Yuxarı

Tramp geri addım atdı: Səbəb yenə özüdür

Tramp geri addım atdı: Səbəb yenə özüdür

Tramp geri addım atdı: Səbəb yenə özüdür

Ağ Ev Administrasiyası Ukrayna məsələsinə görə, digər qurumlarla mübahisə etməmək qərarına gəlib.

Söhbət Ukrayana hərbi yardımın həcmindən gedir. Kiyevə ayrılan vəsait iki kanal: Pentaqon və Dövlət Departamenti vasitəsilə göndəriləcək. Son 2 ildə Tramp Administrasiyası hər il hərbi yardımı 20 milyon dollar azaltmağı təklif edirdi. Bunu isə pulun ABŞ-ın özünə də lazım olmasıyla əlaqələndirirdi. Konqres isə Ağ Evlə razılaşmır və vəsaiti 115 milyon dollar civarında təsdiqləyirdi.

Bu sxem 2021-ci il büdcəsi üçün də nəzərdə tutulurdu. İdarədən verilən məlumata görə, vəsaitin azaldılması məsələsi gündəmdə deyil. Əksinə vəsait artırıla bilər. Tramp Administrasiyası bu kəskin mövqe dəyişikliyini hələlik heç nə ilə əlaqləndirməyib. Ekspertlər hesab edirlər ki, Ağ Evin rəyini dəyişməsinə səbəb Trampın impiçmenti ətrafında müzakirələrdir.

"Cümhuriyət”ə açıqlamasında politoloq Natiq Miri Tramp Administrasiyası bu kəskin mövqe dəyişikliyinin bir neçə məsələ ilə bağlı olduğunu deyib:

"Trampın bu mövqe dəyişikliyinin birinci səbəbi Konqreslə qarşıdurmaya getmək istəməməsi ilə bağlıdır. Çünki seçki ilidir. Bu gün Tramp Administrasiyası ilə Konqres arasında çox ciddi qarşıdurma var. Tramp yalnız Ukraynaya yardımla bağlı deyil, digər məsələlərdə də Konqresə güzəştə getməyə çalışır. Hazırda İrana qarşı hərbi əməliyyatların keçirilməsi ilə bağlı maliyyənin ayrılması məsələsinə də Konqres məhdudiyyət qoyub və bu barədə konkret qərar çıxardıb. Bu istiqamətdə bir neçə strateji qərarlar var ki, Konqres Tramp üçün məhdudiyyət yaradacaq qərarlar verib. Yəni Trampın səlahiyyətləri məhdudlaşdırıb. Digər tərəfdən də Trampın impiçment məsələsi gündəmdədir. Senatda bu məsələ ilə bağlı hazırda məhkəmə prosesi gedir. Ona görə də belə bir həssas məqamda və xüsusi ilə seçki ilində Tramp Konqreslə lazım olandan artıq qarşıdurmaya getmək istəmir. Ona görə də bəzi məsələlərə göz yummaq məcburiyyətində qalır. Çünki hazırda Tramp üçün əsas hədəf 2020-ci ildə yenidən prezident seçilməkdir. Əgər prezident seçilərsə, Tramp Administrasiyası Ukraynaya ayrılan hərbi yardımın azaldılması məsələsini yenidən gündəmə gətirə bilər. Çünki bu Tramp siyasətinin tərkib hissəsi sayılır. Yəni əvvəldən Tramp bu istiqamətdə siyasət aparıb. Düşünürəm ki, hazırda Trampın bu məsələyə nisbətən loyal yanaşması mövcud vəziyyəti nəzərə alaraq Konqreslə ciddi qarşıdurmaya getməmək istəyindən irəli gəlir”.

Politoloq məsələnin digər səbəblərini də sadalayıb:

"Seçki ilində Ukrayna məsələsinin qabardılması Trampa sərf etmir. Çünki İmpiçment müzakirələrinə səbəb Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığından kəşfiyyatın şikayət verməsiylə bağlı xəbərlərin yayılması olub. Tramp yeni bir Ukrayna məsələsinin ortaya çıxmasını istəmir. Çünki bu Tramp Administrasiyasının əleyhinə işləyə biləcək siyasi amil ola bilər. Digər tərəfdən Konqreslə münasibətləri korlamaq Trampa prezident seçkilərində ictimaiyyətin dəstəyini azalda bilər. O baxımdan Tramp bu məsələyə nisbətən loyal yanaşır. Ancaq düşünürəm ki, gələcək perspektivdə belə davam etməyəcək”.

Əli Bədir





Həftənin ən çox oxunanları