ona görə də konkretləşdirmək çətindir. Hesab edirəm
ki, 2015-ci illə müqayisə etsək, budəfəki seçkilərdə qadın iddiaçı namizədlərimizin sayı daha çoxdur”. Qeyd edək
ki, fevralın 9-na təyin edilmiş növbədənkənar seçkilərdə iştirak etmək üçün 1447 nəfər
deputatlığa namizəd kimi qeydə alınıb.
Yarışdan geri çəkilən
namizədlər: Onlar MSK-nın da marağında deyil
Növbədənkənar parlament seçkilərinə iki həftəyə yaxın vaxt qalıb. Seçkiqabağı bəzi namizədlər prosesə qatılmaqdan imtina edir. Seçki prosesinin sonuna doğru
yaxınlaşdıqca, bəzi namizədlər geri çəkildiklərini
elan edir. Bunun real səbəbləri açıqlanmasa da, məsələ bir çox aspektdən izah edilir. Namizəd rəqiblərinə baxır, güclü və zəif olduğunu ölçüb-biçir, müqayisə aparır və qalib gəlmək perspektivini dəyərləndirir. Bütün bunları süzgəcdən keçirdikdən sonra şansının olmadığını anlayıb geriyə çəkilmək qərarı verir. Hətta gəldiyi prosesə qədər boş yerə pul xərclədiyini və vaxt itkisini də
gözə alır. Məlumat üçün qeyd edək ki, parlament seçkilərində iştirak etməyəcək V çağırış Milli Məclis deputatlarının sayı 31-ə çatıb. Namizədliklərini geri götürən deputatlardan 18-i Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 11-i
bitərəf, 2-i isə partiya sədridir. Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov Cebhe.info-ya açıqlamasında prosesdən imtinanın real səbəblərindən danışıb: "Real səbəbləri müəyyənləşdirə bilmərik. Bu, seçki prosesidir. Qiymətləndirə
bilmərik ki, kim nədən namizədliyini irəli sürüb, kim nə səbəbdən namizədliyini
geri götürüb. Siz mənə sual verə bilərsiz ki, bu 1500 nəfər niyə namizədliyini
irəli sürüb? Adamlar hesab edir ki, iştirak etmək hüquqları var və bu hüquqları gerçəkləşdirə bilər. Bir namizəd bura qədər gəlir və hansısa səbəbdən geri çəkilir. Digəri daha perspektivli namizədin lehinə namizədliyini
geri götürür. Bu, elə bir prosesdir ki, onu tənzimləmək və birmənalı söz demək mümkün deyil. Həm də bunu öyrənmək bizim marağımızda deyil”.
Meqafonla təbliğat aparmaq olarmı?
Bir neçə gündür ki, fevralın 9-u keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası davam edir. Namizədlər namizəd olduqları dairədə, sosial şəbəkələrdə təbliğat şansından maksimum istifadə edirlər. Onların sırasında məhəllələrdə səsgücləndiricilərlə görüş keçirənlər də, maşınlarla
platformasını seçicilərinə çatdırmağa çalışanlar da var. Bu metodlardan istifadə edərək təbliğat aparmaq Seçki Məcəlləsinə uyğundur və namizədlər bu hərəkətlərlə Məcəllənin
tələblərini pozmurlar. Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov Cebhe.info-ya açıqlamasında bildirib ki, namizədlər Dairə Seçki Komissiyasını məlumatlandırmaqla görüşlərin keçirilməsində sərbəstdirlər.
Amma bunu kütləvi tədbir kimi yox, ayrı-ayrı seçki qrupları ilə keçirə bilərlər: "Namizədlərin seçicilərlə görüşmək hüququ vardır. Ümumi dairə üzrə kütləvi tədbirlərin keçirilməsi üçün həm açıq havada, həm də qapalı məkanda görüş yerləri nəzərdə tutulub. Bunlardan
istifadə etsələr, daha effektiv olar. Səsgücləndiricilərə gəldikdə isə istifadə
etməmələri gərəkdir. Başqalarının hüquqlarını pozan hərəkətlərə imkan verməməlidirlər.
Mənə elə gəlir ki, qanunvericiliyi pozan namizədlər yaxşı dəstəyə ümid edə bilməzlər.
Vətəndaşların onların hüquqlarını pozan hərəkətləri törədən namizədlərə dəstək
olması heç real deyil.
Narahat olacaqları halda, bu, nəticədə öz əksini
tapacaq. Hesab edirəm ki, əksər namizədlərimiz bu vasitələrdən istifadə etməməklə
təşviqatlarını aparırlar. Digər vasitələr onların seçkilərdə qeyri-adekvat reaksiyalarına səbəb ola bilər, nəticədə
hərəkətləri seçkidə arzuolunmaz qiymətləndirilər. Lakin səsgücləndirici ilə bağlı xüsusi bir qadağa
yoxdur, ona görə də bunu vətəndaşlar qiymətləndirə
bilər”.
Alçina Amilqızı
Səyad Həsənli
Əli Bədir