Yuxarı

Rəfail Becanov: "Siyasətlə məşğul olanlar siyasi əxlaq nümunəsi göstərməyə borcludur”

Rəfail Becanov:

Rəfail Becanov:


"Əli Kərimliyə lazım olacaqsa, o, nəinki Hacıbəylini, bütün Milli Şuranı birdən qurban verəcək”

Artıq neçənci dəfədir ki, sosial şəbəkələrdə Milli Şura adlı qurumun videokonfrans formatında toplantılarındakı müzakirələrin videoları paylaşılır. Özünü hakimiyyətə real alternativ sayan bir siyasi təsisatda aparılan müzakirələr, seçilən ritorika doğrudan da adamda təəssüf hissi yaradır. Sanki kimlərsə bu təsisatı nüfuzdan salmaq, Milli Şura barədə qeyri-ciddi bir təşkilat imici yaratmaq missiyasını icra edir. Müxalifətçi olmaq normaldır. Hətta hakimiyyəti bu platformadan tənqid etməyi də zəruri saymaq olar.

Milli Şurada bunu niyə diletantcasına edirlər? Xüsusilə də həmin qurumda təmsil olunan Gültəkin Hacıbəyli adlı xanım siyasətçinin "performansları" qurumu sırf hörmətdən salır. Məgər həmin qurumdakılar başa düşmürlər ki, hətta müxalif qüvvənin belə əsas elektoratı sadə xalq sayılır? O halda niyə Gülətəkin Hacıbəylinin ifasında xalqın aşağılanmasına, onun "rəzil günə” düşməsinə sevinərək siyasət qurmağın məqbul variant kimi qəbul olunmasına yaşıl işıq yandırırlar?

Axı bir dəfə Gültəkin Hacıbəyli Azərbaycan neftinin qiymətinin düşməsinə sevinməsi ilə Milli Şuranın ünvanına xeyli tənqidlər gətirmişdi. Bundan sonra ona əsl yerini göstərmək lazım deyildimi? Gəlin, Gültəkin Hacıbəylinin ifasında çalınan "son mahnının akkordlarına” diqqət edək

Xanım siyasətçinin çıxışından sitat: "Karantinə görə insanların narahatlığı artır, pulu, yeməyi azalır, dolanışığı çətinləşir, bu da, açığı, birmənalı olaraq bizə sərf edir. Evində oturan insanların etirazı artır, işləməyən, pulu azalan adamların etirazı artır, kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir və s., buna sevinmək lazımdı. Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, bizim də əlimizə imkan versin ki, bunların yaxasına çökək, hay-küy salaq ki, pul paylayın, əl çəkməyək və beləliklə də təbliğatımızı davam etdirək. Ona görə də heç narahat olmayın, karantinin uzanması birmənalı olaraq bizim xeyrimizədir”.

Çox maraqlıdır ki, Milli Şuranın yaradıcılarından olan ssenarist Eldəniz Quliyev elə bu formatda keçirilən videokonfranslardan birində cinsi azlıqların ünvanına səsləndirdiyi tənqidi fikrə görə qurumdan istefa verməyə məcbur edildi. Eyni pressinq xalqı və dövləti dəfələrlə aşağılayan Gültəkin Hacıbəyliyə qarşı niyə edilmir?

"Cümhuriyət" qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri Rəfail Becanov "Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, müxalif qüvvənin hakimiyyəti tənqid etməsinə normal yanaşmaq olar, ancaq dövlətin və millətin aşağılaması qəbuledilməzdir:"Söhbət xalqın taleyinə olan biganəlikdən gedir. Pandemiyadan insanlar əziyyət çəkirsə, bu, artıq insanların taleyinə bağlı olan məsələdir. Neftin qiyməti aşağı düşürsə, bunun ən böyük zərbəsi xalqa dəyir. Hansı siyasi düşüncənin daşıyıcısı olmağına baxmayaraq, belə məsələlərə sevinmək, şadyanalıq edib bayram səviyyəsinə qaldırmaq siyasi kasıblığın əlamətidir. Biz siyasəti əxlaqa gətirməliyik, əxlaqımızı siyasətə qurban verməməliyik. Siyasətlə məşğul olan adamlar siyasi əxlaq nümunəsi göstərməyə borcludur. Xalqın taleyinə bu qədər ironiya ilə yanaşma qəbuledilməzdir. Təəssüf ki, biz bunu Milli Şuranın fəaliyyətində görürük. Etiraf edək ki, Gültəkin Hacıbəylinin Milli Şuraya vurduğu ziyan rəqiblərindən daha çoxdur”.

Ekspertin sözlərinə görə, Gültəkin Hacıbəyli ilə bağlı Milli Şuranın bir qədər ehtiyatlı davranmasının səbəbləri var:"Artıq həmin qurumda seyrəlmə gedib. Təmsil olunan adamları saymaq üçün iki əlin barmaqları belə kifayət edir. Buna görə Gültəkin Hacıbəylinin üstünə getmirlər. Bilirlər ki, bir az sıxan kimi istefa verəcək. Digər tərəfdən, onun üzərində Əli Kərimlinin dəstəyi var. Əli Kərimliyə onu büt sayıb müdafiə edən adamlar sərf edir. Sabah Əli Kərimliyə lazım olacaqsa, o, nəinki Hacıbəylini, bütün Milli Şuranı birdən qurban verəcək. Belə "şuluqluqları” başqa bir müstəqil fikirli adam Milli Şurada etsəydi, onu da Eldəniz Quliyevin taleyi gözləyərdi. Görünür, Gültəkin Hacıbəyli qurumda xüsusi bir status əldə edib”.





Həftənin ən çox oxunanları